AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətənimizin hər daşı, qayası müqəddəsdir, əzizdir. Saf bulaqları, göz oxşayan meşələri və təmiz havası ilə dillər əzbəri olan dilbər guşələrimizdən biri də Qubadlı rayonudur. Zamanın sınaqlarından üzüağ çıxan Qubadlı rayonu bir sıra tarixi hadisələrin şahidi olmuşdur.
Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1930-cu ildə yaradılmışdır. Rayon çox qədim dövrlərdən etibarən Azərbaycan xalqının yaşayış məskəni olmuşdur. Qubadlı rayonunun ərazisində Son Tunc - Erkən Dəmir dövrünə aid "Xırman yeri" adlı yaşayış məskəni, Koroğlu qalası, Qalaça, Maltəpəsi kimi abidələr qeydə alınmışdır.
Qubadlı bölgəsi tarixən Zəngəzur mahalının tərkibində olmaqla qədim tarixi və etnoqrafik bölgələrdən biridir. Rayon ərazisindəki (Muradxanlı, Qaracallı və Əliquluuşağı kəndlərinin yaxınlığında) xeyli sayda təbii və süni mağaraların olması onların hələ Paleolit dövründən məskunlaşdığını təsdiq edir.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Rayonun sahəsi 802 kv.km-dir. Relyefi əsasən dağlıqdır. Rayon qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, şərqdən Xocavənd və Cəbrayıl rayonları, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərinin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. "Yazı düzü", "Gəyən" və "Məzrə" adlanan düzləri bol məhsullu torpaqlardır.
1988-ci ildən başlayaraq Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonuna təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etmişdir.
1989-1991-ci illərdə Qubadlının sərhəd kəndlərinə hücumların sayı artmışdır. 1992-ci ilin ilk ayları Qubadlı üçün ağır başladı. Fevralın 19-da Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak olmuş, 20 nəfər yaralanmışdır. Həmin gün Məlikəhmədli kəndində gedən döyüşlərdə Azərbaycan Ordusu Qubadlı istiqamətində ilk şəhidini vermişdi. Bu artıq müharibə idi, Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən müharibə aparırdı. Martın 1-də isə Qafan rayonundan Qubadlıya edilən hücumun qarşısı alındı. Lakin may ayında əvvəlcə Şuşa və daha sonra Laçının ermənilər tərəfindən işğal edilməsindən sonra Qubadlı rayonu üçtərəfli cəbhə xəttinə çevrildi. Laçının cənubu boyunca irəliləyən erməni qoşunları mayın 19-da Güləbird kəndinin önündə dayandırıldı. Bu gərginlik 1993-cü ilin avqustuna qədər davam etdi.
Qubadlının işğalı Ermənistana növbəti hədəflərinə daha asan çatmaq üçün vacib amil idi. Azərbaycana isə bütün Qarabağa hakim olmaq, nəzarət etmək üçün Qubadlı əhəmiyyətli idi. Ermənilər Qubadlıya həm Ermənistandan, həm də Laçın, Şuşa istiqamətlərindən hücum etdilər.
1993-cü ilin avqustunda cənuba doğru hücumu davam etdirən ermənilər şərqdən gələn Hadrut müdafiə sahəsinin qoşunları ilə birləşərək Xanlıq qəsəbəsinə daxil oldular. Bununla da Qubadlı rayonunun mərkəz və şimal hissəsinin 3 istiqamətdən mühasirəsi tamamlandı. Avqustun 30-dan 31-nə keçən gecə Qubadlı rayonu Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edildi. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçdi, rayonun 38 mindən çox əhalisi yurd-yuvasından didərgin düşdü.
Qubadlı rayonunun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına şəhid olmuş, onların yeddisi “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
2020-ci il sentyabrın 27-də düşmən artilleriyadan istifadə etməklə müxtəlif istiqamətlərdən Azərbaycanın ərazilərinə hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı. Bu müharibə azərbaycançılığın erməniliklə müharibəsi idi, bu müharibə ruhun müharibəsi idi, bu müharibə Ali Baş Komandanın ətrafında sıx birləşən xalqın müharibəsi idi...
Ordumuz Ermənistanın işğal etdiyi ərazilərdə illərlə yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın edərək ilk mövqe qələbələri qazandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı rayonunun işğalına son qoydu. Ordumuz uğurlu əməliyyatları davam etdirərək oktyabrın 23-də Qubadlı ərazisinə daxil oldu və rayonun yaşayış məntəqələrini düşməndən təmizləməyə başladı. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də özünün sosial şəbəkə hesabında elan etdi.
Oktyabrın 26-da dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsi çərçivəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqladı. Eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Ikinci Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərini işğaldan azad etdiyini bəyan etdi. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad olunması ilə Laçın rayonuna yol açıldı və ordumuz Laçın dəhlizi istiqamətində irəliləməyə başladı.
2020-ci ilin 23 dekabrında Prezident İlham Əliyev Qubadlıda Azərbaycanın dövlət bayrağını ucaltdı. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qələbəni yüksək dəyərləndirərək bildirdi: "Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".
Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da hərbi qulluqçuların "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildilər.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sərəncama əsasən, 25 Oktyabr - Qubadlı Şəhəri Günü olaraq təyin olundu.
İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Qubadlıda da böyük quruculuq və bərpa-tikinti işləri aparılır. Ərazinin minalardan təmizlənməsi əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan sonra Qubadlıya 4 dəfə səfər edib. Bu səfərlər rayonda davam edən böyük quruculuq işlərinin daha da genişlənməsində əhəmiyyətli olub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan"ını təsdiq edib. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.
25 Oktyabr - Qubadlı Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və fərəh mənbəyidir. Qubadlı Şəhəri Günü yalnız bir coğrafi məkanın azad edilməsinin tarixi deyil, həm də dövlət müstəqilliyimizin möhkəmlənməsinin, xalqımızın sarsılmaz iradəsinin göstəricisidir. Bu gün Azərbaycan xalqı öz ordusunun şücaəti, şəhidlərimizin qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti nəticəsində haqq və ədalətin bərpasını qeyd edir.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"