Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2025 13:34

Sentyabrda başlayan mübarizə noyabrda milli qürurumuza çevrildi

İlin yay fəslini beləcə başa vurduq. Heç bilmədik bu yay nə vaxt başladı, nə vaxt bitdi. Zaman elə sürətlə ötüb keçdi ki. Yay fəsli öz yerini payıza verdi. Payızın sərin nəfəsi torpağa toxunduqca, həzin əsən küləklər bir az da kəskinləşir, təbiəti silkələyir, ağacların yarpaqları saralır, solur, xəzələ dönür və ətrafa səpələnir. Əslində qızıl payızın mənzərəsi çox gözəldir. 
5 il bundan əvvəlin qızıl payızı isə tamamilə fərqli idi. Azərbaycan Ordusu döyüş meydanında düşmənə qan uddurur, işğalda olan yurd yerlərimizi azad edərək xalqımıza qələbə sevincini yaşadırdı. Xalqımız həmən payızı başqa duyğularla - tarixi torpaqlarımızın azad olunmasının həyacanı, ondan sonrakı payızları isə - qalib xalq, qalib ordu ovqatı ilə qarşıladı.
2020-ci ilin payızı... Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribatlar törədərək ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutdu. Nəticədə hərbi qulluqçu və sakinlər arasından həlak olanlar oldu, mülki infrastrukturlara ciddi ziyan dəydi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. İllərdir bu əmri gözləyən cəsur döyüşçülərimiz hər qarış torpaq uğrunda mübarizəyə atıldılar. Yüksək döyüş qabiliyyətinə malik, müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusu döyüş meydanında sarsıdıcı zərbələr endirərək düşmənin canlı qüvvələrini məhv etdi, zirehli texnikalarını sıradan çıxardı. Qətiyyətli, çevik, güclü ordumuzun qarşısında aciz qalan düşmən yeganə çıxış yolunu döyüş meydanından qaçmaqda gördü. Ordumuz düşmən üzərinə irəliləyərək ərazilərimizi ard-arda azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan və digər bölgələrin işğaldan azad edilməsi həm hərbi qələbə, həm də bu qələbənin qazanılmasında xalqımızın dəmir iradəsinin, milli birliyinin bariz nümunəsi oldu. 2020-ci ilin payızı 30 ilə yaxın işğalda qalmış torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi kimi tarixləşərək hər bir azərbaycanlının qəlbində xüsusi yer tutdu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğalda olan ərazilərimizin ordumuzun bölmələri tərəfindən azad olunması xəbəri xalqımızda Böyük Qələbəyə olan inamını daha da artırırdı. Mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin azad olunması ilə düşmənin müqaviməti tam qırıldı, xalqımızın ruh yüksəkliyi isə daha da artdı. Döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun gücü və xalqımızın möhkəm iradəsi bütün dünyaya nümayiş olundu. Bu həm də milli qürurumuzun rəmzi və qəhrəman döyüşçülərimizin göstərdikləri şücaətlərin nümunəsi oldu.
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın kapitulyasiyasını əks etdirən sənəd olmaqla yanaşı, bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bunlardan biri Ağdam, Kəlbəcər və Laçının heç bir döyüş əməliyyatı olmadan Azərbaycana qaytarılması oldu. Ağdam 2020-ci il noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Düşmənin Ağdamda yaratdığı mühəndis istehkamlarının, səngərlərin, bunkerlərin mövcudluğu, ərazinin başdan-başa minalanması, Kəlbəcər və Laçının mürəkkəb relyefi, qış ayının yaxınlaşması ilə əlaqədar aparılacaq döyüş əməliyyatlarının çətinləşməsi bu rayonların müharibə və işğaldan azad edilməsinin hansı itkilər hesabına başa gələcəyini təsəvvür etməyə imkan yaradır.
İkinci Qarabağ müharibəsi ilə Azərbaycan xalqının tarixinə yeni bir səhifə yazıldı. Bu səhifə həm qəhrəman şəhidlərimizin canı, həm döyüşlərdə sağlamlıqlarını itirənlərimizin qanı, həm də hərbi qulluqçularımızın igidliyi ilə işıqlandı. 2020-ci ilin sentyabrında başlayan mübarizə noyabrda milli qürurumuza çevrildi. Xalqımız bir daha sübut etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, barışmadı da... Ədalət mütləq bərpa olunacaq, olundu da...
Vətən müharibəsi dövlətimizin gücü, Azərbaycan Ordusunun qüdrəti, xalqımızın birliyi ilə qazanılmış tarixi Zəfərdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi müasir tariximizə şanlı səhifə kimi yazıldı. Azərbaycan xalqı 2020-ci ilin payızından alnıaçıq, üzüağ çıxdı və Böyük Zəfəri qazandı. Bu zəfər dövlətimizin qətiyyətini, ordumuzun gücünü, xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. 

Kifayət ƏLİYEVA "Azərbaycan Ordusu"