Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Oktyabr 2025 15:35

Azərbaycan Ordusunda atletika birinciliyi keçirildi

2025-ci il üçün hazırlıq planına əasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atletika yarışları keçirildi. Yarışın ilk günündə cəlb olunan komandalar yarışın keçiriləcəyi Heydər Əliyev adına Hərbi İnstitutun idman şəhərciyinə toplaşdılar. Zabit Ramiz Qasımov komandaların yarışa hazır olduqları barədə zabit Cavid Ağayevə məruzə etdi. Sonra o, idmançılarla salamlaşdı və yarışın keçirilməsi münasibətilə onları təbrik etdi.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Zabit Cavid Ağayev komandaların tərkibi ilə tanış oldu. Onların rəhbərlərinə yarışın keçirildiyi müddətdə şəxsi heyətin intizamına, vaxtında yarışa təqdim olunmasına diqqət ayrılmasını xatırlatdı. Hər bir yarış iştirakçısını, ilk növbədə, yarışın tələblərinə uyğun fəaliyyət göstərməklə mübarizəni uğurla başa vurmaq üçün səylərini əsirgəməməyə çağırdı. Yarışın baş hakimi Cavid Ağayev hər bir idmançının əldə etdiyi nəticənin onun xal hesabına olduğu kimi yazılacağını bildirdi. Daha sonra onlara atletika yarışının qaydalarını izah etdi. Qeyd etdi ki, 100 metr məsafəyə qaçış, 3000 metr kross, hündürlüyə və uzununa tullanma, 4x400 metr məsafəyə estafet qaçış nəzərdə tutulub. Yarış iştirakçılarına təhlükəsizlik qaydalarını da çatdırdı.
Atletika yarışına ertəsi gün 3000 metr məsafəyə krosla "start" verildi. Heydər Əliyev adına Hərbi İnstitutun futbol meydançasında "start" və "finiş" xətləri əvvəlcədən çəkilmişdi. İdmançılar iki qrupa bölünərək mübarizəyə "start" xəttindən başladılar. Birinci qrupda ilk baxışdan Hərbi İnstitutun kursantları üstünlüyü əldə etsələr də, məsafənin başa çatmasına yaxın Hərbi Hava Qüvvələrinin atleti gizir Faqət Quliyev son anda bütün idmançıları ötərək "finiş" xəttini keçdi. Faqət Quliyev artıq bir neçə ildir bu idman növü üzrə ordu birincisi olub. Bəstəboy, yüngül bədən quruluşlu idmançı deyir ki, o, yalnız yarış öncəsi deyil, daim idmanla məşğuldur. Ona görə bu dəfə də ordu birinciliyini qoruya bilib.
İkinci qrupda yer alan HHQ-nin atleti baş leytenant Avsəddin Əlizadə yüksək göstərici ilə yadda qaldı. XTQ-nin kiçik çavuşu Əziz Hüseynovun da göstərdiyi nəticə ürəkaçan oldu. O, komandaya lazımi xal gətirdi.
İdmançılar daha sonra 100 metr məsafəyə qaçdılar. Mübarizə aparanlara komanda üzvləri alqışlarla dəstək olurdular. 100 metr məsafəyə qaçışda XTQ-nin təmsilçisi Həsənağa Bədəlov 11:41 saniyədə "finiş" xəttini keçərək birinciliyini təmin etdi. Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Əkbər İmanov əsgər Sədrəddin Hüseynzadəyə 11:86, 11:87 saniyə fərqi ilə məğlub olaraq ordu üçüncüsü oldu.
İlk baxışdan komandaların yarışlara ciddi hazırlaşdıqları onların apardıqları gərgin mübarizədən hiss olunurdu. Zabit Cavid Ağayev yarışın baş hakimi kimi yüksək nəticələr əldə etmiş atletlərə nəzər yetirərək onların gələcəkdə də ordu birinciliyinə daha yüksək səviyyədə hazırlaşmalarını tövsiyə etdi və dedi: "Ordu birinciliyində qazandığı yüksək nəticələrə görə hər bir idmançı fərdi qaydada təltif olunacaq. Bu cür mükafatlar idmançılarda növbəti yarışlara maraq oyadır və onları daha ciddi hazırlaşmağa sövq edir".
Yarışın yaddaqalan və maraqlı idman növlərindən biri də uzunluğa tullanma idi. İstənilən idman növü ciddi hazırlıq tələb edir. İlk baxışdan sadə görünən uzunluğa tullanmanın da yetərincə çətinlikləri və incəlikləri var. 
Yarışın gedişində hakim Ramiz Qasımov cədvələ nəzər yetirdi: “Hələlik sıralamada HHQ-nin idmançısı gizir Şahmar Şabanov 5,37 metr uzununa tullanmaqla liderliyini saxlayır. Yarış davam edir, nəticələr hər an dəyişə bilər”, - hakim dedi. "Gizir Şahmar Şabanov 6 ildir atletika üzrə yarışlarda iştirak edir. Hər dəfə də ya 1-ci, ya da 2-ci yerə çıxıb. Bu dəfə də onun liderliyini qoruyacağını öncədən demək tezdir". Yarışın sonunda məlum oldu ki, gizir Şahmar Şabanov ikinciliyi təmin edib.
Çox keçmir rekord yenilənir. XTQ-nin əsgəri Məhəmməd Oruclu 5,62 metr məsafəyə tullanmaqla cədvəldə liderliyini təmin etdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhəmməd Oruclu ilk dəfədir ordu birinciliyində iştirak edir. Peşəkar güləşçidir. Atletika üzrə uzunluğa tullanmada Ordu birincisi olmağın onun üçün qürurverici olduğunu dedi. Bundan sonra da atletika yarışlarına qatılmaq üçün daha ciddi hazırlaşacağına və rekordu yeniləcəyinə söz verdi.
Baş hakim Cavid Ağayev bildirdi ki, uzunluğa tullanmada start xətti hər bir idmançı üçün eynidir. Onlar müxtəlif məsafədə sürət götürərək məsafəni ölçmək üçün başlanğıc xətdən tullanırlar. İdmançılar başlanğıc xətti keçməməklə qum sahəsinə düşməlidirlər. Hər idmançıya 3 dəfə tullanmaq şansı verilir və ən yüksək göstərici onun xal hesabına yazılır.
Fərdi birincilikdə 3-cü yeri XTQ-nin təmsilçisi İzzət Əliyev 5,29 metr məsafəyə tullanmaqla təmin etdi.
Atletika yarışlarının uzunluğa tullanmada HHQ-nin və XTQ-nin atletləri nümunəvi çıxışları ilə digər komanda üzvlərinin marağına səbəb oldular. Hər bir komanda üzvünün də ürəyindən keçən bir hiss vardı: "Kaş mən də yarışda fərdi qalib olardım". Əminik ki, onların hər biri növbəti yarışlarda özlərini sınayacaq, qalib adını qazanacaq.
Birinciliyin ən yaddaqalan və gərgin mübarizə şəraitində keçən idman növü hündürlüyə tullanma oldu. Komandalar iki qrupa bölünərək mübarizəni davam etdirdilər. Birinci qrupda dörd komanda fərdi birincilik uğrunda yarışa atıldı. İdmançılar hakimlərin qərarı ilə 1,20 metr hündürlükdə mübarizəyə başladılar. Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Orxan Rüstəmli və XTQ-nin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Maarif İsmayılov qrupda sona qədər mübarizə aparan atlet oldular. Hərbi Hava Qüvvələrinin təmsilçisi Elnur Ağayev 1,50 metr hündürlükdə mübarizəni dayandırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Elvin Orucov fərdi birincilikdə finala çıxmasa da, yüksək göstəricilərlə yadda qaldı.
Zabit Cavid Ağayev bildirdi ki, komandalarda yaxşı nəticələr göstərən idmançılar var. “Amma onların bəziləri yarışın tələblərinə uyğun çalışmanı yerinə yetirmədikləri üçün xal itirirlər. Tələb olunan qaydalardan kənara çıxmaq olmaz. Onlar yarış öncəsi təlimatdan kənar məşq etdikləri üçün yanlış çalışmanı mənimsəyiblər. Bu da sonda istədikləri nəticənin əldə olunmasına təsir edib".
İkinci qrupda təmsil olunan idmançılar da fərdi çalışqanlıqları ilə yadda qaldılar. Qrup üzrə Heydər Əliyev adına Hərbi İnstitutun, HHQ-nin və XTQ-nin təmsilçiləri sona qədər gərgin mübarizə apardılar. 1,60 metr hündürlüyə tullanmada yenə Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Sərvan Məmmədov qalib gələrək qrupda liderliyini təmin etdi.
Hər iki qrupda atletlər 1,60 metr hündürlüyə tullanmaqla yarışa yekun vurdular. Onların heç biri bu mərhələni keçə bilmədi. Ən maraqlısı o oldu ki, hər iki qrupda birinci yerə çıxan Heydər Əliyev adına Hərbi İnstitutun kursantı oldu. Orxan Rüstəmli və Sərvan Məmmədov bütün mərhələləri eyni qaydada keçdikləri üçün fərdi qalibin müəyyən edilməsində hakimlərin də işi bir qədər çətinləşdi. Onlar fərdi qalibi müəyyən etmək üçün 1,63 metr hündürlüyə tullanmanı təşkil etdilər. Hər bir idmançıya 3 dəfə şans verilsə də, həmin hündürlüyü aşan olmadı. Sonda hakimlərin qərarı və idmançıların razılığı ilə püşkatma keçirildi. Orxan Rüstəmli birinci, Sərvan Məmmədov isə yarışın ikincisi oldular.
Yarışın sonuncu günü komandalar arasında 4x400 metr estafet qaçışı keçirildi. Hakimlər tərəfindən yarışacaq idmançıların tərkibi yoxlanıldı və komandalar 3 qrupa bölündülər. Hakim Cavid Ağayev idmançılara əvvəlcə yarışın qaydalarını və tələblərini çatdırdı. Hər idmançı üçün ayrılmış zolaq üzrə 400 metr məsafənin qaçmasını və estafet çubuğunun "finiş" xəttində komanda yoldaşına düzgün ötürülməsini bir daha hərbçi atletlərə xatırlatdı. Birinci qrupda yer alan komandalar - Heydər Əliyev adına Hərbi İnstitut, XTQ və Bakı Hərbi Kollecinin idmançıları mübarizəyə qoşuldular. XTQ komandası daha hazırlıqlı görünürdü. Amma Heydər Əliyev adına Hərbi İnstitutun atletlərinin də yarışa ciddi hazırlaşdıqları bəlli idi. Heydər Əliyev adına Hərbi İnstitutun idman kafedrasının rəisi zabit Ramiq Orucov kursantların yarış öncə hazırlaşdıqlarını və onların daha yüksək nəticələr göstərdiyini bildirsə də, yarış ərəfəsində XTQ-nin atletlərinin daha güclü olduqlarını qeyd etdi.
İkinci qrupda Mühəndis Qoşunları, Hərbi Polis, Raket və Artilleriya Qoşunları mübarizə aparsalar da, vaxt hesabına görə birinci qrupda təmsil olunan komandaları keçə bilmədilər.
Üçüncü qrupda yer alan CNHL, HHQ və HDQ də yarışa hazırlıqlı görünsələr də, estafet çubuğunun ötürülməsində bəzi komanda yoldaşlarının zəifliyi də üzə çıxdı. Buna baxmayaraq HHQ-nin komandası nümunəvi çıxışı ilə yadda qaldı. Komanda estafet üzrə ikinciliyini təmin etdi.
Beləliklə, Azərbaycan Ordusunda keçirilən atletika yarışları yekunlaşdı. Ertəsi gün fərdi və komanda qaliblərinin mükafatlandırılması keçirildi. Baş hakim tərəfindən fərdi qaliblərə medallar, 2-ci və 3-cü yer tutan komandalara diplomlar, qalib komandanın rəhbərinə isə kubok təqdim olundu. Sonda komandalar xatirə şəkilləri çəkdirdilər.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"