AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları, döyüş yoldaşları və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Anım mərasiminin aparıcısı, mərkəzin İdeoloji və Hərbi-Kütləvi İş Bölməsinin təlimatçısı kapitan Günel Dadaşova bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik Şükür Həmidov Vətən müharibəsi başladığı ilk gündən ağır döyüşlərin getdiyi bölgələrdə olub. "O, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yüksək hərbi bacarıq, vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunələri göstərərək canından keçib. Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində doğulub. 1982-ci ildə rayonun Başarat kənd orta məktəbinin birinci sinfinə gedib. 1990-cı ildə 8-ci sinfi bitirən Şükür Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) təhsilini davam etdirib. Hərbi məktəbi yüksək nəticələrlə başa vurduqdan sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub". Kapitan G.Dadaşova çıxışına davam edərək Milli Qəhrəmanın şərəfli döyüş və həyat yolundan maraqlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. "Şükür Həmidov BABKM-in motoatıcı ixtisasına yiyələnərək, "kiçik leytenant" rütbəsində “N” hərbi hissəsinə taqım komandiri, sonra isə tabor komandiri təyin olunub. Şərəfli xidmət yolu keçən vətənpərvər zabit 2016-cı ildə Aprel döyüşləri zamanı strateji əhəmiyyətli yüksəkliyin - Lələtəpə yüksəkliyinin azad edilməsində xüsusi şücaət və qəhrəmanlıq göstərib. 4 gün davam edən döyüş Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamı ilə Həmidov Şükür Nəriman oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 10 may 2016-cı ildə Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl "polkovnik" rütbəsi təqdim olunub. İkinci Qarabağ müharibəsi başladığı andan ön xətt bölmələrimizdə irəliləyən peşəkar zabit 23 oktyabr 2020-ci ildə doğma yurdu Qubadlı uğrunda gedən ağır döyüşlərdə fədakarcasına vuruşaraq şəhid olub. Milli Qəhrəman İkinci Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi. İki övladı Vətənə yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Həmidov Şükür Nəriman oğlu ölümündən sonra "Zəfər" ordeni, “Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Vətən uğrunda" medalları ilə təltif olunub. Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik Şükür Həmidovun şanlı döyüş və ömür yolu gələcək nəsillərə örnəkdir".
Anım mərasimi Milli Qəhrəmanın həyat yolundan bəhs edən sənədli filmin nümayişi ilə davam etdi.
Sonra Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək bildirdi ki, qəhrəman həmyerlisi Şükür Həmidovla bütün qubadlılılar fəxr edirlər. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla qürur duyurlar. "Azərbaycan qəhrəmanlar, igidlər diyarıdır. O vətənsevər oğullar hər zaman düşmənə qarşı torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda amansızcasına döyüşüblər, canlarından keçiblər, şəhidlik zirvəsinə ucalıblar, yaralanıblar. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Qubadlının igid, mərd oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən 5 il ötür. Şəhidlərimizin qanı, canı bahasına respublikamızın suverenliyi, ərazi bütövlüyü təmin olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların şərəfli ömrü nəsillərə nümunədir".
Digər çıxış edənlər də qəhrəman Vətən oğlunun döyüşlərdə göstərdiyi igidliklərdən, onunla bağlı xatirələrdən söz açdılar.
Sonra Jurnalistlər Birliyinin üzvü, vətənpərvər şair Nazlı Yazar Azərbaycan Ordusunun şəhid polkovniki Şükür Həmidova ithaf etdiyi “Zəfər andı içdin, bayraq öpərək” adlı şeirini söylədi.
Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov çıxışında onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daima uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Kəmalə Xəlilovanın, Leyla Əliyevanın və Elçin Məmmədovun ifasında Böyük Zəfərə, şəhidlərimizə həsr olunmuş mahnıların səsləndirilməsi ilə sona çatdı.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"