AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şahverdi xan Əbülfət xan oğlu Ziyadxanov 15 oktyabr (bəzi mənbələrdə 3 oktyabr) 1869-cu ildə Gəncə şəhərində anadan olub. Atası Əbülfət xan Gəncənin sonuncu xanı Cavad xanın nəvəsidir. Anası Azərhümayun xanım Bəhmən Mirzə qızı Qovanlı-Qacar Qacar şahzadəsi olub. Azərhümayun xanım Şuşa şəhərində anadan olub. Onu Şahzadə xanım kimi tanıyırdılar. Şahzadə xanım xəttat olub.
Əbülfət xan və Azərhümayun xanımın Şahverdi xandan başqa İsmayıl xan və Adil xan adlı oğulları, Sultan bəyim, Fəxritac bəyim, Şirin bəyim, Xırda bəyim və Qəmərtac bəyim adlı qızları olub.
Şahverdi xan ilk təhsilini Gəncə gimnaziyasında alıb, buranı 1-ci dərəcə ilə bitirib. Sonra Yelizavetqrad Yunker məktəbinə qəbul olub, 2-ci dərəcə ilə bitirib. 1890-cı ilin noyabrında 44-cü Nijeqorod Draqun Alayının 3-cü eskadronunda sıravi ("ryadavoy") olaraq xidmətə başlayıb. 1891-ci il avqustun 12-də Yunkerlər məktəbinə göndərilib. Əvvəlcə aşağı sinfə təyinat alsa da, 14 iyul 1892-ci ildə isə yuxarı sinfə təyin olunub. 1 avqust 1893-cü ildə məktəbi 2-ci dərəcə ilə "yunker" olaraq bitirib, yenidən xidmət etdiyi alaya qayıdıb. 4 sentyabr 1893-cü ildə 5-ci eskadrona təyinat alıb. 15 yanvar 1895-ci ildə "kornet" rütbəsi alıb. 29 aprel 1895-ci ildə mühəndis-istehkamçı, dəmiryol və digər hərbi sahələri öyrənmək üçün Tiflis quberniyasının Tioneti kəndinin yaxınlığında yerləşən Qafqaz İstehkamçı Briqadasına kurs keçmək üçün ezam olunub. Kursu "çox yaxşı" qeydi ilə bitirdikdən sonra 1895-ci il sentyabrın 1-dən oktyabrın 23-nə qədər Qafqaz Ehtiyat Atlı Alayının 2-ci dəstəsinə göndərilib.
1896-cı il avqustun 22-dən oktyabrın 26-na qədər Kuban vilayətinin Armavir kəndində yerləşən Hərbi Atlı Alayına ezamiyyətə göndərilib. 1896-cı il fevralın 5-də alayın 3-cü eskadronuna keçirilib. 1898-ci ilin iyulun 14-dən 24-dək 2-ci eskadrona müvəqqəti komandanlıq edib. 1898-ci il martın 15-də "poruçik" rütbəsi alıb. 1898-ci il avqustun 27-dən oktyabrın 1-dək Bakıda yerləşən Hərbi Atlı Alayda ezamiyyətdə olub. 1899-cu il sentyabrın 18-dən noyabrın 9-na qədər alayın 6-cı eskadronuna müvəqqəti komandanlıq edib.
1902-ci il iyunun 15-dən 23-nə qədər Aleksandropola zabitlərin hərbi-səhra səfərinə ezam olunub. 1903-cü il martın 15-də "ştabs-rotmistr" rütbəsi alıb. Həmin il mayın 29-dan iyunun 1-dək 2-ci eskadrona müvəqqəti komandanlıq edib.
1904-cü il martın 26-dan sentyabrın 6-na qədər Sibir Hərbi Dairəsinin tabeliyindəki Omsk şəhərində olub. Kurqan şəhərində formalaşdırılmış ehtiyat süvari dəstəsinə komandanlıq edib. 20 noyabr 1904-cü ildə 1-ci Sunjensk-Vladiqafqaz kazak alayına "podyasavul" rütbəsi ilə göndərilib.
1905-ci il iyunun 20-də üzərində "İgidliyə görə" yazılmış 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib. Həmin il avqustun 31-də isə yaponlarla döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə (qılınc və bantla birlikdə) təltif edilib.
Rus-yapon müharibəsi bitdikdən sonra 1905-ci il dekabrın 16-da 2-ci Dağıstan Atlı Alayına göndərilib. Daha sonra isə 1906-cı il aprelin 12-də 44-cü Nijeqorod Draqun Alayına təyinat alıb, 1907-ci il aprelin 11-də isə əvvəlki xidməti alayına qaytarılıb.
1908-ci il dekabrın 26-da ona 17-ci Nijeqorod Draqun Alayının 200 illiyi münasibətilə verilmiş döş nişanını gəzdirməyə icazə veriblər. 1909-cu il iyunun 25-də "Poltava döyüşünün 200 illiyinin xatirəsinə" medalı ilə təltif edilib. Həmin il oktyabrın 7-də isə "Şərqi Qafqazın fəth olunmasının 50 illiyi" yubiley döş nişanını veriblər. 1910-cu il mayın 5-dən oktyabrın 4-nə qədər 17-ci Nijeqorod Draqun Alayında ezamiyyətdə olub. 1910-cu il dekabrın 13-də Yelizavetpol qubernatorunun yanında xüsusi tapşırıqlar üzrə baş zabit təyin edilib. 1911-ci il fevralın 24-ü Daxili İşlər Nazirliyində (atlı alayına təyin olunmaqla) xidmətə başlayıb. 1911-ci il dekabrın 6-da "rotmistr" rütbəsi alıb.
1914-cü il sentyabrın 27-də mərkəzi qərargahın general-mayoru A.Arxangelski Yelizavetpol qubernatoru Q.Kovalyova teleqramla məlumat verib ki, 26 sentyabrda verilmiş yüksək əmrə görə Şahverdi xan Ziyadxanov "Vəhşi diviziya”nın tərkibində yaradılmış Tatar Süvari Alayının komandirinin köməkçisi təyin edilib. 2 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 atlı, 68 mülki şəxsdən ibarət Tatar Süvari Alayının komandiri podpolkovnik P.Polovtsov, onun köməkçiləri V.Staroselski və Ş.Ziyadxanov təyin olunublar. Alayın tərtibi birbaşa süvari rotmistri Ş.Ziyadxanova tapşırılıb.
Ş.Ziyadxanov Cənub-Qərb cəbhəsindəki döyüş əməliyyatlarında da iştirak edib. 1915-ci il fevralın 14-də Cənub-Qərb cəbhəsinin baş komandanı artilleriya generalı N.İ.İvanovun 154 nömrəli əmri ilə düşmənlə döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə (qılınc və bantla birlikdə) təltif edilib.
1915-ci il aprelin 30-da Prut çayının kənarında yerləşən Nepolkuts kəndində düşmənlə döyüşdə başından ağır kontuziya aldığına görə Tiflis şəhərinə təxliyə edilib.
1916-cı il sentyabrın 15-nə olan arxiv məlumatlarına görə rotmistr Şahverdi xan Ziyadxanov Qafqaz Hərbi Dairəsinin qərargahına tabe olan ehtiyat süvari dəstəsinin tabeliyində olub.
Şahverdi xan öz xidmətini Tatar Atlı Alayında davam etdirərək Əlahiddə Azərbaycan Korpusunda, sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət edib. 1919-cu il fevralın 3-nə olan arxiv sənədlərində yeni formalaşan Azərbaycan Ordusunun siyahısında Ş.Ziyadxanovun "podpolkovnik" rütbəsində olduğu qeyd olunub. 1919-cu il fevralın 4-də o, maddi-texniki təminatın qəbulu üzrə yaradılmış komissiyanın sədri təyin edilib. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi qurumunun 1919-cu il aprelin 17-də verdiyi əmrdə qeyd olunub ki, Ş.Ziyadxanov türklərin ölkədə qalan hərbi əmlakını nümunəvi şəkildə ordunun balansına keçirib. 1919-cu il martın 29-da 3-cü Şəki Atlı Alayına təyinat alıb. Həmin il mayın 11-də atlı alayın müvəqqəti komandanı general-mayor Z.V.Amaşukeli Mərkəzi qərargaha raportla müraciət edib: "Mükafatlar siyahısı ilə yanaşı, Tatar Atlı Alayının zabitlər cəmiyyətinin H43 qərarı ilə podpolkovnik Şahverdi xan Ziyadxanovun təxliyədə keçirdiyi vaxtın 1917-ci il may ayının 6-dan hesablanması üçün və ona növbəti hərbi rütbənin verilməsi üçün müraciət edirəm".
Ş.Ziyadxanov 1919-cu ilin iyunun əvvəlində (bəzi mənbələrdə 6 və ya 9 iyun, sentyabrda verilmiş bir əmrdə isə onun ölüm tarixi mayın 8-i göstərilib) Gəncədə öz hərbi vəzifəsini yerinə yetirərkən tif (qarın yatalağı) xəstəliyindən dünyasını dəyişib. Müvəqqəti olaraq Hərbi Nazir vəzifəsini icra edən general-leytenant Əlağa Şıxlinski onun ordu qarşısındakı xidmətlərini nəzərə alaraq, ailəsinə xəstəliklə bağlı olan xərclərinin, dəfn xərclərinin və eləcə də birdəfəlik 5000 rubl pulun verilməsini əmr edib. Bundan başqa Əlağa Şıxlinski onun ailəsinə təqaüdün təyin edilməsi üçün Parlamentə müraciət etməyi də öz üzərinə götürüb.
Şahverdi xan Ağca bəyim Məhəmməd ağa qızı Abraxanova ilə evli olub. Övladları haqqında məlumat yoxdur.
"Azərbaycan Ordusu"