Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2025 13:34

Naxçıvanda şəhidlərin anım mərasimləri keçirildi

44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi. Erməni mifləri ordumuz tərəfindən darmadağın edildi. Düşmən bu məğlubiyyətin acısı ilə əbədi yaşayacaq, biz isə qalib xalq olaraq qürurla addımlayacağıq. Bu qüruru bizə yaşadan qəhrəman oğullarımızdır. Onlardan biri şəhid zabitimiz mayor Rahib Bəxtiyar oğlu Babayevdir.
Rahib Babayev 19 iyun 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alıb, daha sonra təhsilini Naxçıvan şəhər 14 nömrəli məktəbdə davam etdirib. 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, 2002-2006-cı illərdə isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda hərb sənətinin incəliklərinə yiyələnib. 2006-cı ildə "leytenant" hərbi rütbəsi alaraq Azərbaycan Ordusunun sıralarında zabit kimi xidmətə başlayıb. Mayor Rahib Babayev İkinci Qarabağ müharibəsi zamanı şəhid olub və Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. 
Bu günlərdə şəhidimizin əziz xatirəsi doğulub boya-başa çatdığı Naxçıvanda ehtiramla yad edildi. Anım mərasimində şəhid ailələrinin üzvləri, döyüşlərdə yaralananlar, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak etmişdilər. 
Tədbirdə şəhidin həyat və döyüş yolu haqqında danışan yaxınlarını və doğmalarını dinləmək imkanımız oldu. Rahibin döyüş yoldaşları onu xatırlayaraq bildirdilər ki, mayor Babayev uzun müddət xidmət etdiyi Murov silsiləsini əllərinin içi kimi tanıyırdı. Vətən müharibəsinin ilk günlərində strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində şəxsən iştirak edib. Silahdaşlarının sözlərinə görə, o, düşmənin qoyub qaçdığı iriçaplı silahları onların özlərinə qarşı istifadə edərək bir neçə texnikanı məhv edib. Döyüş yoldaşları Rahibi mərd, qorxmaz və cəsarətli komandir kimi xatırlayırlar: "Rahib düşmən üzərinə cəsarətlə, qorxmadan gedirdi. Qolundan ağır yaralansa da, döyüş meydanını tərk etməyib. Yaralı halda həm döyüşüb, həm də əsgərlərin həyatını xilas edib. Xeyli sayda düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Ağır döyüşlər zamanı sentyabrın 30-da düşmənin artilleriya mərmisi nəticəsində yaralanaraq şəhidlik zirvəsinə yüksəlib". 
Şəhidin qardaşı Bilal Babayev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək Rahib ilə bağlı xatirəsini bölüşüb: "Qardaşımla çox xatirələrim olmayıb, olanlar da uşaqlıq illərinə təsadüf edir. Onunla məktəbə birlikdə getməyimizi indi də xatırlayıram. O, böyük qardaş kimi mənim dayağım idi. Toy mərasimimdə Rahib mənə xoş diləklərini çatdırmışdı. Təəssüf ki, bu gün igid qardaşımın anım mərasimində çıxış edirəm. Bu, mənim üçün çox ağır olsa da, bir o qədər də qürurvericidir. Allah bütün şəhidlərimizin ruhunu şad etsin". 
Rahib Babayev xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərman və medallarla, eləcə də Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunub. Onun ən böyük arzusu Kəlbəcərin azad edilməsini görmək idi. Mayor Rahib Babayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. 
Şəhidimizin üç övladı yadigar qalıb. Atasından fəxrlə danışan qızının dediklərini dinlədik: "Mən atamı çox tez itirdim, amma o, bizə Vətəni sevməyi, bayrağa bağlılığı öyrətdi. Mənim atam şəhid olmazdan əvvəl mənim qəhrəmanım idi, indi də xalqın qəhrəmanıdır. Mən fəxr edirəm ki, belə bir atanın qızıyam".

* * *

Şəhid kapitan Seymur İlham oğlu Cabbarovun ildönümü münasibətilə Şərur rayon Şəhidlər xiyabanında anım mərasimi keçirildi. 
Tədbirdə Şərur rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis şöbəsinin əməkdaşları, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri, Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri, şəhid ailələri, döyüşlərdə yaralananlar, Çərçiboğan kənd tam orta məktəbinin kollektivi və kənd sakinləri iştirak etdilər. 
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 
Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı qələbədən danışdılar. Qeyd olundu ki, şəhidlərimizin və döyüşlərdə sağlamlığını itirənlərin canı və qanı bahasına torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu müharibə yalnız torpaq uğrunda deyil, həm də haqq uğrunda aparılıb. Azərbaycan öz doğma torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququn bərpası uğrunda mübarizə aparıb. Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalanlardan biri də kapitan Seymur Cabbarov olub. O, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində böyük igidlik göstərib, oktyabrın 3-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Şərur rayon Şəhidlər xiyabanında dəfn edilib. 
Seymur Cabbarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi, iki övladı yadigar qalıb. 

* * *

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış baş leytenant Həmid Oruc oğlu Qasımovun anım mərasimi doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qabıllı kəndində keçirildi. 
Mərasimdə ictimaiyyətin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, polislər, hərbçilər və kənd sakinləri iştirak etdilər. 
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət Himni səsləndirildi. 
Tədbirdə çıxış edən Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd etdi ki, Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır. O, vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində 30 ilə yaxın həsrətə son qoyuldu, tarixi ədalət bərpa edildi. İcra başçısı 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından da bəhs edərək vurğuladı ki, həmin əməliyyatla ölkəmizin suverenliyi tam təmin edildi. Şəhid Həmid Qasımovun igidlik yolundan danışan icra başçısı onun Suqovuşan uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətindən söz açdı: "Baş leytenant Həmid Qasımov kimi igid oğullarımız öz canları bahasına bizə bu zəfəri yaşatdılar. Onların fədakarlığı, Vətən sevgisi gələcək nəsillərə örnəkdir".
Çıxışlarda, həmçinin Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva, şəhid Gülməmmədov Aminin atası, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Ali Məclisin deputatı Təbriz Zeynalov, şəhid anaları şəhidimizin ailəsinə dərin ehtiramlarını bildirərək qeyd etdilər ki, Həmid kimi cəsur el oğulları Vətənin əbədiliyinin, azadlığının və müstəqilliyinin rəmzidir. Hər birimiz üçün ən böyük borc onların igidliklərini unutmamaqdır.

Bəxtiyar ƏLİYEV "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi