AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən 5 il keçir. Döyüşlər də unudulmur, döyüşənlər də, şəhidlər də. Hər birimiz şəhidlərimizi ruhumuzun bayrağı bilirik. Bu müharibə xalqın müharibəsi idi, bu Zəfər bəşəri Zəfər oldu. Bu Zəfər dünyanın pozulmuş nizamına düzən gətirən Zəfər oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qüruru belə ifadə etdi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində, düşmənin bir neçə istehkamı qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm nümayiş etdirdik və düşməni torpaqlarımızdan qovduq". Bu Zəfər şəhidlikdən keçdi, Zəfər döyüşlərində şəhidlərin ruhu da döyüşənlərin sırasında idi. Onların xatirəsi həm tarixdə, həm də xalqımızın yaddaşında əbədiyyən yaşayacaqdır.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində gizir Sübhan Abdurahmanlının anım günü keçirildi. Tədbirdə böyük tarixi şəxsiyyət Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.
Mərkəzin zabiti Günel Dadaşova tədbiri açaraq respublikamızda şəhidliyə və şəhidlərə böyük ehtiram göstərildiyini, şəhidliyin müharibələr tarixi ilə vəhdətdə yaşadıldığını, şəhidlərin döyüş yolunun yeniyetmələrin və gənclərin yüksək vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli olduğunu diqqətə çatdırdı: "İkinci Qarabağ müharibəsi mahiyyəti baxımından Vətən müharibəsi idi. Ordumuz mühüm qələbələr qazana-qazana Zəfərə yaxınlaşırdı. Şuşa noyabrın 8-də işğaldan azad edildi, noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı, Azərbaycan Ordusu qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətlərindən birində dedi ki, biz bu qələbəyə görə şəhidlərimizə borcluyuq. Bu gün şəhid gizir Sübhan Abdurahmanlının xatirəsi də belə bir ehtiramla anılır. Sübhan Bakıdakı 165 saylı orta məktəbi bitirib. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. "Gizir hazırlığı kursu"nu bitirərək xidmətini davam etdirib. Oktyabrın 2-də döyüş əməliyyatını yerinə yetirərkən snayper gülləsi ilə şəhid oldu..."
Bildirildi ki, şəhid gizir Sübhan Abdurahmanlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif olunub.
Tədbirdə gizir Sübhan Abdurahmanlının ömür və döyüş yoluna həsr olunmuş videoçarx təqdim edildi. Bu, şəhidə ehtiramın sənət vasitəsilə ifadəsi və təqdimi kimi tarixləşdi, tədbir iştirakçıları bir ömür haqqında bəzi məqamları həm də görməklə yaddaşlarına yazdılar...
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Sairə Rəsulova şəhid ailələri ilə aparılan işin dövlət siyasətinin tərkib hissəsi olduğunu, bu fəaliyyətin mahiyyətinin dövlətçiliklə bağlılığını, belə tədbirlərin tarixi ehtiram olduğunu xatırlatdı, təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərin bilavasitə vətənpərvərlik ruhunun daha geniş şəkildə formalaşması prosesində iştirak etməklə vəzifə borcunu yerinə yetirmək olduğunu bildirdi. "Şəhidlərə ehtiram hər birimizin mənəvi borcudur", - dedi...
Şəhidin atası Mahir Abdurahmanov çıxışında oğlu Sübhandan deyil, Sübhanın şəhid döyüşçü qardaşlarından da danışmağı özünə borc bildiyini dedi. Şəhid atasının dediyi bir fikir toplaşanları duyğulandırdı: "Müharibəyə kimi elə bilirdim Sübhan adi oğullardan biridir, şəhidliyi ilə təsdiqlədi ki, adi oğul deyilmiş...".
Şəhidin anası Mehriban Abdurahmanova bütün şəhidlərin özünün doğması olduğunu dedi, fikrinin təsdiqi kimi tədbirə gələnlərin əksəriyyətinin şəhid anası olduğunu diqqətə çatdırdı, şəhidlərin tarixdə də, yaddaşlarda da bu səmimiyyətlə, belə sevgilərlə yaşadıldığını analar üçün oğul itkisinə təsəlli olduğunu dedi, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Xətai rayonu Ağsaqqallar Şurasının sədri Rüfət Əsgərov çıxışında bildirdi ki, oğlu Mürvət Əsgərov "mayor" hərbi rütbəsində xidmət edirdi, indiki Heydər Əliyev adına Hərbi İnstitutun müəllimi idi. O da İkinci Qarabağ müharibəsində iştirak etdi, şəhid oldu. Mən bu tədbirdə - şəhid oğlumun şəhid qardaşının anım tədbirində iştirak etməyi özümə mənəvi borc bilirəm, sanki xəyalən oğluma da, Sübhana da, digər şəhidlərə də deyirəm ki, siz heç zaman unudulmayacaqsınız.
Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahvələd Əsgərov şəhidlərə dövlət qayğısından söz açaraq bildirdi ki, bu siyasət Xətai rayonunda da böyük məsuliyyətlə həyata keçirilir. Şəhid ailələrinin qayğılarının, problemlərinin həlli bizim bilavasitə icra etməli olduğumuz vəzifələr sırasındadır. İcra hakimiyyətinin müvafiq qurumları problemlərin mövcudluğunu həm öyrənir, həm də onların aradan qaldırılmasını təmin edirlər. Şəhidlərin anım tədbirlərinin keçirilməsini cəmiyyətin dövlətçiliyə sədaqəti adlandırardım...
Arzu Hüseynov idman məşqçisidir. Onun çıxışından sonra məlum oldu ki, Sübhan Abdurahmanlı da yeniyetməliyində cüdo ilə məşğul olub, müəyyən uğurlar qazanıb. İstedadlı idmançı idi, Vətənin qurtuluş əsgəri oldu...
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa etdilər...
Tədbir təsdiqlədi ki, tarixi Zəfər də, tarixi Zəfərin döyüşlərində şəhid olanlar da heç zaman unudulmayacaqlar...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"