…Qapının kənarında mərasim geyimində qarabuğdayı, orta boylu gənc leytenantla üz-üzə gəldim. Zabitin nəzakətli davranışı diqqətimi cəlb etdi. Yanımdakı yüksəkrütbəli zabitə yol vermək üçün bir qədər kənara çəkilib sağ əlini baş geyiminə yaxınlaşdırdı. Hərbi salam verib yüksək rütbəli zabitin ötüb keçməsini gözlədi. Zabit Eldəniz İsmayılov onun gözlədiyi kimi ötüb keçmədi. Dayanıb leytenant Hümbət Qasımovu bizə təqdim etdi. "Bu il Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsini fərqlənmə ilə bitirən zabitdir", - dedi.
"Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsil sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu" imzalanıb.
Həmin protokola əsasən, ölkələr arasında qarşılıqlı olaraq hər il bakalavr səviyyəsində HDQ ixtisası üzrə fərqlənmiş müdavimə mükafat verilir. Leytenant Hümbət Qasımovun qərargahda olması təsadüfi deyildi. Onu Hərbi Dəniz Qüvvələrinin komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov dəvət etmişdi. Sonra isə İtaliya Respublikasının ölkəmizdə fəaliyyət göstərən hərbi attaşesi 1-ci dərəcəli kapitan Gianfranco Vizzini İtaliya Respublikasının Müdafiə Nazirliyinin fəxri diplomunu və "Tələbələrin şərəf qılıncı"nı leytenant Hümbət Qasımova təqdim etdi. Gənc zabitin çöhrəsində ciddilik olsa da, qəlbində mükafatın sevincini yaşadığı hiss olunurdu.
Leytenant Hümbət Vaqif oğlu Qasımov Ağcabədi şəhərində anadan olub. Hələ kiçik yaşlarından hərbçi, zabit olmaq istəyib. Bu istəyini sonradan valideynlərinə bildirib və onlar da onun bu arzusuna dəstək olublar. Hümbət 8-ci sinfi bitirəndən sonra sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edib və qəbul olunub. Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini "Elektrik və elektronika mühəndisliyi" ixtisası üzrə fərqlənmə ilə bitirib. Hazırda Dəniz Təlim və Tədris Mərkəzində dinləyicidir. O, bir neçə aydan sonra döyüş gəmisində gənc zabit kimi xidmətini davam etdirəcək.
Leytenant Hümbət Qasımov layiq görüldüyü mükafatın sevincini bizimlə bölüşdü: "Heydər Əliyev adına Hərbi İnstitutunda təhsil aldığım illər ərzində həm nəzəri, həm də praktiki biliklərə dərindən yiyələndim. Bu illər ərzində çalışmağım hədər getmədi, nəticəsi müsbət oldu. Əziyyətim hədər getmədi, buraxılış imtahanlarını uğurla verdim və fərqlənmə ilə institutu bitirdim. Bundan sonra da xidmətimi şərəflə davam etdirəcəyəm".
Gənc zabiti layiq görüldüyü mükafata görə təbrik edir, ona gələcək xidmətində uğurlar arzulayırıq.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"