Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2025 17:43

Öncə Vətəndir

Vətən dediyimiz anlayış hər bir insanın ruhunda dünyaya gəlişindən, ilk dəfə aldığı nəfəsdən kök atır. Ananın laylasında, atanın öyüdündə, nənənin nağılında, babanın duasında, hər səhər doğan günəşdə, eşidilən azan səsində gizlənir. Vətən torpağı üzərində  yaşadığımız məkan olmaqla yanaşı, həm də onun hər qarışı bir ömrün, bir xatirənin, bir nəsil yolunun daşıyıcısıdır. İnsan yaşa dolduqca anlayır ki, Vətən onun doğulduğu, boya-başa çatdığı evin qapısı, kəndin tozlu küçəsi, səhərin şəfəqi, günbatımında işıqlanan dağların kölgəsidir.
Vətən həm də mübarizədir. Elə bir mübarizə ki, gərək onun uğrunda hər şey üçün hazır olasan. Çünki Vətən hər addımda qorunmaq, hər nəfəsdə sevilmək, hər zaman xatırlanmaq istəyir. Elə bu səbəbdən də xatırlanır, daim sevilir. Bu isə bəzən bir çiçəyin qoxusunda, bəzən bir şəhid məzarında özünü göstərir. Vətən sevgisi insanın damarlarında qan kimi axır. Onu dəyişmək mümkün deyil. Bu sevgi hər çağırışda səni özünə bağlayır, hər kiçik təhlükədə belə səni ayağa qaldırır.
Elə buna görə də əsrlər boyu minlərlə oğul və qız bu sevgiyə sədaqət andı içərək ən ali zirvə olan şəhidlik məqamına ucalıb. Çünki Vətən yaşasın deyə ömrünü fəda etmək, torpağına can vermək əbədiyaşarlığın ən müqəddəs yoludur. Bu isə bizim uşaqdan-böyüyə hər birimizin borcudur.
Şəhidlər haqqında danışmaq, əslində, bir xalqın yaddaşını açmaq, həssas xatirələrinə toxunmaq deməkdir. Onlar haqqında hər sətir, hər xatirə millətin ruhuna hopmuş qəhrəmanlıq dastanıdır. Şəhid Xudayarın "Vətən yaxşıdır" ifası kimi dillər əzbərinə dönən nəğmədir… Hər şəhidin adı bir kəndin, bir küçənin, bir ailənin, bütövlükdə isə bir xalqın qəlbinə yazılıb. Onlar yalnız ailələrinin övladı deyildilər, bütöv xalqın övladına çevrildilər. Çünki şəhidlərimiz elə xalqın bütövlüyü, bölünməzliyi, Vətən torpaqlarımızın azadlığı, müdafiəsi uğrunda vuruşaraq tarixə adlarını həkk edərək şəhid oldular…
Bu torpaq uğrunda canını fəda edənlərin hekayəsi bir-birindən fərqli görünsə də, mahiyyəti eynidir. Onların hər biri sevdiklərini, arzularını, gəncliyini geridə qoyaraq Vətənin harayına hay verərək yola çıxdılar. Kimi məktəb partasından qalxdı, kimi iş masasındakı işlərini yarımçıq qoydu, kimi körpə övladının üzündən öpüb silaha sarıldı, kimi sevdiyi ilə sağollaşmağa belə macal tapmadı… Amma hamısının ürəyində eyni duyğu vardı. Hər biri torpağına, üçrəngli bayrağına bağlı, ana dedikləri Vətəninə sədaqətli idi. 
Şəhidlər danışmır, amma onların sükutu hər sözə sığmayan bir hayqırtıdır. Onların məzarları xalqımızın ziyarətgahına çevrilib. O məzarların qarşısında dayananda insan anlayır ki, azadlıq deyilən nemət asan əldə olunmayıb. Hər addımımız, hər nəfəsimiz onların qanı ilə sulanmış yerdədir. Onlar kimliyindən asılı olmayaraq hər birimizin işıqlı gələcəyə çıxmağımız üçün öz əziz canlarından keçdilər.
Qarabağ savaşında şəhid olan gənclər bir ömrün hansı yaşında idilər? Kimisi iyirmisində, kimisi otuzunda, kimisi daha uşaqlıqdan təzəcə çıxmışkən. Amma yaşlarının neçə olmağından asılı olmayaraq necə böyük ürəklərə sahib oldular… Onlar ölümdən qorxmadılar, əksinə, ölümün üzünə dik baxdılar. Çünki Vətəni qorumaq, uğrunda ölmək ölümdən böyük olan bir amal idi onlar üçün.
Şəhidlər bizim tariximizdir. Elə bir tarix ki, bu yolda Zəfər qazandıq. 365 günlük təqvimə daha bir şanlı gün yazıldı. Elə bir tarix ki, biz hər gün qələbə sədası eşitdik. Amma bu qələbələr də şəhidlərimizin sayəsində idi. Onların həyatı nə qədər qısa olsa da, şanlı zəfərimiz cəmi 44 günə yazılsa da, məzmunu bütöv bir əsrə dəyər. Şəhidlərimiz xalqın ürəyində daim yaşayır, çünki bu xalqın gələcəyi məhz elə onların qoyduğu yol üzərində qurulub.
Bu gün də şəhidlərimizdən biri olan, cəmi 23 il ömür sürən Sənan Məmmədli barəsində yazmaq istəyirəm. Yaşasaydı, 28 yaşı olacaqdı… Şəhid oldu, ölümü ilə əbədiliyi, ölməzliyi qazandı…
Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin 14 sentyabrında Tərtər rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. Vətən yolunda şəhid olanlar kimi, Sənan da uşaqlıqdan hərbi geyimə maraq göstərib. Hələ uşaq ikən düşmənlərdən qisas alacağı günü səbirsizliklə gözləyən Sənan gənclik illərində də bu arzusundan dönmədi. Xalqına şərəflə, ləyaqətlə xidmət etmək üçün seçdiyi yol hərb yolu oldu.
O, 2016-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Beləcə, xəyalındakı ən böyük arzusu olan zabitliyə doğru ilk addımını atmış olur. Ardınca indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub. Təhsilini davam etdirərək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nu da uğurla tamamlayıb və "leytenant" rütbəsinə layiq görülüb.
Gənc zabit qısa zamanda özünü peşəkar və cəsarətli hərbçi kimi göstərib. O mexanikləşdirilmiş taborda taqım komandiri vəzifəsində xidmət edib. Hərbi kollektivdə nümunəvi davranışı, əmr və tapşırıqlara münasibətdə dəqiqliyi və yüksək döyüş hazırlığı ilə seçilib.
2020-ci il sentyabrın 27-də ermənilərin başladığı genişmiqyaslı təxribatlara cavab olaraq, döyüş əməliyyatlarında ilk gündən etibarən ön sıralarda yer alıb. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə igidliklə vuruşub, torpaqlarımızın azadlığı uğrunda belə canını əsirgəməyib.
2020-ci ilin 15 oktyabrında Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş onun həyatını yarımçıq qoydu. O, doğma torpaq uğrunda, Vətən yolunda şəhidlik zirvəsinə ucaldı.
Şəhidlik zirvəsinə ucalan 23 yaşlı Sənanın igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Onun ömür yolu qısa olsa da, xalqına və torpağına sədaqətlə bağlılığının simvoluna çevrildi. O, minlərlə gənc zabit və əsgərə nümunə, xalqımızın yaddaşına igidlik dastanı kimi həkk olundu.
Bu gün azad nəfəs aldığımız torpaq, dalğalanan bayraq şəhidlərimizin ruhunda yaşayır. Onların qoyduğu bu yol, bu iz bizə həm qürur bəxş edir, həm də üzərimizə məsuliyyət qoyur. Hər birimizin üzərinə düşən borc bu müqəddəs adı qorumaq, onların qanı bahasına qazanılan zəfəri dəyərincə, layiqincə yaşatmaqdır.
Şəhidlərin əmanəti torpaqla birgə, həm də ədalətli, güclü, ləyaqətli firavan bir gələcəkdir. Onlar öz ömürlərini bizə yarımçıq veriblər ki, biz tamamlayaq. Onların gülüşü, arzusu, səsi bu gün bizdən asılıdır. Əgər biz bu torpaqda əmin-amanlıqla addımlayırıqsa, onların fədakarlığına borcluyuq.
Şəhidlik ölüm deyil, əbədiyyətin başlanğıcıdır. Hər şəhid bir ulduz kimi səmamızda yanır, yolumuzu işıqlandırır. O ulduzların parıltısı azalarsa, xalqın ruhu da solacaq. Amma biz inanırıq ki, minlərlə şəhidin qanı bahasına alınan bu torpaqlar heç vaxt bölünməyəcək, işığımız heç zaman sönməyəcək.
Onların canı bahasına azad edilən Vətən torpaqları yenidən dirçəlib. İndi bizim üzərimizə düşən məsuliyyət, öhdəlik bu müqəddəs dirçəlişi qorumaq, nəsildən-nəslə ötürməkdir. Şəhidlər ölməz, çünki onlar hər birimizin içində, hər dua, hər bayrağın dalğalanmasında, hər sabah şəfəqində yaşayır. Necə deyərlər, "Şəhidlər ölməz, Vətən bölünməz".

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"