Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2025 18:06

Özünütəlqin metodları

(Əvvəli 68-ci sayımızda)

Komandir-rəislər psixoloji cəhətdən, həqiqətən də, möhtəşəm gücə malik olan özünütəlqin metodları düşünməklə və şəxsi heyətə aşılamaqla intizamın, qarşılıqlı münasibətlərin, müxtəlif xidməti və döyüş tapşırıqlarının müvəffəqiyyətlə icrasına nail ola bilərlər.
Özünütəlqin metodlarından düzgün istifadə etmək, fəaliyyət şəraitinə və vəziyyətinə uyğunlaşdırmaq hər bir komandir-rəis heyətinin üzərinə böyük məsuliyyət qoyur. Özünütəlqin düzgün tətbiq olunarsa, hərbi qulluqçular özlərini daha məsuliyyətli və üzərlərinə düşən vəzifələrin icrasına sadiq hiss edərlər.
Bu metodlardan istifadə bölmədə, sadəcə, motivasiya üçün deyil, həm də daxili nizamın və şəxsi heyətin psixoloji davamlılığının formalaşması üçün vacibdir.
Bu metodların başlıcası Hərbi Andımızdır. Çünki ən güclü özünütəlqin vasitəsi olan Hərbi Andı dərindən, şüurlu olaraq qavrayan, onun tələblərini yerinə yetirməyə çalışan hərbi qulluqçunun xidməti vəzifələrinin icrası zamanı üzərində nəzarətə bir o qədər də ehtiyac duyulmur. 
Nəyəsə and içmək, insanı o işi mütləq görəcəyinə motivasiya edən ən güclü vasitə və stimuldur. Çünki and içən insan andına sadiq olmaq üçün bütün daxili güc və imkanlarını səfərbər edərək özünə hər bir vəziyyətdə hakim olur, bütün çətinliklərə, əziyyətlərə və məhrumiyyətlərə asanlıqla qatlanmağı bacarır. 
And içmək insanın daxili motivasiyasını gücləndirir. Hərbi qulluqçular şüurlu surətdə Hərbi Andın məsuliyyətini dərk etdikdə, daxilən özlərinə nəzarətləri artır, çətinliklərə sinə gərməyə hazır olurlar.
Hərbi And, əsgərin vicdanı qarşısında verdiyi söz kimi, onu daima yüksək əxlaqlı və intizamlı davranmağa sövq edir.
Lakin burada vacib bir xüsusiyyət də vardır ki, o da əsgərlərdə inam formalaşdırılmalıdır. Çünki insan inamsız yaşaya bilmədiyi kimi komandirlər də xidmətin ilk günlərindən, hətta ilk saatlarından əsgərlərin inamını qazanmalı, eləcə də onlarda hərbi xidmətin müqəddəsliyinə, bir-biriləri ilə münasibətlərin qarşılıqlı inam və səmimiyyət çərçivəsində qurulmasına, döyüş yoldaşlığının müqəddəsliyinə inam yaratmalıdırlar. Bunun üçün ilk növbədə komandir-rəis heyəti öz dediklərinə özləri inanaraq və şəxsi nümunə olaraq əsgərləri inandırmağı bacarmalı və onları ruhlandırmalıdır.
Bölmədə inam formalaşdırmaq komandirin ilk vəzifəsidir. Çünki əsgərin komandirə inamı, onun əmrlərinə tabe olmasında və ruh yüksəkliyində birbaşa rol oynayır. Əsgərlərin komandirə və bir-birilərinə inamı olmasa, bölmədə fərdi, eləcə də birgə fəaliyyət və döyüş qabiliyyəti zəifləyir.
Hərbi nizamnamələr, hərbi xidmətədək cəmiyyətin müxtəlif təbəqələrində və müxtəlif ailələrdə böyüyərək əsgərlərdə ilk növbədə vahid davranış və münasibət modeli formalaşdırmaq üçün əsas vasitədir. Eyni zamanda, hərbi xidmətin və komandanlığa sədaqətin vacibliyini öyrətmək və aşılamaq işində hərbi nizamnamələrin təsir gücü inkaredilməz dərəcədə böyükdür. Hərbi nizamnamələrin tələblərinin bölmələrdə dərindən mənimsənilməsinə nail olan komandir-rəis heyəti şəxsi heyətdə hüquqi və psixoloji hazırlığı gücləndirir.
Komandir-rəislərin əsas missiyası yalnız əmrlər vermək deyil, psixoloji və mənəvi liderlik nümayiş etdirməkdir. Özünütəlqin, inam formalaşdırmaq, Hərbi And və nizamnamələrin tətbiqi bu liderliyin əsas alətləri sayılır. Komandirin öz dediklərinə inanması və tətbiq etməsi, əsgərin də inanmasına səbəb olur.
Komandir öz davranışı, sözləri, yanaşma tərzi və münasibətilə nümunə olmalı, şəxsi heyətdə inam aşılamalı, öyrətməli və onlarda daima ruh yüksəkliyi yaratmalıdır. Qoşunlarda, bölmələrdə hərbi nizamnnamələrin maddələrinin izahı və gündəlik həyatla əlaqələndirilməsi, əsgərlərin həmin normaları mənimsəmələrini asanlaşdırır. Buna görə də əsgərlərdə hərbi xidmətin müqəddəsliyinə, bir-biriləri ilə münasibətlərin qarşılıqlı inam və səmimiyyət baxımından qurulmasına, döyüşçü yoldaşlığının müqəddəsliyinə inam yaratma işində komandir-rəis heyəti ilk növbədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərini, xüsusilə "Hərbi qulluqçuların ümumi vəzifələri"ni (1-6-cı maddələr), "Rəislər və tabe olanlar, böyüklər və kiçiklər" (9-13-cü maddələr), "Əmrlərin verilməsi və yerinə yetirilməsi qaydaları"nı (14-16-cı maddələr) rəhbər tutmalıdırlar. 
Çox yüksək mənəvi dəyərlərə əsaslanaraq tərtib edilmiş "Hərbi qulluqçuların ümumi vəzifələri"nin hər bir cümləsini xüsusi vurğulayaraq əsgərlərin qarşısında izah edən komandir-rəis heyəti artıq sözə ehtiyac olmadan şəxsi heyətə yüksək özünütəlqin və döyüşçü yoldaşlığına inam hissi, "Rəislər və tabe olanlar, böyüklər və kiçiklər"ə aid maddələri izah edib öyrətməklə hərbi qulluqçuların bir-birilə qarşılıqlı münasibətlərinin qanunauyğunluğunu, "Əmrlərin verilməsi və yerinə yetirilməsi qaydaları"nı izah edib öyrətməklə hərbi qulluqçuların bir-birilə tabeçilik münasibətlərinin və icraçılıq düşüncəsinin formalaşmasına stimul verər, bu maddələrin öyrənilməsini tələb etməklə bu işi gücləndirər və onlarda yüksək daxili özünənəzarət və intizam yaratmış olarlar.


“Hərbi qulluqçuların ümumi vəzifələri”ndə göstərildiyi kimi:


1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəninin - Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, Hərbi Andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım gəldikdə canını da əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.
2. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı, ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli, sayıq olmalı, hərbi və dövlət sirlərini ciddi surətdə saxlamalıdır.
3. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır.
4. Hərbi qulluqçu:
- döyüş əməliyyatları aparmağın, yaralılarla, xəstələrlə, gəmi qəzasına uğramış şəxslərlə və döyüş əməliyyatları rayonunda mülki əhali ilə, eləcə də hərbi əsirlərlə rəftar etməyin beynəlxalq qaydalarını öyrənməyə və ona riayət etməyə;
- Vətən qarşısındakı öz Hərbi Andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu axıra qədər yerinə yetirməyə;
- ondan asılı olmayan səbəblərə görə döyüş əməliyyatlarının gedişində (yaranmış döyüş şəraitinə görə) öz qoşunlarından ayrı düşmək nəticəsində və düşmənə müqavimət göstərməyin bütün üsul və vasitələrindən istifadə edib qurtardıqdan sonra, yaxud ağır yara, kontuziya nəticəsində köməksiz vəziyyətdə əsir düşdükdə özünü və yoldaşlarını əsirlikdən azad etmək üçün hər hansı imkandan istifadə etməyə borcludur.
5. Hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır.
Hərbi qulluqçu onunla bağlı baş vermiş hadisələr və ona tutulmuş iradlar barəsində özünün bilavasitə rəisinə məlumat verməlidir.
6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər.
Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər.
Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə raportu yalnız komanda üzrə verə bilər.
Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə İntizam Nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.

“Rəislər və tabe olanlar, böyüklər və kiçiklər”də göstərildiyi kimi:


9. Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır.
Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar.
10. Xidmət üzrə hərbi qulluqçuların müvəqqəti də olsa tabe olduqları rəislər birbaşa rəislər sayılırlar.
Tabelikdə olana ən yaxın birbaşa rəis bilavasitə rəis adlanır.
11. Həqiqi hərbi xidmətdə olan aşağıdakı rütbəli hərbi qulluqçular rəis hesab olunurlar:
- generallar, polkovniklər - bütün kiçik zabitlər, gizirlər, çavuşlar və əsgərlər üçün;
- polkovnik-leytenant, mayor - bütün gizirlər, çavuşlar və əsgərlər üçün;
- bütün kiçik zabitlər - bütün çavuşlar və əsgərlər üçün;
- bütün gizirlər - xidmət etdikləri hərbi hissənin çavuşları və əsgərləri üçün.
12. Hərbi qulluqçular tutduqları vəzifəyə və hərbi rütbələrinə görə biri o birinə münasibətdə rəis və yaxud tabe olan deyillərsə, böyük və ya kiçik ola bilərlər.
Böyüklük hərbi qulluqçuların hərbi rütbəsi ilə müəyyən edilir. 
Hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub onlardan hərbi intizama, ictimai qayda-qanuna, geyim formasını geyinmə, həmçinin davranış və salamlaşma qaydalarına riayət etmələrini tələb etmək hüququna malikdirlər. Rütbəcə kiçiklər böyüklərin bu tələblərini sözsüz yerinə yetirməlidirlər. 
13. Bir-birinə tabe olmayan və birgə xidmət edən hərbi qulluqçuların bir-birinə xidməti münasibətləri onların komandiri (rəisi) tərəfindən müəyyən edilməmişsə, onda daha böyük vəzifəli, vəzifələri eyni olduqda daha böyük rütbəli hərbi qulluqçu rəis hesab olunur.

“Əmrlərin verilməsi və yerinə yetirilməsi qaydaları”nda göstərildiyi kimi:


14. Əmrləri bir qayda olaraq tabelik üzrə verirlər. 
Böyük rəis zəruri hallarda tabe olana, onun bilavasitə rəisinə bidirmədən əmr verə bilər.
15. Hərbi qulluqçuya əmr verildikdə o, "Oldu" cavabını verərək əmri yerinə yetirməlidir. Zəruri hallarda tabelikdə olanın verilən əmri düzgün başa düşdüyünə əmin olmaq məqsədi ilə rəis verilən əmri qısa şəkildə təkrar olunmasını ondan tələb edir.
Əmr yerinə yetirildikdən sonra hərbi qulluqçu bu barədə əmri vermiş rəisə və özünün bilavasitə rəisinə məlumat verməlidir.
16. Əgər əmri yerinə yetirən hərbi qulluqçu vəziyyətinə görə daha böyük olan rəisdən yeni əmr alarsa və bu əmrin yerinə yetirilməsi birinci əmrin icrasına mane olarsa, hərbi qulluqçu bu barədə ikinci əmri verən rəisə məlumat verməlidir və o əmrini təsdiq etdikdən sonra sonuncu əmri yerinə yetirməlidir.
İkinci əmri verən rəis bu barədə birinci əmri verən rəisə xəbər verməlidir.
Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi Daxili Xidmət Nizamnaməsinin maddələrinin tabelikdə olan şəxsi heyətə öyrədilməsi və tələb edilməsi daxili nizam-intizamın qorunması, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin sağlam inkişafı və müxtəlif xidməti, döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əsas rol oynayır.
Əminəm ki, Nizamnamə maddələrinin sadəcə rəsmi tələbkarlıq mövqeyindən deyil, eyni zamanda, şəxsi heyətdə özünütəlqin formalaşdırmaq məqsədilə izah edilməsi, mahiyyətinin və əhəmiyyətinin çatdırılması həm şəxsi heyətin məsuliyyət hissini artırmış, həm də daxili xidmətdə sabitliyi təmin etmiş olar.

P.S. Məqalənin hazırlanmasında Daxili Xidmət Nizamnaməsindən və psixologiyaya aid müxtəlif vəsaitlərdən istifadə olunmuşdur.

Fərhad MƏCİDLİ