AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cahangir bəy Yusif bəy oğlu Novruzov 1894-cü ildə Bakıda hərbçi ailəsində anadan olub. O, Tovuzun Qovlar kəndindən olan görkəmli Novruzovlar nəslinin nümayəndəsidir. General-leytenant Mirzə Hacı bəy Novruzov, qvardiya polkovniki Kərim bəy Novruzov, general-mayor Teymur bəy Novruzov, mayor Rüstəm bəy Novruzov kimi görkəmli hərbçilər bu nəsildəndirlər. Cahangir bəyin yazdıqlarına görə babası Kərim paşa rus çarının daxili mühafizə qvardiyasının komandiri, atası Yusif bəy Novruzov isə 13-cü Süvari Alayın komandiri olub.
Cahangir bəy Tiflis hərbi məktəbində təhsil alıb. 18 yaşında ikən Birinci Dünya müharibəsində "leytenant" rütbəsində Draqun Alayının süvari bölüyündə xidmət edib.
1917-ci il oktyabr inqilabından sonra Cahangir bəy bir müddət Tiflisdə qalıb. Həmin dövrdə burada o, Sultan Məcid Qənizadə, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski ilə tanış olub.
1918-ci ilin aprelində Cahangir bəy həbs olunub. Sonradan azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilib və Gəncəyə göndərilib. Həmin ilin mayında Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra qardaşları - polkovnik Teymur bəy Novruzov, polkovnik Kazım bəy Novruzov və əmisi oğlu mayor Rüstəm bəy Novruzovla birgə Cümhuriyyət Ordusuna qoşulublar. Əlahiddə Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusu ilə birgə iyunun ortalarından sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə, eləcə də Bakı döyüşündə iştirak edib.
1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra - sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1-ci Azərbaycan diviziyası daxil idi. Həmin vaxt baş leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyası da 1-ci Azərbaycan diviziyasının tərkibinə daxil idi.
1918-ci ilin oktyabrından etibarən komandiri olduğu topçu batareyası ilə Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni silahlı dəstələrinə və separatçı qüvvələrə qarşı döyüşlərdə iştirak edib, bölgədə asayişin bərqərar olmasında böyük xidmətlər göstərib və bu xidmətlərinə görə "kapitan" rütbəsi ilə təltif olunub.
Qafqaz İslam Ordusu oktyabrın 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində erməni-daşnak qüvvələrinə qarşı hücuma keçib. Oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyrikənd ətrafında şiddətli döyüşlər baş verib. Cahangir bəy topçu batareyası ilə birgə 1-ci Azərbaycan diviziyasının digər topçu batareyalarının ardıcıl top atəşindən sonra Əyrikəndi ətrafında olan düşmən qüvvələri qaçmağa məcbur olublar. 1918-ci il oktyabrın 8-də Şuşa şəhəri bütünlüklə erməni-daşnak qüvvələrindən təmizlənib və Qafqaz İslam Ordusu Şuşaya daxil olub.
1920-ci il martın 21-də - Novruz bayramı gecəsində silahlı erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edib, postlarda keşik çəkən əsgərləri qətlə yetirərək Əsgəran keçidini ələ keçirirlər. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür.
Martın 26-da Azərbaycan Ordusu Əsgəran istiqamətində erməni-daşnak dəstələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Milli Ordunun zabiti kimi Cahangir bəy Novruzovun da komandiri olduğu topçu batareyası döyüşlərdə iştirak edib. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Aprelin ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra - 1920-ci ilin mayında bolşeviklərə qarşı baş qaldırmış Gəncə üsyanında 1-ci piyada diviziyasının tərkibində Azərbaycan Ordusunun digər bölmələri və könüllü dəstələri ilə birgə iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyununda baş tutan Qarabağ üsyanında iştirak edib.
Sovet işğalına qarşı baş qaldıran üsyanlar yatırıldıqdan sonra Azərbaycan Cümhuriyyət Ordusunun süvari və piyada alaylarının sağ qalan hərbçiləri ilə bərabər döyüşərək Qaryagin (indiki Füzuli rayonu) və Cəbrayıl istiqamətində geri çəkiliblər. Onların bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən Araz çayını keçərək İran ərazisinə daxil olublar. Az müddət orada qaldıqdan sonra Türkiyə ərazisinə keçiblər. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verib. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə Həsənqala və Ərzuruma çatıblar. Süvari alayı ilə Ərzurumda Kazım Qarabəkir Paşanın ordusu ilə birləşiblər. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunub. Cahangir bəy Novruzov da 1200 nəfərlik Azərbaycan birliyinin tərkibindəki zabitlərdən biri olub.
Türk ordusunda xidmətə başlayan Cahangir bəy qısa bir vaxtda öz cəsurluğu və bacarığı ilə fərqlənib. 1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun daşnak tör-töküntülərindən təmizlənməsi ilə başa çatan "Doğu" ("Şərq") hərəkatında iştirak edib. Sarıqamışın, Qarsın, Gümrünün geri alınması uğrunda gedən döyüşlərə qatılıb. Qars istiqamətində gedən döyüşlərin birində ağzından qəlpə yarası alıb. Şərq hərəkatından sonra topçu batareyası ilə Qərb cəbhəsinə göndərilib.
1921-ci ildə Qarsın Bənliəhməd (Benliahmet) kəndi yaxınlığında daşnakların başladığı Berna meydan müharibəsində Cahangir bəy böyük qəhrəmanlıqlar göstərib, düşmən təyyarələrini dəqiq top atəşləri ilə susduraraq döyüş meydanından uzaqlaşdırılmasında göstərdiyi şücaəti ilə xüsusi fərqlənib. Məhz bu döyüşlərdəki qəhrəmanlığına görə türk ordu komandanlığının və türk paşalarının hörmət və ehtiramını qazanıb. Cahangir bəy döyüşlərdə dəyanətlə vuruşduğuna görə türk komandanlığı ona "Berker" - yəni, "bərk ər, igid, döyüşkən ər" təxəllüsünü verib. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilən "Soyad Qanunu"ndan sonra o, rəsmi qaydada özünə "Bərkər" soyadını götürüb.
Göstərdiyi igidlik və şücaəti ilə seçilən Cahangir bəy ordu rəhbərliyinin diqqətini cəlb edib. Cəsurluğuna görə o, Mustafa Kamal Paşa Atatürklə görüşə gedən zabitlərin qrupuna daxil edilib. Bu görüşdə öz davranışı və bacarığı ilə seçilən Cahangir bəy M.K.Atatürkün də rəğbətini qazanıb. 1928-ci ildə Atatürkün göstərişi ilə təhsilini artırmaq üçün Ali Hərbi Akademiyaya göndərilib. 1929-cu ildə akademiyanı müvəffəqiyyətlə bitirən Cahangir bəy "albay" (polkovnik) hərbi rütbəsinə layiq görülüb və Kütahyada Baş Komandanlığın tabeliyində olan topçu alayının komandiri olub.
İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən döyüşlərdə iştirak edib. Qurtuluş savaşında göstərdiyi igidliklərə görə Cahangir bəy Mustafa Kamal Atatürk tərəfindən o dövrdə Türkiyə dövlətinin ən ali mükafatı sayılan "İstiqlal" ordeni ilə təltif edilib. Qurtuluş Savaşından sonra da orduda qalaraq hərbi xidmətini davam etdirib.
O, həmçinin 1925-ci ildə "Şeyx Səid" üsyanının, 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı üsyanlarının yatırılmasında iştirak edib.
Cahangir bəy Bərkər hərb sahəsində qazandığı nailiyyətlərə görə 1948-ci ilin avqustunda "tuğgeneral" (general-mayor) ali hərbi rütbəsinə layiq görülüb. İzmir şəhərində qarnizon komandiri, sonra isə yurd içi bölgə komandiri vəzifələrində xidmət edib. 1953-cü ildə yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxıb.
Cahangir bəy Bərkər bir neçə dəfə infarkt keçirib. 1958-ci il iyulun 20-də ürəktutmasından dünyasını dəyişib. Generalın cənazəsi hərbi mərasimlə Bornova məzarlığında dəfn edilib.
Həyatının sonunadək Azərbaycana qayıtmağı qarşısına məqsəd qoyan Cahangir bəy, təəssüf ki, bu arzusuna çata bilmir. O, yaxın dostu, türk ordusunun azərbaycanlı generalı Firudin bəy Daryalı ilə tez-tez məktublaşıb. Məktublarında "Azərbaycanı müstəqil görmədən ölməyəcəyəm", - deyə yazırmış.
Uzun illər generalın komandanlığı altında xidmət edən albay Baba Behbud Türkiyədə nəşr olunan "Azərbaycan" jurnalının 1958-ci il 4-5-ci sayında yazıb: "Cahangir bəy Bərkər bütün döyüşlərdə bir ərən kimi özünü sübut edib. Onun üçün tapşırığın asanı və yaxud çətini yox idi. Tapşırıq verilibsə, yerinə yetirilməli idi. O, bir sərkərdə kimi erməni daşnaklarına ağır zərbə vura bildi. Yadımdadır, bizim ağır döyüşlərimizin birində Cahangir bəy özü düşmənin bir taqımını məhv etmişdi. Əminliklə deyə bilərəm ki, Cahangir bəy Bərkər bütün həyatını hərb sənətinə həsr etdi və davamçılarına əsl hərbçinin necə olduğunu öz əməlləri ilə sübut etdi".
Cahangir bəy Ərzurumda xidmət etdiyi dövrdə zamanında Osmanlı Məclisi-Məbusanının Ərzurum vəkili olmuş Məmməd Arzaq bəyin qızı Vasfiyə xanımla 1929-cu ildə ailə qurub. Onların Güngör, Günaç və Aynur adında üç qızı olub. Güngör xanım Cahangir bəyin dostu, Gəncədən olan polkovnik (albay) Məmməd Ağpoladın oğlu Orxan Ağpoladla ailə həyatı qurub.
Cahangir bəy 1958-ci il yanvarın 20-də qızına yazdığı məktubda öz ailəsi haqqında bunları yazıb: "Anam Kabarday qəbiləsindən miralay Zaur bəyin qızıdır. Bu zat, yəni, mənim babam, istefasından sonra Quba ətrafındakı mülkünə çəkilmişdir. Soyadı da Novruzovdur. Novruzov həm də bizim, yəni, babamın soyadıdır. Anam Leyli Bakıda Qız məktəbindən məzun olmadan atam ilə evlənmişdir. Atam həmin zamanlar 44-cü Nijeqorod Draqun alayında baş leytenant idi. Biz üç oğlan və bir qız olmaqla, bu ailənin uşaqları idik. Ən böyüyümüz Teymur bəy idi. Birinci Cahan savaşında babamın da xidmət etdiyi 44-cü alayda xidmət etmişdir. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra süvari diviziyasının komandiri təyin edildi. İkinci qardaşım Kazım bəy idi. Birinci Cahan savaşında rusların 33-cü piyada diviziyasının topçu briqadasında 2-ci batareyanın komandiri idi. Azərbaycan hökuməti zamanı miralay rütbəsi ilə (podpolkovnik) Topçu tuqayın komandiri idi. Kazım evli idi, Cəbrayıl adlı bir oğlu vardı. Əgər indi sağdırsa, 47-48 yaşı olar. Bacım Zümrüd isə hələ 18 yaşında olarkən Kırımın Şamxaloğulları sülaləsindən Taştan bəy ilə evlənmişdi. Kürəkənimiz də Kırım süvari alayında podpolkovnik idi. Ailənin ən kiçiyi mən idim. Birinci dünya savaşı başlayanda 18 yaşım vardı və teymən (leytenant) olaraq Draqun Alayının süvari bölüyündə xidmət edirdim. Babam Kərim Paşa 96 yaşında olarkən mən Azərbaycanı tərk etdim. Babam Rus çarının daxili mühafizə qvardiyasının komandiri idi və son günlərinə qədər təqaüdə çıxmadı. Onun həyatı uzun bir hekayədir".
"Azərbaycan Ordusu"