AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2016-cı ilin aprelindən sonra bütün məmləkət boyu könüllər yaz havasına köklənməyə niyyətliydi. Məqalələrimdən birinə "Yaz havası arzulayır könlümüz" demişdim. Niyyət yazısıydı, xalqın adından Azərbaycan Ordusuna iltimas yazısıydı: Gözəlimiz ovqatı Azərbaycana, Azərbaycanı sevənlərə bir də yaşadın! Həm də bütövlüklə yaşadın! O ovqat yaşadıldı, yaşanıldı, yazda deyil, payızda yaşadıldı. 2020-ci ilin payızında, 2022-ci ilin payızında, 2023-cü ilin payızında. 2020-ci ilin payızına Azərbaycanımızın Zəfər fəsli dedik. Milli-xəlqi ruhun səsini eşidənlər bildilər ki, qüdrətli ordu bütün fəsilləri Zəfər fəsli kimi yaşatmağa qadirdi. Zəfər fəslini Azərbaycana və Azərbaycanı sevənlərə Azərbaycan Ordusu yaşatdı, Azərbaycan Ordusu yaşadır, Azərbaycan Ordusu yaşadacaq!..
Bu ilin payızı qılıqcıl payızdı, soyuğu-sazağı hiss olunmayan payızdı, yelləri insaflı payızdı, buludu yuxa payızdı, yağışsız payızdı...
Bu ilin payızında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Belə tədbirlərin mahiyyəti mütaliəyə marağın yüksəliş niyyəti kimi, beynəlxalq ədəbi əlaqələr sistemində kitab nəşrlərinin və ədəbi ahənrübalığın formalaşdırılması kimi, oxucuların bədii düşüncəsinin, bədii düşüncələr əsasında dünyaduyumunun formalaşma fəlsəfəsi kimi dəyərləndirilir.
Sərgidə "Bəxtiyar Vahabzadə təqdimat zonası"nda hərbçi sözünün də işığına toplaşanlar vardı. Həm də bu toplaşmada sistemli, əsgəri məsuliyyətli bir nizam, nizamdan seçilməyən bir qələbəlik vardı. Bu qələbəlikdə ciddi bir maraq, ciddi bir sevgi, ciddi bir qürur da vardı: Tarixi Zəfərin beşinci ildönümü ilində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova həsr olunmuş "Nəsillərə nümunə" və 1949-cu ildə Azərbaycanın tarixinin bir guşəsi kimi yaradılan və yaşadılan bir ünvan haqqında ensiklopedik bilgi kitabının - "Fəxri Xiyaban" kitabının təqdimatları da keçirildi. Hər iki kitabın müəllifi Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbanidi. Tədbirdən əvvəl təqdim edilən video-esse toplaşanlara bir gerçəkliyi səxavətlə yaşadır: Bu təqdimdə də tarixi öz axarına qaytaran Azərbaycan Ordusunun qüdrəti var! Generalların, polkovniklərin, müxtəlif rütbəli zabitlərin, kursantların, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi bu təqdimat yaddaşlardan tarixə düşəcək tarixi təqdimatdı...
Tədbirin aparıcısı yüzlərlə hərbi vətənpərvərlik tədbirinin ssenari müəllifi, rejissoru və aparıcısı kimi tanıdığımız (və sevdiyimiz!) Abdulla Qurbanidi (və tədbir təsdiqlədi ki, başqa aparıcı tədbiri bu səviyyədə səmimiləşdirə bilməzdi). Onun remarkaları, təqdimatda çıxış edənlərin yeni formatda təqdimatı tədbirin mahiyyətini də gözəlləşdirdi, fəlsəfi qayəsini də. Təqdimata ayrılan vaxt çıxışlarla müəyyənləşdirildi, bu vaxtın necə sovuşduğu həm kitablara marağa görə, həm də deyilən fikirlərə görə hiss olunmurdu...
"Apostrof-A" nəşriyyatının direktoru Akif Dənzizadə Abdulla Qurbaninin yaradıcılığı haqqında müxtəsər məlumat verərək bildirdi ki, onun 50-yə yaxın kitabı "Apostrof-A"da nəşr olunub. "Abdulla Qurbani sözə ciddi münasibəti olan müəllifdir, kitab nəşrə tam hazır deyilsə, nəşriyyata təqdim etmir. Maraqlı bir məqamı da xatırladım: bütün kitablarının cildinin ideya müəllifi özüdür. "Cild kitabın mahiyyətinin göstəricisi deyilsə, dəyişməlidir, ya müəllif, ya da nəşriyyat", - Abdulla müəllim kitab nəşrinin bir mərhələsinin istehsal tezisini belə müəyyənləşdirdi. Bir neçə kitabının cildini axşam təqdim edib, səhər tezdən əvəzləyib, ya bütöv, ya da müəyyən hissələrini. Bu əvəzləmələrin hamısı kitabın tərtibatını, estetik dərkini də yüksəldirdi"...
Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov bu kitabların mahiyyətinin gerçək tarix olduğunu bildirdi, tarixdən öyrənilənlərin tarixə düşməsinin də tarix olduğunu xatırlatdı, bu kitabları tarixin (və dövlətçilik tariximizin) bir zərrəsi kimi dəyərləndirdi, "Nəsillərə nümunə"nin də, "Fəxri Xiyaban"ın da böyük vətəndaşlıq sevgisi və məsuliyyəti ilə yazıldığını da diqqətə çatdırdı, bunun qürurunu yaşadığını da bildirdi...
Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralı hər kitabın bir işıq, bu baxımdan hər işığın öz işığı olduğunu xatırlatdı, belə işıqların tarixi işıq kimi yaşadıldığını bildirdi, "Fəxri Xiyaban"ın ensiklopedik kitab kimi tarixin eksponatı olacağına, sərraf oxucuların düşüncələrinin Abdulla Qurbaninin "Nəsillərə nümunə" və "Fəxri Xiyaban" kitablarının da işığından barınacağına əminliyini vurğuladı.
"Azərnəşr"in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov Abdulla Qurbaninin vətənpərvərlik mövzusunda yazdığı ilk kitablarının - "Şəhidlər dastanı", "Gültəkin qayası" və başqa kitablarının hələ keçən əsrin 90-cı illərinin əvvəllərində "Azərnəşr"də böyük tirajlarla nəşr olunduğunu bildirdi, bu kitabların da azərbaycançılığın kitabları kimi oxunacağını qeyd etdi.
General-mayor Altay Mehdiyev qürurla nəsillərə nümunə olmuş bir ömrün onun da ömür yolunun işığına döndüyünü xatırlayaraq qeyd etdi ki, bu ömür iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun ömrüdür. Belə bir ömür haqqında yazılmış kitab, əlbəttə ki, tarixi kitab kimi dəyərli kitabdır.
General-mayor Elçin Xəlilov yeniyetmələrin hərbi vətənpərvərlik duyğularının pərvərişində Həzi Aslanov ömrünün böyüklüyündən, doğmalığından, sağlığında özünün, son nəfəsindən sonra ruhunun vətənsevərliyindən, xeyirxahlığından söz açdı.
Polkovnik Elvin Əzizov gənc əsgərlərin də, gənc zabitlərin də sərkərdələrimizin ömür və döyüş yolunu hansı maraq və sevgilərlə öyrəndiklərindən, bu ömürlərin işığını özünün ömür yolunun yol göstərəni kimi sevdiyindən, belə ömürləri hərbi xidmətinə sələf-xələf fəlsəfəsi bildiyindən, ... danışdı, "Nəsillərə nümunə" kitabının da bu tezisləri əhatələdiyini bildirdi...
Polkovnik Rüfət Məmmədov, polkovnik Elşad Əbilov belə kitabların istər əsgərlərin, istərsə də gənc zabitlərin hərbçi kimi püxtələşməsində, onların mənəvi-psixoloji hazırlığının formalaşmasında əhəmiyyətindən danışdılar...
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid ailələri və qadınlarla iş sektorunun müdiri Zümrüd Səmədova belə kitabların yeniyetmələrin, gənclərin, çağırışçıların və əsgərlərin milli-mənəvi dəyərlərimizin də əsgəri olmalarında müstəsna əhəmiyyətə malik olduğunu bildirərək qeyd etdi ki, bu, Abdulla Qurbaninin yaradıcılıq missiyasının bəşəri çalarlarından biridir.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri adından çıxış edən Birinci Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan Bayrağı" ordenli, hüquq üzrə fəlsəfə doktoru general-mayor Həzi Aslanov böyük tarixi şəxsiyyət Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dövlətçiliyinə, bu baxımdan Azərbaycanın hərb tarixinə, sərkərdələrinə ehtiramından söz açaraq bildirdi ki, istər Böyük Vətən müharibəsində, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində şəhid olanların xatirəsi həmişə ehtiramlarla anılıb. Abdulla Qurbaninin "Nəsillərə nümunə" kitabı da belə ehtiramın təzahürüdür. Belə kitablar tarixi hadisə və faktlar əsasında hazırlansa da, onun publisistik mahiyyəti ruhun tarixidir. Biz qürurlanırıq ki, Əhəd kişinin oğlu Həzi bütün Azərbaycanın, Azərbaycanı sevənlərin əzizidir.
Nəvə Həzi Aslanov hər iki kitabın yüksək tarixi dəyərə malik olduğunu da bildirdi...
Tədbirdə iştirak edən kursantların baxışları "Nəsillərə nümunə" kitabından üzülmürdü. Bu səssiz mükalimələşməni duyanların sırasında mən də varam; niyyət var bu baxışlarda - general olacam, and var bu baxışlarda - sənin Azərbaycana sevgini sevgimin göyqurşağı biləcəm, ... Bu duyğuları XI Beynəlxalq Kitab Sərgisində Abdulla Qurbaninin "Nəsillərə nümunə" kitabı yaradıb. Neçə illərdi ovaxtkı Dağüstü Parkda mayın 24-də anılır Həzi Aslanov. Təkcə mayın 24-də yox, həmişə anıldı. Bu gün 11-ci Beynəlxalq Kitab Sərgisində anıldı. Sərgidə Abdulla Qurbaninin təqdimatında "Nəsillərə nümunə" dedi ki, Həzi Əhəd oğlu ədəbiyyatı da sevib, sözü də, kəlamı da. Bu gün Həzidən SÖZ də söz açır...
Bu sərgidə kitablar danışdı, kitablara görə sözə, söz vasitəsilə tarixə, milli-xəlqi ruhun qaynaqlarına vurğunlar danışdı; Abdulla Qurbaninin "Fəxri Xiyaban"ında tarix danışdı:
Zaman vardı, buludlar göy üzündə ayrı cür dolaşırdı, bulaqlar ayrı cür axırdı, şimşəklər ayrı cür çaxırdı, sellər ayrı cür daşırdı, daşdanırdı. Mərd mərdliyindəydi, namərd namərdliyində. Namərd dolaşığa çəkirdi, mərd haqqa. Namərdin siyasəti əsgərləşmişdi, mərdin ruhu. Namərd taxtının hayındaydı, mərd tarixinin. Mərdlər tarix yaradırdı, namərdlər yaradılanların qəsdindəydi...
"Fəxri Xiyaban" dedi ki,
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Millət yaşadı, zamanın axarını dəyişmək üçün, günahların, suçların sonlanması üçün, fəzilətlərin işığının işıqlığa çıxması üçün yaşadı. Xalqın işıqlı dühaları tarixi ayrı səmtə yönəltməkdəydi. Musiqisi ilə, ədəbiyyatı ilə, incəsənəti ilə, elmi ilə... Qoca tarix, biz unutmuruq, sən də unutma!...
Min illərin o üzündən gələn bu səsi ürəyi ilə dinləyənlər eşidə bilirdi...
Abdulla Qurbaninin sözlərinə yazılmış 50-dən çox hərbi marş və mahnıların mahir ifaçısı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik Cahangir Qurbanov, Birinci Qarabağ müharibəsinin iştirakçısı Rəbiyyət İsmayılov da çıxışlarında hər iki kitabın dəyərli vətənpərvərlik kitabları olduğunu bildirdilər.
Polis mayoru Günay Qurbanova çıxışında Abdulla Qurbaninin yaradıcılığa heç kimə bəlli olmayan münasibətindən söz açaraq bildirdi ki, mən söz üstündə əsməyin nə olduğunu Abdulla Qurbaninin qələmlə təmasında görmüşəm. Ata kimi ruhumun sultanı olan yazıçı, şair, dramaturq Abdulla Qurbaninin gecənin bir aləmində əyilib nəfəsiylə saçımı telləndirməsini də çox görmüşəm, dan yerini necə salamladığını da. İlk sətirləri mənim uşaqlığımda yazılan "Fəxri Xiyaban" kitabı mənim mayor rütbəsində olduğum vaxtda nəşr olundu. Müddətin bu qədər uzun çəkməsi Abdulla Qurbaninin sözə sayğısının, dövlətçiliyə sədaqətinin ifadəsidir. Mən ədəbiyyatımızın Abdulla Qurbanisini - atamı təbrik edirəm. Həm də Vətən naminə!..
Sonda tədbir iştirakçılarına Abdulla Qurbaninin "Fəxri Xiyaban" və "Nəsillərə nümunə" kitabları hədiyyə olundu...
Sevgidən sərgiyə, sərgidən tarixə düşən işıq oxucu düşüncələrinin də səyyarəsi oldu. Bu səyyarə bir gerçəkliyin fəlsəfəsidir. Yaradılan qalır, yaradılan yaşadılır...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"