AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canından keçən igid oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaqlar. Onların qəhrəmanlığı xalqımızın yaddaşına, tariximizin qürur səhifələrinə qızıl hərflərlə yazılıb.
Həmin igidlərdən biri də Vətən müharibəsi şəhidi gizir Bağır Əsəd oğlu Ələkbərovdur. Şəhid Bağır Ələkbərovun şəhadətə ucalmasının 5-ci ildönümü münasibətilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yerləşən məzarı yanında anım mərasimi keçirildi.
Tədbirdə Naxçıvan şəhəri və Culfa rayon İcra hakimiyyətlərinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin əməkdaşları, Ali Məclisin deputatları, şəhid ailələri, döyüşlərdə yaralananlar, “N” hərbi hissəsinin əsgər və zabit heyəti, Daxili İşlər Nazirliyi və Naxçıvan Şəhər Polis İdarəsinin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdilər, gül dəstələri düzdülər.
Çıxış edənlər Vətənə mərd və vətənpərvər bir övlad bəxş edən valideynlərə dərin hörmət və minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, şəhidlərimizin igidliyi gənclər üçün örnək, xalqımız üçün isə fəxr mənbəyidir.
Gizir Bağır Ələkbərov Azərbaycan Silahlı Qüvvələrinin "N" hərbi hissəsində xidmət edib. Peşəkarlığı və fədakarlığı ilə seçilən Bağır bir neçə dəfə xarici dövlətlərdə keçirilən hərbi təlimlərdə iştirak edib.
2018-ci ilin mayında Naxçıvan ərazisində baş tutan və tarixə "Günnüt əməliyyatı" kimi düşən hərbi əməliyyatlarda iştirak edən Bağır Ələkbərov strateji əhəmiyyətli Günnüt kəndinin, "Ağbulaq" yüksəkliyinin, Qızılqaya və Qaraqaya dağlarının azad edilməsində xüsusi igidlik göstərib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Bağır Ələkbərov Füzuli və Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə vuruşub. O, 15 yaşayış məntəqəsinin azad edilməsində iştirak edib və oktyabrın 15-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə gizir Bağır Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə","Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi