AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş Raqib Hüseynovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Ali Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Baş Gömrük İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin əməkdaşları, hərbi qulluqçular, şəhidimizin ailə üzvləri və döyüş yoldaşları, Heydər Əliyev adına Hərbi Liseyin, Heydər Əliyev adına tam orta məktəbin və 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə şəhid zabitin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, şəhidlərimizin göstərdiyi şücaət nümunələrindən, həmçinin şəhid ailələri və döyüş əməliyyatları zamanı sağlamlıqlarını itirənlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixində əbədi qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu Zəfər yolunda canından keçən şəhidlərimiz əsl mərdlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda ölümsüzlüyə qovuşublar. Onların müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Raqib Hüseynov 28 iyun 1993-cü ildə Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. 2011-2015-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil alıb. O da digər hərbi qulluqçularımız kimi, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində igidliklə iştirak edib. Onun Talış kəndi istiqamətində düşmənin müdafiə xəttinin yarılmasında böyük xidmətləri olub. Raqif 29 sentyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirmiş baş leytenant Hüseynov Raqib Adil oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidimizin anası Rəna xanım çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş və vətənpərvərlik ruhunda qələmə alınmış şeirləri bədii qiraət ediblər.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai
Birliyinin mətbuat katibi