AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Suverenlik" fransız sözü olub, dövlətin və ya xalqın tam müstəqillik və ali hakimiyyət hüququ məfhumunu ifadə edir. Daxili və xarici suverenlik müvafiq olaraq ölkənin daxilində və onun hüdudlarından kənarda dövlət müstəqilliyinin ifadəsi olmaqla, onun siyasi və hüquqi xüsusiyyətini özündə birləşdirir. Daxili suverenlik dövlətin daxilində qanunverici, icraedici, məhkəmə sisteminin sərbəst təşkili və kənar qüvvələrin təsiri olmadan qərarlar qəbul etməsidir. Xarici suverenlik isə dövlətin öz hüdudlarından kənarda, beynəlxalq aləmdə hər hansı qüvvələrin iştirakı olmadan öz maraqlarına xidmət edən siyasəti müəyyənləşdirməsi və yürütməsidir. Dövlətin öz konstitusiyası, beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi fəaliyyətlərlə və atdığı diplomatik addımlarla yanaşı, xalqın müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququ da suverenliyin tərkib hissələrinin təməlini təşkil edir.
Azərbaycan xalqı üçün suverenlik məfhumu uzun illər boyu aparılan azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, onun polad iradəsi, vətənpərvərliyi və milli məfkurəsinin də simvoludur. Ötən əsrin sonlarında sovet əsarətindən qurtularaq müstəqilliyini yenidən bərpa etmək üçün ayağa qalxmış Azərbaycan xalqının mübarizliyi, öz suveren dövlətinə sahib olmaq üçün atdığı addımlar da misilsiz birlik və vətəndaşlıq nümunəsi olmuşdur. Məlumdur ki, 1991-ci il dövlət müstəqilliyimizin bərpası ilə nəticələnərək, xalqın öz taleyinə və Vətəninə sahib çıxma iradəsi tarixə qızıl hərflərlə həkk olundu. Zəfər təntənəsi ilə qeyd edilən 20 sentyabr - Dövlət Suverenliyi Günü ötən əsrin sonlarında başlanan azadlıq və birlik mübarizəsinin də bu gün əsas təcəssümlərindən biridir. Bu mübarizənin ilk rəhbər sərkərdəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, digər sərkərdəsi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Lakin həmin dövrdə hakimiyyətdə olan qüvvələr üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmədilər. XX əsrin sonlarında dövlət müstəqilliyinə yenidən sahib olmuş xalqın üzləşdiyi xaotik vəziyyətdən "faydalanan" mənfur qonşularımız öz işğalçı niyyətlərinə çatmaq üçün havadarlarının köməyi ilə torpaqlarımıza soxulmağa başladılar. O vaxt orduda vahid komandanlığın olmaması, rəhbərliyin səriştəsizliyi tarixi torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Ölkəmiz öz müstəqilliyini və varlığını itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda xalq təəssübkeşi olan, dahi rəhbər, qətiyyətli lider keyfiyyətlərini özündə birləşdirən Heydər Əliyev xalqın təkidli tələbi ilə dövlət rəhbərliyinə gətirildi. Belə bir kritik və təlatümlü məqamda rəhbər vəzifəyə gələn Ulu Öndər öz müqəddəs və ali missiyasının öhdəsindən bacarıqla gəlməyi bacardı. Təsadüfi deyildi ki, cəbhədə ilk uğurumuz da məhz Əbədiyaşar Komandan Heydər Əliyevin rəhbərliyi dövründə oldu. Dahi rəhbər Heydər Əliyevin Azərbaycanın dirçəlməsi üçün gördüyü işləri sadalamaqda sözlər belə kifayətsiz qalır. Lakin danılmaz faktdır ki, məhz onun gəlişi dövlət müstəqilliyimizin əbədi və dönməz olmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyev xalqımızın suverenlik və müstəqillik istəyinin gerçəkləşdirilməsində əsas həlledici amilə çevrildi.
Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və həmin ayın 15-də Ali Sovetin sədri, daha sonra isə dövlət başçısı olmaqla davam etdirdiyi 10 illik hakimiyyət dövrü tariximizin müstəqillik və suverenlik səhifələrinin mühüm mərhələləri oldu. Müstəqil dövlətin qurulması, habelə onun iqtisadi, siyasi, hərbi və digər mühüm aspektlərdə güclü rola malik olmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində nail olduq. 1993-2003-cü illər arasında müstəqilliyin əsas istiqamətləri olan ictimai-siyasi sabitlik, təhlükəsizlik, düzgün idarəçilik, bir sözlə, ölkə tərəqqisini təşkil edən baza sistemlərinin fəaliyyəti təmin olundu.
Nəticə etibarı ilə müstəqillik və suverenliyin əsas norma və hüquqi bazası dövlət başçısı Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlandı və nəticə olaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapdı.
Tarixi torpaqlarımızın işğalı
Yuxarıda qeyd olunduğu kimi, ötən əsrin sonlarında mənfur qonşularımızın terroru dəstəkləyən, şovinist rəhbərliyi ölkəmizə qarşı elan olunmayan müharibəyə başlamışdı. Tariximizin qanlı səhifələrindən biri olan Birinci Qarabağ müharibəsi Ermənistan silahlı birləşmələri, separatçı qüvvələr və onların havadarları tərəfindən təzə formalaşan ordumuza qarşı aparılırdı. Qəhrəman oğullarımız Vətən sevgisi ilə düşmənin qarşısını almağa çalışsa da, yaxşı təşkilatlanmış və təchiz olunmuş erməni silahlı dəstələrinin hücumlarını dayandırmaq o qədər də asan deyildi. Ordumuz döyüşə-döyüşə formalaşsa da, qarşı tərəf əksinə, öz havadarları hesabına daha hazırlıqlı vəziyyətdə idi. Bu da onların məkrli niyyətlərinə çatmaları üçün uzun müddət hazırlaşdıqlarının sübutu idi. Nəticədə beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini, humanizm dəyərlərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini uzun müddət işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran qoydu, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrimizi dağıtdı. Bütün bu problemlərə baxmayaraq, bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.
İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfər
30 ilə yaxın işğal müddəti boyunca Ermənistan tərəfi Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, danışıqların vaxtını uzatmaqla münaqişəni öz xeyrinə həll etmək istəyən erməni şovinistləri zaman-zaman öz çirkin niyyətlərini davam etdirmək üçün müxtəlf fitnə və çirkin üsullara əl atırdılar. Ermənistanda yeni hakimiyyətə gələn qüvvələr özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verirdi. Təbii ki, Azərbaycan tərəfi bu gedişata laqeyd qala bilməzdi. Çünki Azərbaycan xalqı heç bir zaman işğal faktorunu qəbul edə, tarixi yurd yerlərinin özgəninkiləşdirilməsi ilə barışa bilməzdi. 2016-cı ilin Aprel döyüşlərindən, 2018-ci ilin Günnüt zəfərindən və 2020-ci ilin Tovuz döyüşlərindən nəticə çıxarmayan Ermənistan silahlı birləşmələri, eləcə də işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı qüvvələr vaxtaşırı təxribatlara əl atmağa davam edirdilər. Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti məkrli əməlinə verilən cavab isə ona ömür boyu unuda bilməyəcəyi bir dərs oldu. Yeni işğalçılıq planları ilə bir daha çirkin əmələ əl atan mənfur qonşularımızın törətdiyi təxribat nəticəsində hərbçilərimizlə yanaşı, mülki vətəndaşlarımız da həyatlarını itirdilər. Baş verənlər xalqımızın qisas hissinə, ərazi bütövlüyü arzusuna mane ola bilməzdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə şanlı ordumuz düşmənə qarşı bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. İllərdir gözlənilən an artıq yetişmişdi. Azərbaycan Ordusu düşmənin belini qıracaq, şəhidlərimizin qisasını alacaq, nəticədə ərazi bütövlüyümüz tam təmin olunacaqdı. Belə də oldu. Üçrəngli şanlı bayrağımız müstəqilliyimizin və suverenliyimizin simvolu olaraq tarixi torpaqlarımız olan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Xocavənd və digər ərazi inzibati vahidlərimizdə dalğalanmağa başladı. Hər gün Böyük Qələbəyə daha da yaxınlaşırdıq. Hər bir azərbaycanlının qəlb qubarına çevrilən işğal faktoru Azərbaycan əsgərinin igidliyi, vətənpərvərliyi ilə sonlanırdı. Bir sözlə, xalq-ordu-Ali Baş Komandan birliyinin vəhdətindən "Dəmir yumruq" yarandı, və bu yumruq 30 il tarixi torpaqlarımızda qanunsuz məskunlaşan düşmən qüvvələrinin başını 44 günə əzdi. Hər günü bir ömrə bərabər olan İkinci Qarabağ müharibəsi düşmənin növbəti işğalçılıq planlarını və təcavüzkar siyasətini darmadağın etməklə ölkə hüdudlarında və hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının Vətən həsrətini sonlandırdı. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan əsgəri BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özü yerinə yetirdi.
Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması
44 günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycan ərazilərində mövcud olan separatçı qüvvələri ərazimizi tərk etmədi, xunta rejimi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədi, bu mövzularda konstruktiv davranmadılar. BMT-yə üzv olan dövlətlər tərəfindən tanınmayan qondarma rejimin hələ də işğal altında olan Azərbaycan ərazilərində fəaliyyətini davam etdirməsi, əlbəttə ki, müstəqil dövlətimiz tərəfindən qəbuledilməz idi.
Tərəflər arasında imzalanan 10 noyabr sənədinə əsasən, Azərbaycanın Qarabağ iqtisadi zonasında məskunlaşan ermənilər Ermənistanla əlaqəni ölkəmizin ərazisindən - Laçın üzərindən qurmalı idilər. Ermənistan hakimiyyəti və separatçı rejimin dırnaqarası rəhbərliyi bu yol vasitəsilə sosial problemləri həll etməklə məşğul olmaqdansa, Ermənistandan Azərbaycan ərazilərinə silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövlətinin səbrini sınayan Ermənistan və qondarma separatçı rejimin nümayəndələri revanşist və militarist bəyanatlarına ara vermədilər.
Azərbaycan hökumətinin qətiyyətli addımı nəticəsində peşəkarlıqla həyata keçirilən əməliyyat sayəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addımlardan biri idi. Bu, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyəti oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
2023-cü ilin antiterror əməliyyatı
Başına gələn rüsvayçı məğlubiyyətdən dərs çıxarmamağı bir yana, imzaladığı Bəyanatın şərtlərini icra etməkdən də boyun qaçıran Ermənistan tərəfi 2020-ci ildən sonrakı dövr ərzində də revanşist qüvvələrin təsiri altında sülh gündəliyindən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı. Hələ də tam geri qaytarılmayan tarixi ərazilərimizin işğalını uzatmaq üçün müxtəlif yollara və qanlı təxribatlara əl atdı. Ermənistan tərəfinin vaxt uzatması Azərbaycanın suverenliyi və dövlətçilik prinsipləri üçün ciddi təhdid idi. Azərbaycan Respublikasının suverenliyini fiziki olaraq bərqərar etməsinin son akkordu isə 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatı hesab edilə bilər. Bir gündən az davam edən əməliyyat nəticəsində Azərbaycanın hərbi qulluqçuları mülki insanların heç birinə xəsarət yetirmədən Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qondarma rejimin tör-töküntülərini tərk-silah edərək onları ağ bayraq qaldırmağa məcbur etdi, separatizmin kökü kəsildi.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən antiterror əməliyyatı uğurla başa çatdı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində şanlı Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, Azərbaycan Respublikasının suverenliyi və Konstitusiya quruluşu tamamilə bərpa olundu, coğrafi-inzibati vahidliyimiz tamamlandı.
“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edildi.
Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin mühüm hissəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən haqq mübarizəsinin rəmzi sonunu ifadə edir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror əməliyyatının və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması isə dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Başqa sözlə desək, Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir.
20 sentyabr “Dövlət Suverenliyi Günü” ölkəmizdə müstəqillik arzusunu səciyyələndirən mötəbər təqvim günlərindən biridir. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarışda (19.09.2024) qeyd olunduğu kimi: "Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".
Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. Bir sözlə, Azərbaycan xalqı dövlət suverenliyinə qovuşmaq üçün çox böyük və çətin yol keçmiş, işğalla, soyqırımla üzləşsə də, nəticə etibarı ilə üzləşdiyi bütün sınaqlardan sonda alnıaçıq çıxmağı bacarmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında" 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir.
2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yerə malikdir. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.
2025-ci ildə Dövlət Suverenliyi Gününün qeyd olunması Azərbaycan xalqı üçün xüsusi məna və əhəmiyyət daşıyır. Belə ki, 1995-ci ildə qəbul olunan Konstitusiyamızın 30 illiyi və Zəfər tariximizin 5-ci ildönümü ərəfəsində ölkəmiz həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə yeni inkişaf dövrünü yaşamaqdadır. Regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi, xalqın sosial rifah halının yüksəldilməsi istiqamətində atılan təxirəsalınmaz addımlar dövlət suverenliyimizi və müstəqilliyimizi daha da gücləndirir.
Sevindirici haldır ki, adıçəkilən mötəbər təqvim tarixi bu gün qədirbilən xalqımız tərəfindən böyük qələbə əhval-ruhiyyəsi və müqayisəolunmaz təntənə ilə qeyd edilir. Var olduğu gündən günümüzə qədər mənfur xarici qüvvələr tərəfindən hərbi təcavüz və hücumlara məruz qalan cəfakeş xalqımız milli-mənəvi dəyərlərini, dilini, adət-ənənələrini və ən əsası milli mənsubiyyətini qoruyub saxlamağı bacarmış, nəsildən-nəslə ötürə bilmişdir. Hər birimiz qalib ölkənin mənsubu olaraq çox yaxşı bilirik ki, tarixin uzun dövrünü əhatə edən dövlətçilik ənənələrimizin işıq saçan mayakı olan suverenliyimiz bu gün tam və sarsılmazdır.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"