Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2025 16:14

20 Oktyabr - Zəngilanın tarixi zəfəri

2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının müasir tarixində mühüm bir dönüş nöqtəsi baş verdi. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Zəngilan şəhəri düşmən işğalından azad olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əməliyyatlar sayəsində şəhər və ona yaxın yaşayış məntəqələri Azərbaycan dövlətinin tam nəzarətinə qaytarıldı. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası ilə yadda qalmadı, həm də ölkəmizin dövlətçilik tarixində əlamətdar bir səhifə açdı. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi təsis edildi.
Zəngilan Azərbaycanın cənub-qərb hissəsində yerləşir və Zəngəzur dağ silsiləsinin ətəklərini əhatə edir. Ərazinin coğrafi mövqeyi strateji baxımdan böyük əhəmiyyət kəsb edir, Araz çayı boyunca uzanan sərhəd xətti isə bölgənin təhlükəsizliyi üçün mühüm rol oynayır. Tarixi mənbələr göstərir ki, burada insan məskənləri çox qədim zamanlardan mövcud olub, müxtəlif dövrlərdə fərqli mədəniyyətlərin təsiri altında formalaşmışdır. Rayonun adı ilə bağlı bir neçə versiya mövcuddur. Mütəxəssislər onu qədim "Zəngi" türk tayfası ilə əlaqələndirir və "lan" əlavəsi isə məskunlaşmanı bildirir.
Zəngilan rayonu inzibati vahid kimi 1930-cu ilin avqustunda təşkil edilmiş, 1967-ci ildə isə şəhər statusu qazanmışdır. Bölgə tarix boyu Azərbaycan dövlətçiliyinin mühüm hissəsi olmuş, mədəni və iqtisadi inkişafı ilə seçilmişdir. Burada yerləşən qədim məscidlər, Qız qalası və digər abidələr şəhərin zəngin mədəni irsini nümayiş etdirir. Ərazi həm də ticarət yolları və strateji keçidlər baxımından əhəmiyyətli olub, hər zaman ölkəmizin sərhəd təhlükəsizliyində vacib rol oynayıb.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Zəngilan rayonu işğal edildi. Şəhər, qəsəbələr və kəndlər düşmən qüvvələrinin nəzarətinə keçdi. Bu illər ərzində şəhər infrastrukturu ciddi zərər gördü, yaşayış evləri dağıdıldı, tarixi abidələr məhv edildi. Yerli əhali məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrinə səpələndi və uzun illər doğma evlərinə qayıda bilmədi.
Azərbaycan dövlətinin əsas məqsədi işğal altındakı torpaqlarımızın geri qaytarılması və ərazi bütövlüyümüzün bərpası idi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi bu hədəfə çatmaq üçün şərait yaratdı. Qısa müddət ərzində Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə uğurlu əməliyyatlar həyata keçirdi və düşmən müdafiəsini yararaq strateji əraziləri işğaldan azad etdi. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərək Zəngilanın azad olunduğunu elan etdi. Bu, hərbi əməliyyatlar baxımından həm taktiki, həm də strateji əhəmiyyətə malik idi. Şəhərin azad edilməsi nəticəsində Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi tam nəzarətə götürüldü.
Əməliyyatlar planlı və dəqiq şəkildə icra olundu, şəhər böyük itkilər olmadan düşmən qüvvələrindən təmizləndi. Bu qələbə həm də milli birlik və vətənpərvərlik baxımından əhəmiyyətli oldu. 44 gün davam edən Vətən müharibəsində igidlik göstərən hərbi qulluqçular yüksək dövlət mükafatları ilə təltif edildilər.
Azad olunmuş ərazilərin bərpası dərhal dövlətin diqqət mərkəzində oldu. İnfrastrukturun yenilənməsi, yolların çəkilməsi, enerji və rabitə xətlərinin bərpası sürətlə həyata keçirildi. "Böyük Qayıdış" proqramı çərçivəsində Ağalı kəndində ilk mərhələdə sakinlərin geri köçü başlandı. Burada müasir tələblərə cavab verən yaşayış evləri, məktəb, uşaq bağçası, səhiyyə və sosial xidmət obyektləri tikildi. Alternativ enerji mənbələri və kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafı ərazinin davamlı iqtisadi dirçəlişini təmin edir.
Şəhərin yenidən qurulması və abadlaşdırılması üzrə layihələr də davam edir. Yeni yaşayış massivləri, ictimai mərkəzlər, sosial və kommersiya infrastrukturu dövlət proqramına uyğun şəkildə qurulur. Məqsəd Zəngilanı müasir şəhər modelinə uyğunlaşdırmaq, iqtisadi və sosial baxımdan regionun nümunəvi mərkəzinə çevirməkdir.
20 Oktyabr - Zəngilan Şəhəri Günü Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqın birliyinin və dövlətin iradəsinin rəmzidir. Hər il 20 oktyabrda keçirilən tədbirlər, anım mərasimləri və digər rəsmi fəaliyyətlər bu tarixi hadisənin əhəmiyyətini bir daha nümayiş etdirir. Azad edilmiş ərazilərdə davam edən bərpa və yenidənqurma tədbirləri ölkəmizin dövlət siyasətinin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini göstərir. Zəngilanın inkişafı, sosial və iqtisadi həyatın bərpası, müasir infrastrukturların yaradılması regionun gələcəkdə davamlı inkişaf mərkəzlərindən birinə çevriləcəyinə işarədir. Hər il qeyd olunan Zəngilan Şəhəri Günü Azərbaycan tarixində dövlətçiliyin, ərazi bütövlüyünün və xalq birliyinin simvolu kimi qalacaqdır.

Əli ABIYEV
"Azərbaycan Ordusu"