AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şahbuz rayonunun Külüs kəndində şəhid Firuz Əli oğlu Qureşlinin xatirəsi yad edildi. Anım mərasiminə gələn şəhid ailələri, hərbçilər, polis əməkdaşları, məktəblilər və ictimaiyyətin nümayəndələri şəhidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzdülər.
Tədbirdə çıxış edən qonaqlar və şəhidin ailə üzvləri erməni qəsbkarlarının tarix boyu əzəli torpaqlarımızda törətdikləri qırğınlara nəzər salıblar. Bu tarixi hadisələrdə əhalimizin öz yurd-yuvalarından didərgin düşməsinin ağır nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Qeyd olundu ki, İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdi və işğalçılıq siyasətinin qarşısını tamamilə aldı. Bu da Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, cəsur döyüşçülərimizin əzmi və şücaəti sayəsində mümkün oldu. Azərbaycan xalqı öz sərkərdəsi və ordusu ilə sıx birləşərək zəfərin qazanılmasına nail oldu. Zəfərin qazanılmasında canlarını fəda etmiş Firuz kimi oğulların göstərdikləri igidlik nümunələri tarixə düşdü.
Bildirildi ki, şəhidimiz 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 2013-2017-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olub. 2018-ci ildə "leytenant" hərbi rütbəsi ilə "N" hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun zabiti olan baş leytenant Firuz Qureşli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
* * *
Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış leytenant Ceyhun Dünyamalıyevin doğum günü münasibətilə anım mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Anım mərasimində Culfa rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ali Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, rayonun idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Çıxış edənlər şəhid zabitimizin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi igidlik və Vətənə sədaqət nümunəsindən danışdılar. Qeyd olundu ki, Ceyhun Dünyamalıyev kimi igidlər Vətənimizin qürur mənbəyidir. Şəhidimizin xatirəsi hər zaman ehtiramla yad ediləcək, onun igidliyi gənc nəslə Vətən sevgisi və fədakarlıq nümunəsi kimi örnək olacaq. Şəhid Ceyhun Dünyamalıyev Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşa döyüşlərində fəal iştirak edib. O, 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik şeirləri səsləndirildi.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi