AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış daxili çəkişmələr, gərgin siyasi vəziyyət, torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı dövlət müstəqilliyimizi təhlükə altına salmışdı. Belə bir mürəkkəb və olduqca təlatümlü dönəmdə xalqımızın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn parlaq zəkaya və möhkəm iradəyə malik Ümummilli Lider Heydər Əliyev fövqəladə siyasi uzaqgörənliyi və gərgin əməyi ilə Azərbaycan Respublikasını düşdüyü dərin siyasi böhrandan inamla çıxartdı.
Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunurdu. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli və vahid komandanlığa tabe olan nizami ordunun yaradılması, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji müqavilələrin bağlanması və nəticə olaraq xalqımızın azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. "Biz azadıq, biz müstəqilik, biz sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik", - deyən Ulu Öndər milli müstəqillik konsepsiyası və vahid azərbaycançılıq ideologiyası üzərində qurduğu müstəqil Azərbaycan Respublikasının bütöv olması, suveren hüquqlarının təmin olunması məqsədilə beynəlxalq siyasi arenalarda xalqımızın haqq səsini ucaldaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırdı.
Özündən sonra böyük siyasi irs buraxan xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin inamla yürütdüyü xarici siyasət ölkəmizin dünyadakı mövqeyini möhkəmləndirdi, milli strateji hədəflərin reallaşmasını təmin etdi, Azərbaycanı bölgənin güc, beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevirdi. Bütün bu dövrlər ərzində ölkəmizin ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpa olunması daim dövlətimizin diqqət mərkəzində oldu. Hər şeyi səbirlə, vaxtında, necə edəcəyini yaxşı bilən dövlətimizin başçısı ölkə vətəndaşlarının ruhuna hakim olmağı da bacardı.
Prezident İlham Əliyevin Ermənistan ilə Azərbaycan arasında mövcud olmuş münaqişənin sülh yolu ilə həlli istiqamətindəki məqsədyönlü fəaliyyətində siyasi uğurlar qazanılsa da, Ermənistanın işğalçılıq siyasəti və havadarlarının ölkəmizə qarşı qərəzli siyasi mövqeyi aparılan danışıqları nəticəsiz qoyurdu. Ali Baş Komandan bütün çıxışlarında, hətta beynəlxalq tədbirlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməməsi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun fəaliyyətsizliyi işğalçı Ermənistan silahlı qüvvələrini cəbhə bölgəsində yeni təxribatlara əl atmağa sövq edirdi. Artıq Ali Baş Komandan İlham Əliyevin çıxışları zamanı qeyd etdiyi "Azərbaycan bayrağını işğal altında olan bütün torpaqlarımızda qaldıracağıq" sözlərinin reallaşması üçün tarixi məqam yetişirdi.
Dövlətimizin başçısının ordu quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu və məqsədyönlü tədbirlərin nəticəsi olaraq 2016-cı ilin Aprel döyüşlərində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində, 2018-ci ilin mayında Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsi və strateji əhəmiyyətli yüksəkliklər azad olundu. 2020-ci il iyul ayında ordumuzun bölmələri Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi itkilər verərək onları geri oturtdurmağı bacardı.
Öz çirkin əməllərindən, pis niyyətlərindən əl çəkməyən işğalçı ordu yenidən təxribata əl atdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Həmçinin ordumuzun mövqelərinə yaxın kəndlərin atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar da oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.
Ermənistanın öz ordusu haqqında uydurduğu mif qısa zaman ərzində darmadağın edildi. Milli həmrəyliyin, güclü siyasi iradənin və effektiv hərbi strategiyanın gücü sayəsində 30 ilə yaxın işğal altında qalmış əzəli və tarixi torpaqlarımızı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində azad edərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Ədalətin və beynəlxalq hüququn, milli-mənəvi birliyimizin parlaq təzahürü olan Vətən müharibəsində, xüsusilə unikallığı ilə seçilən Şuşa döyüşlərində Azərbaycan Ordusu dünyanın ən güclü, modern, peşəkar ordularından biri kimi qəhrəmanlıq tarixi yazdı.
Vətən müharibəsindən sonraki dövrlərdə, o cümlədən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatında rəşadətli ordumuzun şanlı qələbəsi Azərbaycan xalqının iftixar və qürur simvollarına çevrildi. Bu əməliyyat nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası uğrunda gedən mübarizədə hərbi qulluqçularımızın şücaəti, xalqımızın bir yumruq kimi birliyi, həmrəyliyi indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir.
Əzmli və qətiyyətli olmağın, nə olursa-olsun, öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaradan dəyanətli, əzmkar və qalib xalqımız bütün bu uğurlara, əlbəttə ki, asanlıqla çatmadı. Bu tarixi Qələbənin qazanılmasında qəhrəman şəhidlərimizin, döyüş əməliyyatlarında sağlamlıqlarını itirən silahdaşlarımızın və döyüş iştirakçıları olan digər hərbi qulluqçularımızın misilsiz xidmətləri oldu. Onların igidliyi sayəsində qazanılan parlaq qələbənin nəticəsidir ki, hər birimizin and yeri, qürur mənbəyi olan üçrəngli bayrağımız ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Regional sülh və sabitlik üçün ciddi əhəmiyyət kəsb edən, xalq, dövlət və ordu birliyinin bariz nümunəsi olan Vətən müharibəsi və antiterror əməliyyatında yüksək döyüş hazırlığı nümayiş etdirmiş Azərbaycan Ordusunun bütün bölmələri böyük igidlik və şücaət göstərərək qarşıya qoyulan vəzifələrin icrasını uğurla yerinə yetirdi.
Üzərinə düşən tarixi missiyanı müvəffəqiyyətlə yerinə yetirən, azad olunmuş ərazilərimizdə mövqelərini daha da möhkəmləndirən rəşadətli Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa da öz layiqli töhfələrini verir, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığını gücləndirir.
Zəfər dolu döyüşlərdən təcrübə toplayan şanlı ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüş qabiliyyətini gündən-günə daha da təkmilləşdirir. Dövlətimizin başçısının dediyi kimi "...Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür". Əminik ki, şanlı döyüşlərdə Zəfər qazanmış, xalqımıza Böyük Qələbənin sevincini yaşatmış rəşadətli ordumuz bundan sonra da ərazi bütövlüyümüzün, suverenliyimizin və təhlükəsizliyimizin əsas təminatçısı olacaqdır.
Elçin İMANOV
"Azərbaycan Ordusu"