Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2025 13:47

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirildi

İkinci Fəxri xiyabanda Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Vaqif oğlu Qasımovun anım mərasiminə həsr olunan tədbir keçirildi. Anım mərasimində müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Namiq İslamzadə, şəhidin ailə üzvləri, döyüşçü yoldaşları, 216 nömrəli tam orta məktəbin müəllim-şagird heyəti və digər qonaqlar iştirak etdilər.
Şəhidin məzarı önünə Hərbi Hava Qüvvələri Komandanlığı adından əklil qoyuldu, tər güllər düzüldü. General-leytenant Namiq İslamzadə şəhid Ramiz Qasımovun hərbi xidməti və keçdiyi döyüş yolundan danışdı. Zabit qeyd etdi ki, şəhid polkovnik-leytenant Ramiz Qasımov Hərbi Hava Qüvvələrinin ən bacarıqlı uçuş heyəti komandirlərindən biri olub. O, 2016-cı ilin Aprel döyüşlərində idarə etdiyi helikopterlə düşmənə ağır zərbələr endirib.
2020-ci ilin yayında Tovuz döyüşləri zamanı və həmin ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsinin ilk günü Tərtər istiqamətində döyüş uçuşunu uğurla həyata keçirib.
Bir sıra düşmən hədəflərini sıradan çıxararaq düşmənin döyüş qabiliyyətini zəiflədib. Qəhrəman pilot həmin döyüşdə yaralanıb və sonradan şəhid olduğu xəbəri Hərbi Hava Qüvvələrinin şəxsi heyətini və döyüşçü yoldaşlarını dərindən sarsıdıb.
Qəhrəman pilotun məzarı üzərində çıxış edənlər onun necə bacarıqlı, qorxubilməz, öz işini mükəmməl bilən zabit olduğunu bildirdilər. Ramiz Qasımov helikopterə daxil olan silahlanmanı çox yaxşı bilirdi. Həmin silahların hansı məsafədən, hansı hədəfləri necə sıradan çıxarmaq lazım olduğunu döyüş tapşırıqları zamanı bir neçə dəfə yerinə yetirib.
Polkovnik-leytenant Dəyanət Şirinov şəhid Ramiz Qasımovu tanıdığını və onunla birgə xidmət etdiyini bildirdi. Ramiz Qasımov sonuncu dəfə müharibənin ilk günündə Tərtər istiqamətində Suqovuşan yaşayış məntəqəsində yerləşən düşmənin vacib hədəflərinə atəş zərbələri endirib. O, helikopterlə düşmən tərəfə keçib, döyüş tapşırığını uğurla yerinə yetirib, qayıdarkən cəbhə xəttində onun helikopteri hədəfə gəlib. Ramiz vurulan helikopteri təhlükəsiz əraziyə yönləndirib və içindəki uçuş heyətini salamat şəkildə yerə endirib, özü isə ağır yaralanıb.
Anım tədbirində silahdaşları arasında Ramiz Qasımovun kursant yoldaşları da vardı. Mübariz Nağıyev, Orxan Hüseynov və Samir Məmmədov şəhidlə bağlı bunları dedilər: "Ramizi ali hərbi məktəbdə oxuduğumuz vaxtdan tanıyırdıq. Məktəbdə ən yaxşı oxuyan kursantlardan biri olub. Helikopterlə bağlı mükəmməl biliklərə yiyələnmişdi. Xidmət dövründə Ramiz bilik və bacarıqlardan bəhrələnərək tabeliyində olanları da öyrədirdi. Ən yeni silahları belə dərindən mənimsəyib, düzgün istifadə etməyi bacarırdı". 
Orxan Hüseynov dedi ki, Ramizlə çox yaxın olub. “Tərxis olunmağa vaxtı çatırdı, amma Ramiz deyirdi ki, kaş müharibə indi başlayaydı, döyüşə gedərdim. İstəmirəm övladlarımız müharibə görsün. Sanki Ramiz hiss etmişdi, çox keçmədi müharibə başladı və Azərbaycan Ordusu qısa müddətdə 30 ilə yaxın ermənilərin işğal etdiyi əraziləri azad etdi. Zəfər günümüzü görməsə də, inanıram ki, Ramizin və digər şəhidlərin ruhları şaddır. Şəhidlərimizi biz heç vaxt unutmayacağıq”.
Mübariz Qasımov Beyləqandan gəlmişdi. Şəhid Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun kiçik qardaşıdır. Onlar ailədə 4 qardaş olublar. “Ramiz Beyləqan şəhər 4 nömrəli tam orta məktəbdə rus bölməsində oxuyub. Onun uşaqlıqdan arzusu hərbçi pilot olmaq olub. Fizika və riyaziyyat fənlərini digər fənlərlə müqayisədə daha yaxşı bilib. Ramiz 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "Hava hücumundan müdafiə" ixtisasına qəbul olub. Sonra isə Hərbi Hava Qüvvələrində helikopter sahəsi üzrə ixtisaslaşıb. Dəfələrlə döyüş uçuşları həyata keçirib və onun helikopter vasitəsilə düşmənə verdiyi itkilər çox olub. Ramiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vətənin ən yüksək fəxri adına - “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. 
Onun şəhadətə yüksəlməsindən 5 il keçir. Hər il Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin komandanı və zabit yoldaşları qardaşımın məzarını ziyarət edirlər. Qardaşım Ramizin və bütün şəhidlərin xatirəsini əziz tutduqları üçün ziyarətə gələnlərə ailəmiz adından dərin təşəkkürümü bildirirəm”, - deyə Mübariz Qasımov bildirdi. 
Şəhid Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun ruhuna dualar oxundu, ehsan verildi.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"