Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2025 13:47

Tarixi Zəfər - dövlətçiliyimizdə yeni mərhələ

Azərbaycan xalqı uzun illər idi ki, qəlbində bir arzu, bir ümid ilə yaşayırdı. Bu arzu işğal altında olmuş torpaqlarımızın azadlığı uğrunda mübarizənin aparılması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Vətən müharibəsi zamanı bu arzu reallığa çevrildi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq məqsədilə əks-hücuma keçdi və Vətən müharibəsi başlandı. Vətən müharibəsi Azərbaycan xalqının tarixinə unudulmaz və qürurverici gün kimi düşdü. Bu müharibə həm xalqın, dövlətin həm də ordunun birliyinin təsdiqi oldu. Müharibə zamanı hər gün, hər saat, hər dəqiqə özünəməxsus əhəmiyyət daşıyırdı. Ordumuz işğalda olan torpaqlarımızı düşməndən azad etmək üçün döyüşürdü.
Azərbaycan Ordusunun hər şəhər, hər kənd, hər strateji yüksəklik uğrunda apardığı döyüşlər nəticəsində düşmən çox sayda itki verdi. İgid oğullarımız düşmənə ciddi zərbələr vuraraq, onların müdafiə qüvvəsini xeyli zəiflətdi. Azərbaycan Ordusunun gücünə tab gətirməyən Ermənistan silahlı qüvvələri silah və texnikalarını döyüş meydanında qoyub qaçmağa məcbur oldu. Həmin texnikalar döyüşçülərimiz tərəfindən qənimət olaraq götürüldü. Döyüş meydanında vurulan və sıradan çıxarılmış texnikalar bu gün Hərbi Qənimətlər Parkında ziyarətçilər üçün sərgilənir.
Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət nəticəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünə qovuşdu.
Vətən müharibəsində hər bir döyüşçü Vətən yolunda canını fəda etməyə hazır olduğunu sübut etdi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan Vətənin qəhrəman, igid oğulları üçrəngli bayrağımızı əzəli torpaqlarımızda qürurla dalğalandırdı.
Müharibənin gedişi göstərdi ki, Azərbaycan Ordusu hərbi hazırlıq səviyyəsinə həm də strateji planlama, texnologiya və döyüş taktikaları baxımından güclü potensiala malikdir. Ordumuz düşməni hər an sarsıdıcı zərbələrlə susdura bilir.
Ön cəbhədə silahlı qarşıdurma, arxa cəbhədə isə informasiya müharibəsi gedirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı media qurumlarına müsahibə verərək, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan haqq savaşımızı dünya ictimaiyyətinə çatdırırdı. Prezident İlham Əliyev deyirdi: "...Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm... O müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquq normalarına hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir...".
Dövlət başçısının müsahibələri xarici ölkələrin nüfuzlu media qurumlarında yayımlanırdı. Döyüş meydanında qazanılan Qələbə informasiya müharibəsində də özünü büruzə verdi. Hər iki cəbhədə gedən müharibə Azərbaycanın nə qədər güclü dövlət olduğunu bir daha dünyaya nümayiş etdirdi.
2020-ci ilin 8 noyabrında Azərbaycanın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə xalqımız Böyük Zəfərin qazanılmasına nail oldu. Qazanılan Zəfər heç də təsadüfi deyildi. O, illərlə düşünülmüş siyasətin, dövlətin möhkəm əsaslar üzərində qurulması, müasir ordu quruculuğunun nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətti prioritet istiqamət kimi əsaslandıran Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində xalqımız Böyük Zəfərin səsini eşitdi. Bu Zəfər xalqın iradəsində, hər bir vətəndaşın düşüncəsində və yaddaşında əbədi bir günəş  kimi işıq saçır.
Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində Şuşa şəhəri haqqında fikirlərini belə ifadə edirdi: "Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir!".
Şuşa şəhərinin işğaldan azad olunduğu xəbərini Prezident İlham Əliyev xalqımıza bu ifadələrlə çatdırdı: "Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərdən biridir. Əziz Şuşa! Sən azadsan! Əziz Şuşa! Biz qayıtmışıq! Əziz Şuşa! Biz səni dirçəldəcəyik!".
Dövlət başçısının bu təsirli, kövrək, həyəcanlı ifadələri qarşısında insanlar göz yaşlarını saxlaya bilmirdilər. Əlbəttə ki, bu da sevinc göz yaşları idi. Qazanılan Böyük Zəfərə görə ictimaiyyət tərəfindən Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlanırdı. Həmin məktublarda Prezident İlham Əliyevin daxili və xarici siyasəti dəstəklənir, onun dünya liderləri arasında birinci yerdə olduğu qeyd edilirdi.
Müharibədən sonra işğaldan azad edilmiş şəhər və kəndlərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Tarixi memarlıq abidələri yenidən qurulur. Yeni tədris müəssisələri, xəstəxanalar, uşaq bağçaları və ictimai iaşə obyektləri orada yaşayan sakinlərin ixtiyarına verilir.
Sinəsini düşmənə sipər edən vətənpərvər oğulların qanı bahasına qazanılan Böyük Zəfər dövlətimizin gücünün, xalqımızın iradəsinin  Qələbəsi idi. Bu Qələbəni qazanmaq nə tez oldu, nə də asan. Uzun illər işğal altında olan torpaqları azad etmək üçün xalqımız çətin sınaqlardan keçdi. Həsrətini çəkdiyimiz torpaqlar uğrunda döyüşlərdə Vətənin igid oğulları canlarından keçdilər. Amma bütün bunların müqabilində Azərbaycan xalqı ruhdan düşmədi, dövlətimizin ətrafında daha da sıx birləşdi. Xalq, dövlət və ordu birliyi Böyük Zəfərin qazanılması yolunda mühüm rol oynadı.
Vətən, torpaq uğrunda xalqımızın igid oğullarının göstərdikləri şücaət hər birimizin yaddaşına əbədi həkk olundu. Hər qarış torpağımız mübariz igid oğulların qanı bahasına azad olundu. Havasını udduğumuz, suyunu içdiyimiz, çörəyini yediyimiz bu Vətən bizə doğmadır, əzizdir. Vətənin qəhrəman övladlarının müqəddəs ruhu qarşısında baş əyirik. Yaşadığımız bu günlər üçün biz müharibədə döyüşənlərə və canını fəda edən şəhidlərimizə borcluyuq.
Vətən müharibəsi, eyni zamanda, Azərbaycan xalqının milli birliyinin, dövlətçilik əzminin və hər bir fərdin Vətən sevgisinin gücünü dünyaya nümayiş etdirdi. Qazanılan hər bir uğur, hər bir Zəfər səsi xalqın qürur hissini yüksəltdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı bu Zəfəri tarixi hadisəyə çevirdi. Bu müharibə sübut etdi ki, Azərbaycan dövləti və xalqı heç bir qüvvənin təzyiqi altında dayanmadı, haqqını qorudu və öz ərazilərinə sahib çıxdı. Azərbaycan Ordusunun gücü dünyaya göstərdi ki, qətiyyətli dövlət, güclü ordu ilə birləşmiş xalqın qarşısında heç bir işğalçı dayana bilməz.
Bu Zəfər xalqımızın haqq yolunda mübarizəsinin, milli birliyinin və dövlətçilik əzminin təntənəsi oldu. Vətən müharibəsi Azərbaycan tarixində unudulmaz bir qəhrəmanlıq dastanına çevrildi. Bu gün biz qürurla deyə bilərik ki, Azərbaycan məğrur, qalib xalqdır və bu savaşdan da qalibiyyətlə çıxdı. Vətən Müharibəsi Azərbaycan tarixində yeni bir mərhələ oldu.
Ölkəmizin bu möhtəşəm Qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 dekabr 2020-ci il tarixdə "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, hər il 8 Noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 
Xalqımız 2025-ci il noyabrın 8-də Böyük Zəfər Gününün 5-ci ildönümünü qeyd edəcək. Həmin gün Vətənin qəhrəman oğulları - şəhidlərin xatirəsi böyük ehtiramla yad ediləcək. Bu Zəfəri bizə dövlətimiz, xalqımız, ordumuz, şəhidlərimiz yaşatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın birliyi, ordumuzun çevikliyi, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 8 Noyabr - Zəfər Günü kimi tarixləşdi.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"