Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2025 17:43

Günlər Füzuli Şəhəri Günü ovqatı ilə yaşanılacaq

İkinci Qarabağ müharibəsi olmaya bilərdimi? Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsəydi, Azərbaycanın təklif etdiyi sülh danışıqlarından yayınmasaydı, regionda mövcud status-kvonu saxlamağa, yeni ərazilər işğal etməyə niyyətli olmasaydı, müxtəlif istiqamətlərdən müxtəlif vaxtlarda irimiqyaslı təxribatlar törətməsəydi, müharibə başlamazdı. Bu müharibə - İkinci Qarabağ müharibəsi Ermənistanın ədalətsiz müharibəsinin məntiqi davamı oldu. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun, artilleriya da daxil olmaqla, müxtəlif istiqamətlərdən irimiqyaslı hücumunun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi, ədalətli müharibəyə başladı. Bu müharibə xalqın müharibəsi oldu... 
Düşmən işğal etdiyi ərazilərdə möhkəmləndirilmiş mürəkkəb müdafiə sistemi yaratmışdı. Onu müntəzəm olaraq gücləndirmişdi, təkmilləşdirmişdi. Bu səbəbdən müharibənin ilk günü təmas xəttində ağır döyüşlər getmişdi. Ermənistan ordusunun hissələri işğalı uzatmaq üçün döyüşürdü, Azərbaycan Ordusunun hissələri isə işğalı sonlandırmaq üçün. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında qeyd etdi ki, "Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir...".
Azərbaycan Ordusunun hissələri düşmənin belə yaradılmış mühəndis-istehkam sədlərini (müdafiə sistemini) darmadağın etdi, Ermənistan ictimaiyyətinə də, dünya ictimaiyyətinə də keçilməz sədd kimi təqdim edilən "Ohanyan səddi" Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun qarşısında "diz çökdü". Ordu hissələrimiz müharibənin ilk günündə ilk qələbələr qazandı, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Bu qələbələr mövqe qələbələri olsa da, sonrakı qələbələrin həm hərbi, həm də mənəvi başlanğıcı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Bu müqəddəs savaş Azərbaycanın ədalətli müharibəsi idi...
Horadiz əməliyyatında, 2016-cı ilin Aprel döyüşlərində, Günnüt, Tovuz əməliyyatlarında qüdrətə dönən döyüş əzmi, qələbə ruhu İkinci Qarabağ müharibəsində daha böyük, daha iradəli, daha qətiyyətli oldu. Tarix və müharibələr tarixi təsdiqləyir ki, bütün ədalətli müharibələr zəruri müharibələr olub.
Füzuli şəhəri istiqamətində hücumlar səngimirdi, müxtəlif istiqamətlərdə ağır döyüşlər gedirdi. Sentyabrın 29-da səhər saatlarından Füzuli-Cəbrayıl istiqamətində düşmənin 4 tankı məhv edildi. Hər gün səngiməyən döyüşlər, hər gün düşmənin ağır itkiləri, Azərbaycan Ordusunun şəhidləri... Ordumuz döyüşə-döyüşə Füzuliyə yaxınlaşırdı...
Bu istiqamətdə ən ağır döyüşlər sentyabrın 29-da və 30-da oldu. Ordumuz Aşağı Seyidəhmədli-Qaraxanbəyli istiqamətində yenidən əməliyyata başladı. Bu döyüş İkinci Qarabağ müharibəsinin ən ağır döyüşlərindən biri oldu. Döyüşçülərimiz mövqe qələbəsi qazandılar...
Oktyabrın 14-də ordu hissələrimiz Füzuli rayonunun Hadrut vadisi boyunca yerləşən Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərini, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtürk kəndlərini azad etdi. Bu qələbələr Füzulinin işğaldan azad edilməsi baxımından dəyərli hərbi qələbələr idi və döyüşən ordunun şəxsi heyətini böyük mənəvi coşqu ilə daha böyük qələbələrə aparırdı...
Ordu hissələrimiz müxtəlif qoşun növlərinin iştirakı ilə hücumu gücləndirdi, komandanlığın tətbiq etdiyi yeni döyüş taktikası qələbələrə yol açdı - düşmənin müdafiə səddi dağıdıldı, oktyabrın 17-də Füzuli şəhəri və bir neçə kəndi, ümumiyyətlə, müharibə müddətində Füzulinin 62 kəndi işğaldan azad edildi.
Oktyabrın 13-də Füzuli istiqamətində döyüşən bir zabitin döyüş ərəfəsində telefonla qardaşına dediklərini xatırlayıram: "Şəhidlikdən keçməyən xalq qələbə qazana bilməz. Biz döyüşürük. Vətən üçün döyüşürük. Yaxın günlərdə düşməni bu istiqamətdə də məhv edəcəyik...". Oktyabrın 16-da həmin zabit də şəhid oldu, onunla bir sırada döyüşən beş əsgər də...
Füzuli işğaldan azad edilən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz, əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib".
Bir xatırlama: Ermənistan işğal etdiyi bütün şəhərlərdə binaları, tikililəri dağıdırdı. Tarixi Zəfərdən sonra Füzuliyə qayıdan füzulili ana şəhəri belə görəndə harayı Göyləri Yerə ələyib, qəhərinin, çəkilməz dərdinin bir təsəllisi olub: Füzuli işğaldan azad edildi! Həmin ana döyüşən orduya göndərdiyi məktubda yazırdı: "Qələbədən sonra qarşıma çıxan ilk əsgəri köynəyimdən keçirəcəyəm, onu şəhid oğluma əvəz oğlum biləcəyəm..."
Füzuli işğaldan azad edildi...
2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. 25 mindən çox hərbi qulluqçu bu medala layiq görülüb. Bu rəqəm Füzuli uğrunda gedən döyüşlər haqqında tarixi təəssürat deməkdir, tarix kimi yaşayacaq döyüşləri bu rəqəm də tarix kimi yaşadacaq...
Dövlət başçımızın 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub. 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir...
Bu Sərəncam İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin mahiyyətinin davamıdır.
İkinci Qarabağ müharibəsindən sonra hərbi mütəxəssislər müharibənin gedişini də, xarakterini də, işğalçı Ermənistan ordusunun da, ədalətli müharibə aparan Azərbaycan Ordusunun da döyüş qabiliyyətini, gücünü təhlil edərək birmənalı şəkildə bildirib ki, Azərbaycan Ordusunun qələbəsi onun döyüş hazırlığının məntiqi nəticəsidir...
Təxmini hesablamalara görə, Ermənistan işğal etdiyi Füzuli rayonunun ərazisinə yüz mindən çox mina basdırıb. Füzuli uğrunda ağır döyüşlər həm də bu amillə bağlı olub.
İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq edib, "Füzuli" yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr gerçəkləşib. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları böyük quruculuq işlərinin təntənəsi kimi tarixləşib. Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər.
Füzulidə Özbəkistan Respublikası tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan Respublikası tərəfindən isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Bunlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qardaşlıq hədiyyəsidir...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Zəfərdən sonra Füzuliyə 19 səfəri olub. Bu səfərlərin hər biri rayonun yenidən qurulması istiqamətində bir mərhələ oldu...
17 oktyabr - Füzuli Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünə böyük ehtiramın təzahürü kimi tarixləşib. Füzuli yenidən qurulacaq, ötənlərin mənəvi sıxıntılarını unutduracaq, yenə Azərbaycanımızın gözəl Füzulisi kimi tarixin axarına qarışacaq...
Bütün günlər Füzuli Şəhəri Günü kimi yaşanılacaq...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"