AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu günlərdə Şəmkir rayonunun Xuluf kəndində şəhid Ruslan Qəhrəmanovun doğum gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, şəhidin təhsil aldığı orta məktəbin şagird və müəllim kollektivi, döyüşçü yoldaşları və qonaqlar iştirak ediblər. Şəhid Ruslan Qəhrəmanovun həyatı və keçdiyi döyüş yolundan qısa məlumat verilib.
Şəhid kapitan Qəhrəmanov Ruslan Mehman oğlu 6 oktyabr 1988-ci ildə Almaniyada hərbçi ailəsində anadan olub. 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra valideynləri ilə doğma Azərbaycana qayıdıb. Ata yurdu Şəmkir rayonunun Xuluf kəndində yaşayıb və orada orta məktəbə gedib. 8-ci sinfi bitirdikdən sonra sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edib. Dövlət İmtahan Mərkəzində imtahan verərək liseyə qəbul olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirəndən sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub. "Motoatıcı" ixtisası üzrə ali hərbi məktəbi bitirən Ruslan cəbhə bölgəsində zabit kimi xidmətə başlayıb. Yüksək bilik və bacarıqları ilə qısa zamanda komandirlərinin rəğbətini qazanıb. Fiziki hazırlığını daim artıran Ruslan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmək qərarına gəlib. O, burada da həm bilik səviyyəsinə görə, həm də idman normativlərini vaxtında yerinə yetirməsi ilə seçilib. Zabit bir neçə dəfə xarici ölkələrdə təlim kurslarında iştirak edib. Onun qazandığı bu təcrübə peşəkarlığını daha da artırıb. 2020-ci il sentyabrın 27-də düşmən cəbhənin bir neçə istiqamətində hücuma keçib. Ordumuzun təmas xəttində yerləşən bölmələr düşmən hücumunun qarşısını alıb və onu ağır itkilərə düçar edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusuna əks-hücum əmri verdi. Həmin vaxt Ruslanın xidmət etdiyi bölmə Murovdağ istiqamətində döyüşə atılıb. Ruslan və onunla döyüşən silahdaşları düşmənin əsas hədəflərini məhv ediblər. Daha sonra onların hücum istiqaməti dəyişdirilib. Füzuli və Cəbrayıl istiqamətində əks-hücumu davam etdirən ordumuzun bölmələri uğurlu nəticələr əldə edib. 5 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə Ruslan Qəhrəmanov düşməni ağır itkilərə düçar edənlərin sırasında olub. Düşmənin atdığı güllə igid zabitimizin həyatına son qoyub.
Ruslan Mehman oğlu Qəhrəmanov ailəli idi. Onun 3 övladı atasının adına layiq böyüyür.
Şəhid Ruslan Qəhrəmanov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
Atası Mehman Qəhrəmanov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb və müharibə əlilidir.
Anım gününə gələnlər şəhid kapitan Ruslan Qəhrəmanovun məzarını ziyarət ediblər və gül dəstələri qoyublar. Şəmkir rayon icra hakimiyyətinin nümayəndəsi, döyüşçü dostları, müəllimlər və başqaları çıxış edərək şəhidin həyatından və keçdiyi döyüş yolundan bəhs ediblər.
Sonda Mehman Qəhrəmanov tədbirə gələnlərə ailəsi adından təşəkkür edib.
Mübariz MUSAOĞLU
Şəmkir şəhəri