AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın Naxçıvan bölgəsində yaşayıb-yaradan Kəngərli tayfası xalqımızın orta əsrlər və müasir tarixində dərin iz qoymuş çoxlu görkəmli şəxsiyyətlər yetişdirmişdir. Belə görkəmli şəxsiyyətlərdən biri də 19-cu əsrdə Azərbaycan hərb tarixində mühüm rol oynamış general-mayor Kəlbəli xan Naxçıvanski olub. Rus yazıçısı Rudolf İvanov Kəlbəli xan haqqında yazırdı ki, o, dürüstlük nümunəsi və qorxmaz döyüşçüdür.
Kəlbəli xan Naxçıvanski 1824-cü ildə Naxçıvanda anadan olub. O, Naxçıvanın sonuncu xanı Ehsan xan Kəngərlinin oğlu, general-adyutant Hüseyn xan Naxçıvanskinin və süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Kəlbəli xan Naxçıvanski 14 yaşında Peterburqdakı zadəgan uşaqlarının təhsil aldığı Paj korpusu məktəbinə qəbul olunub, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olub. Sağaldıqdan sonra Kəngərli Süvari Alayında xidmətə başlayıb və 1848-ci ildə artıq Kəngərli Süvari Alayının komandiri vəzifəsində Dağıstan yürüşündə iştirak edib. Kəlbəli xan ilk hərbi rütbəsini ("praporşik") 1849-cu ildə alıb. Rusiya imperiyasının Hərbi Nazirliyinin əmrində yazılıb: "Sankt Peterburq. 1849-cu ilin 31 mart. No.8. Qeyri-nizami bölmələr barədə: Ali komandanlıqdan. Təltif edilir: Fərqlənməyə görə: Dağlılara qarşı yürüşdə fərqləndiyinə görə Kəngərli Süvari Alayından Naxçıvan sakini, bölmə rəhbəri Kəlbəli xan".
14 aprel 1851-ci ildən 1853-cü ilə qədər İrəvan hərbi qubernatorunun yanında xüsusi tapşırıqlar üzrə əvvəlcə kiçik sonra isə böyük zabit vəzifələrində xidmət edib. 30 yanvar 1853-cü ildə "podporuçik" rütbəsi alıb. Həmin ilin payızında Kəngərli Süvari Alayı yenidən təşkil edilib və 25 oktyabr tarixində Kəlbəli xan həmin alayın komandanı təyin edilib.
1853-1856-cı illər Krım müharibəsində onun komandiri olduğu alay Qafqaz korpusunun bir hissəsi kimi Qafqaz-Kiçik Asiya cəbhəsi boyunca müxtəlif hərbi əməliyyatlarda iştirak edib, şücaətlə vuruşub. 1854-cü ilin mayında podporuçik K.Naxçıvanski İrəvan Bəy Drujinasının komandanı təyin edilib. O, bu vəzifədə öz böyük qardaşı kapitan İsmayıl xan Naxçıvanskini əvəz edib.
İrəvan Bəy Drujinası rus qoşunlarının İrəvan alayının bölməsi olub. 1854-cü ilin 17 iyulunda 5 min nəfərlik İrəvan alayı general-leytenant Baron Vrangelin komandanlığı altında Səlim paşanın tabeliyindəki 16 min nəfərlik türk qoşununu Çınqıltəpə adlı ərazidə məğlub edərək Bəyazidi ələ keçirib. Türklərlə toqquşmada fərqləndiyinə görə Kəlbəli xan "poruçik" rütbəsi ilə təltif olunub. Növbəti ilin 15 aprel-17 iyul tarixindəki Çınqıltəpə döyüşündə süvari hücumundakı cəsarətinə görə 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə mükafatlandırılıb.
Həmin dövrdə onun cəsarəti belə təsvir edilib: "Podporuçik, İrəvan Bəy Drujinasının rəhbəri. Düşmən batareyasına hücum edərkən bu zabit bölmənin komandanı olmasına, tüfəng və toplardan atışlar edilməsinə baxmayaraq, batareyanın üzərinə atlamış, bir çox artilleriyaçını öz əli ilə öldürmüş və bir silah ələ keçirmişdir".
1856-cı ildə poruçik Kəlbəli xan İrəvan quberniyasını təmsil edərək Şimali və Cənubi Qafqazdan olan digər nümayəndələrlə birlikdə II Aleksandrın Moskvada taxta çıxma mərasimində iştirak edib. Həmin ilin avqustunda Qusar Mühafizəçiləri Alayına təyin edilib. Bu zaman o, İrəvan hərbi qubernatoru yanındakı vəzifəsindən azad olunub. 1857-ci ildə, Qacar şahının əmri ilə 2-ci dərəcəli "Şire-Xorşid" ordeni ilə mükafatlandırılıb. 12 aprel 1859-cu ildə xidmətdə fərqlənməyə görə "ştabs-rotmistr" rütbəsinə yüksəlib. 22 sentyabr 1859-cu ildə Kəlbəli xan Qafqaz Ordusuna göndərilib və orada tez bir zamanda rəşadət və bacarıqlarına görə komandanlığın hörmətini qazanıb. 3 aprel 1860-cı ildə "rotmistr" rütbəsinə layiq görülüb.
1862-ci ilin iyunun 22-də Kəlbəli xan İrəvan quberniyasının Zemstvo mühafizəsinə müfəttiş təyin edilib. Müstəsna xidmətlərinə və yüksək rəhbərlik qabiliyyətinə görə o, 19 aprel 1864-cü ildə "polkovnik" rütbəsinə layiq görülüb. 1867-ci il iyulun 19-da Kəlbəli xan müfəttiş vəzifəsindən azad edilib və yenidən Qafqaz Ordusuna göndərilib. 1871-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav" (imperiya tacı ilə) ordeni ilə təltif olunub. Kəlbəli xan Naxçıvanski 14 sentyabr 1874-cü ildə "general-mayor" rütbəsinə yüksəlib. 22 sentyabr 1875-ci ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeninə layiq görülüb.
Rus-Osmanlı (1877-1878) müharibəsi başladıqdan sonra Qafqaz Hərbi Dairəsinin 10 may 1877-ci il tarixli əmri ilə general-mayor Kəlbəli xan Naxçıvanski qeyri-nizami Süvari Briqadasının komandanı təyin edilib. Briqada İrəvan və Kurtinski qeyri-nizami dəstələrindən təşkil edilmişdi. Bu bölmə İrəvandakı rus qoşunlarının bir hissəsi idi və bu bölmənin tapşırığı sərhədi mümkün olan hücumlardan qorumaq olub. Bəyazidin Osmanlı qüvvələri tərəfindən 1877-ci ilin iyununda mühasirəyə alınmasından sonra əslində, Kəlbəli xan Naxçıvanskinin dəstəsi Bəyazidlə rus komandanlığı qərərgahı arasında yerləşən yeganə xətt olub.
İyunun 5-də Kəlbəli xan bir neçə yüz nəfərlik İrəvan süvarisini Bəyazid qalasındakı rus qüvvələrini gücləndirmək üçün göndərib. Dəstəyə onun qardaşı polkovnik İsmayıl xan Naxçıvanski komandanlıq edib. 10 iyun 1877-ci ildə İrəvanın hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi teleqramda general-mayor Kəlbəli xan Naxçıvanski yazırdı: "İndi Bəyazid şəhəri komendantının gizlicə saat 9-da göndərdiyi məktubu aldım. Bizim bütün qoşunlarımız ayın 6-sı, saat 10:00-dan Bəyazid qalasında mühasirədədir. Türklər bombardman edirlər, vəziyyət təhlükəlidir, əsasən orada suyun olmamasına görə. İtkilərimiz çoxdur, Patseviç yaralanıb, Kovalevski öldürülüb, bütün süvari atlarımız düşmən tərəfindən ələ keçirilib, alay tərəfindən göndərilən dəstəyimiz yoxdur, mümkün olan kimi bizə kömək edin, digər halda, biz məğlub olacağıq. Çox az gilizimiz var, düşmənin hücumları hələ də dəf edilir...".
Dəstəyə köməkçi qüvvələrin göndərilməsini gözləməyən Kəlbəli xan özü Bəyazidə doğru irəliləmək qərarına gəlib. Kəlbəli xanın 14 iyun 1877-ci ildə İrəvan hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi 54 nömrəli məruzədə deyilir: "Bəyazid qarnizonunun ortaq qurtarılması üçün general-mayor İvan Yeqoroviç Loris-Məlikovun gəlməsini gözləyərkən, mən Gəncə qeyri-nizami süvari alayından 100 nəfər Çınqıltəpə mövqelərinə yerləşdirdim. Ayın 12-si, saat 6:00-da mənə əmanət olunan Krım, Stavropol və İrəvan yerli taborundan 657 nəfər də daxil olmaqla 4 rota, polkovnik Preobrajenskinin komandanlığında İrəvan əyalətindən 71 yaraqlı, müxtəlif bölmələrdən 170 kazak, İrəvan qeyri-nizami Alayından 100 nəfər, 57 nəfər İrəvan əyalətindən mehtərlər, İrəvan-Kurtinski alayından 35 nəfər və Yelizavetpol əyalətindən 200 süvari və süvari komandanı polkovnik Perepelovski, əlahəzrətlərin adyutantı polkovnik Tolstoy ilə birlikdə Bəyazid yüksəkliklərinə doğru yola çıxdım. Günorta saat 3-də Bəyazidin 3 verstliyinə çatmamış düşmən mənim yürüşüm barədə xəbərdar oldu və mənimlə vuruşmaq üçün üzərimə yeriməyə başladılar. Saat 20:00-da toqquşma oldu, oradan irəliləməyin və ya orada durmağın mümkünsüz olduğunu gördükdən sonra 5 verst geri çəkildim. Daşlıçay çayı yaxınlığındakı dağıdılmış Qaraca kəndində açıq ordugah qurdum. Ayın 13-cü günü, saat 7:00-da mən Bəyazid və Təpəriz cinahlarından düşmənin süvari və alaylardan ibarət böyük qüvvə ilə üzərimizə yeriməyə başladığını gördüm. Müdafiə üçün uyğun mövqe olmadığı və qarşı qüvvələrin üstünlüyünü görüb daha əlverişli yerə geri çəkilmək qərarına gəldim, lakin düşmən şiddətlə cinahlarımıza doğru hücuma keçməyə başladı... Düşmənin hədəfinə çatmasına icazə verməyərək, 14:00-a qədər ağır atəş altında mən Qarabulaq kəndini keçdim və ondan 2 verst məsafədə müdafiə üçün güclü və əlverişli mövqe tapdım... Mənə çatan məlumata görə, düşmənin itkisi ağır olmuşdur - 11 ölü və 40 yaralı, bizim tərəfdən isə 13 aşağı rütbəli, 3 kazak və 2 yaraqlı, 7 at ölmüş, aşağı rütbəlilərdən 3 nəfər itkin düşmüşdür".
1877-ci ilin oktyabrında İrəvan alayının bir üzvü kimi Kəlbəli xan Muxtar paşa komandanlığındakı Osmanlı qüvvələri ilə döyüşdə iştirak edib. Bu döyüşdə Osmanlı ordusu məğlub edilib. Buna qədər həmin ordu Ərzuruma irəliləyən rus ordusunun qarşısını Dəvəboynu keçidində almaq istəyirdi. Həmin ilin 11 dekabrında general-mayor Kəlbəli xan 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə mükafatlandırılıb. 2 iyun 1878-ci ildə Kəlbəli xan 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə də mükafatlandırılıb. Bu mükafatlandırmalar 1877-ci ilin iyununda İrəvan alayının üzvü kimi osmanlılarla müharibədə göstərdiyi igidliyə və cəsarətə görə verilib.
13 iyul 1878-ci ildə o, 2-ci Süvari Diviziyasının komandanı təyin edilib. 8 dekabr 1878-ci ildə isə 23 oktyabr 1877-ci ildə Dəvəboynu döyüşündə göstərdiyi şücaətə və igidliyə görə II Aleksandr tərəfindən üzərində "İgidliyə görə" sözləri yazılmış, brilliantla bəzədilmiş qılıncla mükafatlandırılıb. 1879-cu ilin 24 yanvarında 1877-ci ildə osmanlılarla döyüşlərdə müxtəlif vaxtlarda göstərdiyi şücaətə görə 1-ci dərəcəli "Müqəddəs Anna" ordeninə layiq görülüb.
1880-ci ilin martına qədər Kəlbəli xan 1-ci Qafqaz Süvari Diviziyasının 2-ci alayının komandanı olub. Lakin səhhətində yaranan problemə görə vəzifəsini davam etdirə bilməyib və öz istəyi ilə vəzifədən ayrılıb. Alay komandanlığı vəzifəsini təhvil verən Kəlbəli xan süvari ordusuna qeydə alınaraq, Qafqaz ordusunun baş komandanı Böyük Knyaz Mixail Nikolayeviçin əmr zabiti olub.
General-mayor Kəlbəli xan Naxçıvanski 1883-cü ilin aprelində 59 yaşında vəfat edib.
Kəlbəli xan Naxçıvanski mayor Əhməd xan İrəvanski Makinskinin qızı Xurşud xanımla ailəli olub. Onların 8 övladı olub: Zeynəb bəyim (1851-?), Bədirnisə bəyim (1853-?), Ehsan xan (1855-1894), Cəfərqulu xan (1859-1929), Şah Cahan bəyim (1860-?), Rəhim xan (1860-?), Hüseyn xan (1863-1919) və Zərintac xanım (1866-?).
Zərintac bəyim bir vaxtlar İrəvan qubernatoru olmuş avar əsilli general Maqsud Əlixanov Avarskinin həyat yoldaşı olub.
Rusiya tarixçisi, qafqazşünas, Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, professor Rudolf İvanovun görkəmli şəxsiyyət haqqında yazdığı "Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi" adlı kitabı Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Ukrayna dilində çap olunub.
"Azərbaycan Ordusu"