Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2025 18:05

Tarixi ədalətin bərpası

Haqq və ədalət... Bu, hər bir dövlətin, hər bir xalqın ən qiymətli dəyərlərindən biridir. Bu prinsiplər olmadan dövlətin güclü olmasından, cəmiyyətin inkişafından danışmaq mümkün deyil. Tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqı daim haqqını qorumağa çalışmış, lakin zaman keçdikcə ədalətsizliyin, haqsızlığın acı reallıqları ilə üzləşmişdir. Vaxtilə torpaqlarımızın bir hissəsinin işğal altında olması, soydaşlarımızın doğma yurd-yuvalarından, isti ocaqlarından ayrı düşməsi bu ədalətsizliyin sübutudur. Xalqımız uzun illər ərzində haqqımıza göz dikmiş qara qüvvələrin haqsızlığına səbir və mətanətlə dözdü, lakin haqq-ədalətin bərpa olunacağına inamını heç vaxt itirmədi.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı haqsız ərazi iddiaları və silahlı təcavüzü xalqımızın tarixində ən faciəli səhifələrdən biri oldu. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, dinc əhali qətlə yetirildi, insanlar yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar.
1988-ci ildə Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsinə hücum edərək orada yaşayan azərbaycanlıları öz doğma yerlərindən qovub çıxardılar. Onlar Xankəndidə mitinqlər təşkil etməklə yanaşı, silahlı dəstələr də formalaşdırmağa başladılar. 1989-1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü daha da gücləndi və bir neçə rayonu işğal etdilər.
1990-cı ilin əvvəlində Azərbaycan xalqı çətin sınaqlarla üzləşdi. Ermənistanın təcavüzkarlığı nəticəsində ərazi bütövlüyümüz yenidən pozuldu. Həmin dövrdə ordumuz zəiflədi, ölkədə siyasi böhran hökm sürdü. Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və həmin əraziləri özünküləşdirmək cəhdi ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradırdı. O dövrdə ölkədə daxili sabitliyin və milli birliyin zəifliyi nəticəsində Azərbaycan müstəqil dövlət kimi yaşamaq iqtidarında deyildi. Buna baxmayaraq, insanlarda bir arxayınlıq, rahatlıq var idi. Belə bir çətin dövrdə xalqımız öz gücünə inanır, dövlətimizin mənafeyini müdafiə edən şəxsiyyətin qüdrətinə arxalanır, eləcə də siyasi iradənin möhkəmliyinə böyük ümid bəsləyirdi. Məhz bu çətin sınaqlar zamanı xalq böyük inam və güvən bəslədiyi dahi şəxsiyyəti - Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını təkidlə tələb etdi.
1990-cı ilin iyununda Heydər Əliyev Moskvadan Bakıya qayıtdı və təcili olaraq Naxçıvana getdi. Burada siyasi fəaliyyətini davam etdirən Ulu Öndər Heydər Əliyevin əsas amalı Azərbaycanı müstəqil dövlət kimi görmək idi. Dahi şəxsiyyət Heydər Əliyev 1991-ci ildə Azərbaycanın dövlətçiliyini qorumaq üçün bir sıra mühüm islahatlar həyata keçirdi. Belə ki, "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın hazırlanmasına nail oldu. Aparılan islahatlar Ulu Öndərin müstəqilliyə olan bağlılığının və uzaqgörən siyasətinin təzahürü idi. Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində hüquqi islahatlar həyata keçirərək beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırdı. 
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Beləliklə, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi.
Ürəyi həmişə azərbaycançılıq ideyaları ilə döyünən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın böyük arzusu, istəyi ilə yenidən hakimiyyətə qayıtdı. Onun uzaqgörən siyasəti, xalqın maraqlarını hər şeydən üstün tutması Azərbaycanın milli birlik ruhunu daha da gücləndirdi və ölkədə apardığı islahatlar nəticəsində dövlətçiliyin əsas prinsiplərini müəyyən etdi. Bu dövrdə dövlət müstəqilliyi daha da gücləndirildi, ordu quruculuğu sahəsi yeniləndi, iqtisadiyyat dirçəldildi və beynəlxalq nüfuzun artırılması istiqamətində bir sıra layihələr həyata keçirildi. Azərbaycanın ərazi bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin prioritet istiqamətlərindən biri oldu.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün ardı-arası kəsilmədən bir sıra zəruri islahatlar həyata keçirdi. Bu islahatlar nəticəsində dağılmaq təhlükəsində olan ölkədə baş verən özbaşınalıq, xaos, hərc-mərclik tez bir zamanda aradan qaldırıldı və dövlətimiz yenidən quruldu. Ölkənin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. O imza Azərbaycanı bütün dünyaya tanıdıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanın sanki bir memarı idi. Onun qurub-yaratdığı ölkə bu gün etibarlı, qətiyyətli, güclü bir Sərkərdənin - Ali Baş Komandan İlham Əliyevin nəzarəti altındadır.
2003-cü ildə xalqın istəyi, iradəsi ilə Prezident seçilən İlham Əliyev bütün görülən işlərin davamı olaraq ölkədə ordu quruculuğu sahəsini daha da möhkəmləndirdi. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi və Azərbaycan dünyaya güclü, sarsılmaz və hüquqları qorunan bir dövlət olaraq təqdim edildi. Prezident İlham Əliyevin qətiyyəti, diplomatik bacarığı və ordunun gücləndirilməsi istiqamətində apardığı islahatlar Azərbaycan xalqının haqlı iddialarını beynəlxalq səviyyədə tanıtdı və işğal altında olmuş torpaqlarımızın azad olunması üçün yol açdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycan mövqelərini atəşə tutması nəticəsində dinc insanlar yaralandı, şəhid oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Bu savaşa vətənpərvər oğullar - həm hərbi qulluqçularımız, həm də könüllü doyüşmək istəyənlər qoşuldular. Rəşadətli Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini və strateji obyektlərini məhv etdi. İgid oğullarımızın sayəsində hər gün bir kənd, bir şəhər işğaldan azad edildi. Təcavüzkar Ermənistan öz məğlubiyyətini artıq bilirdi, lakin məkrli niyyətindən də əl çəkmək istəmirdi. Sadəcə ortalıqda "meydan sulamaq"la özlərinə təsəlli verirdi.
44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində qızıl hərflərlə yazılan tarixi Zəfər mərhələsi oldu. Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu bu haqq savaşında özünəməxsus gücünü, şücaətini göstərdi. Torpaqlarımız geri alındı. 2020-ci il noyabrın 8-də isə Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Bununla da xalqımız Böyük Zəfərə nail oldu.
Şuşa şəhərinin işğaldan azad olunması xəbərini Ali Baş Komandan xalqımıza belə çatdırdı: "Əziz Şuşa! Sən azadsan! "Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa! Biz səni dirçəldəcəyik!..".
Prezident İlham Əliyevin bu sevincli çıxışı erməni qüvvələrini bir daha da sarsıtdı. Düşmən məğlubiyyətini açıq-aşkar büruzə verdi. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzaladı. 
2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat atəşkəsin labüdlüyünü və müharibənin dayandırılmasını səciyyələndirən bir rəsmi sənəd oldu.
2025-ci il noyabrın 8-də - Şuşanın işğaldan azad olunduğu bir gündə xalqımız Böyük Zəfəri böyük qürur hissi ilə qeyd edəcək. Bu qüruru Azərbaycan xalqına yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin qanı, yaralı döyüşçülərimizin qəhrəmanlığı və xalqımızın milli birliyi oldu.
Bu gün daxilimizdə olan şüarları büruzə vermək həm haqqımız, həm də mənəvi borcumuzdur. Buna rəğmən deyirik: Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"