Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2025 13:05

Çar, AXC və İran ordusunda xidmət edən general-mayor Cavad bəy Şıxlinski

Cavad bəy Məmmədağa oğlu Şıxlinski 1874-cü il yanvarın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Tiflis Kadet Korpusunda təhsil aldıqdan sonra 1892-ci il avqustun 28-də Sankt-Peterburqdakı Konstantinovski Artilleriya Məktəbinə qəbul olub. Buranı birinci dərəcə ilə (fərqlənmə diplomu ilə) bitirdikdən sonra 1894-cü il avqustun 8-də 39-cu artilleriya briqadasına “podporuçik” rütbəsində təyinat alıb və burada təlim dəstəsində təlimatçı vəzifəsinə təyin edilib.
1895-ci il avqustun 18-də Qazax qəzasına göndərilib. 1897-ci ilin noyabrından 3-cü batareyanın baş zabiti olub. Qarsda və Aleksandropolda xidmət edib. 1898-ci il iyulun 1-də "poruçik", 1901-ci il avqustun 19-da "ştabs-kapitan", 1909-cu il yanvarın 1-də isə "kapitan" rütbəsinə yüksəlib. 1904-cü il martın 28-dən Qarsda yerləşən 5-ci batareyanın komandiri təyin olunub. Həmçinin həmin ilin martın 28-də 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub. Nümunəvi xidmətlərinə görə 1908-ci il martın 16-da 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni, 1911-ci il martın 2-də 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub. 1912-ci ildə 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olub. 1913-cü il fevralın 21-də "Romanovlar sülaləsinin 300 illiyi" münasibətilə xatirə medalı və "podpolkovnik" rütbəsi alıb. 
1913-cü ildə 23-cü iriçaplı artilleriya diviziyonunun komandiri təyin olunub. Birinci Dünya müharibəsində iştirak edib. Bu dövrdə iki dəfə Ali Baş Komandanlığın yüksək mükafatı ilə təltif olunub. 1914-cü il fevralın 15-də 2-ci dərəcəli "Müqəddəs Anna", 1915-ci il yanvarın 31-də 4-cü dərəcəli "Müqəddəs Vladimir", 1915-ci il sentyabrın 29-da 4-cü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla) ordenləri ilə təltif olunub.
1916-cı il fevralın 10-da isə 45-ci artilleriya briqadasında 4-cü batareyanın komandiri təyin olunub. 1916-cı il oktyabrın 21-də 2-ci dərəcəli "Müqəddəs Anna" (qılıncla), 1916-cı il dekabrın 2-də 2-ci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla) ordeni ilə təltif olunub. 1917-ci ildə 45-ci artilleriya briqadasının 1-ci divizionuna komandir təyin olunub. 1917-ci il aprelin 22-də "polkovnik" rütbəsi alıb. 1917-ci il oktyabrın 3-də 3-cü dərəcəli "Müqəddəs Vladimir" (qılıncla) ordeni ilə təltif olunub.
Polkovnik Cavad bəy Şıxlinski 1917-ci ilin sonunda Azərbaycana qayıdıb. Qafqaz Cəbhəsinin Baş Komandanı general M.A.Prjevalskinin 11 dekabr 1917-ci il tarixli 155 nömrəli əmrinə əsasən yeni yaradılmış Müsəlman Korpusunda xidmətə başlayıb, 1-ci artilleriya briqadasının komandiri təyin edilib. 1918-ci il iyulun əvvəllərində korpus ləğv edilib və onun hissələri Azərbaycana yeni gələn türk diviziyaları ilə birlikdə Nuru Paşanın rəhbərliyi ilə yeni yaradılan Qafqaz İslam Ordusunun tərkibinə daxil olub, 1-ci artilleriya alayının komandiri təyin edilib.
Xidmətini Azərbaycan Xalq Cümhuriyyəti ordusunda davam etdirən Cavad bəy 1918-ci ilin yayında Əlahiddə Azərbaycan Korpusunda 2-ci piyada alayının komandiri təyin olunub. Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib.1918-ci il sentyabrın 3-də döyüşlərdə göstərdiyi şücaətə görə Nuru paşa tərəfindən medalla təltif olunub. O, Nuru Paşanın əmri ilə 19 sentyabr 1918-ci ildə Gəncə şəhərinin komendantı təyin olunub. Hərbi Nazirin 31 dekabr 1918-ci il tarixli 39 nömrəli əmri ilə 27 dekabr 1918-ci il tarixdən Artilleriya İdarəsi rəisinin Artilleriya Qoşunlarının təftişi üzrə müavini vəzifəsinə təyin olunub. 1919-cu ilin fevralın 17-də Hərbi Nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunub. 1919-cu il fevralın 22-də Birinci piyada diviziyasının komandiri təyin olunub. Diviziyanın formalaşmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Cavad bəy Şıxlinskiyə "general-mayor" ali hərbi rütbəsi verilib. 1919-cu il iyunun 27-də Hərbi Nazirin imzaladığı əmrlə iyulun 1-dən Gəncə şəhər qarnizonunun komandiri təyin olunub.
Cavad bəy 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə daşnakların Zəngəzur mahalında həyata keçirdiyi müsəlman qətliamlarının qarşısını almaq üçün yaradılmış Zəngəzur ekspedisiyasına komandir təyin olunub. Zəngəzur ekspedisiyası iki kolondan ibarət olub. Birinci kolona general-mayor Davud bəy Yadigarov, ikinci kolona isə polkovnik Vladimir Levestam başçılıq edib. Cavad bəy burada Qarabağla Zəngəzuru birləşdirən yolları ələ keçirmək məqsədilə hərəkətə başlayıb. Müxtəlif istiqamətlərdən irəliləyən həm birinci kolon, həm də ikinci kolon Dığ yaşayış məntəqəsinə doğru irəliləyib. Daha sonra isə Sultan bəy Sultanovun partizan dəstələri də bu ekspedisiyaya qoşularaq daşnaklara qarşı birgə mübarizə aparıblar.
1920-ci il aprelin 10-da Gəncə bölgəsində müdafiənin gücləndirilməsi üçün Müdafiə Naziri Səməd bəy Mehmandarovun əmri ilə 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski Gəncə möhkəmləndirilmiş rayonunun rəisi təyin olunub.
Aprel işğalından sonra - may ayında Cavad bəy Şıxlinski, Cahangir bəy Kazımbəyli və Gəncə komendantı Məhəmməd Mirzə Qacar tutduqları vəzifələrindən azad olunublar. Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq Gəncə şəhərində yerləşən Azərbaycan hərbi hissələri və əhali üsyana başlayıblar. Gəncə üsyanın təşkilatçılarından biri də Cavad bəy Şıxlinski olub. O, bu üsyanda dağıdılmış artilleriya qurğularının bərpası və artilleriya işinin təşkilində məsul olub.
Üsyanın yatırılmasından bir neçə saat əvvəl Cavad bəy artilleriya atəşindən ağır yaralanıb. Daha sonra isə onu mühasirədən çıxarıb Aşağı Salahlı kəndinə aparıblar. Orada qalmaq təhlükəli olduğu üçün qohumu Mədət bəy Alqanov tərəfindən əvvəlcə Qarayazı meşəsinə daha sonra isə Tiflisə aparılıb.
Bir müddət sonra Tiflisi tərk edərək İrana gedib. Peşəkar hərbçi olduğu üçün Ərdəbil qarnizonunun komandiri təyin olunub. Lakin orada yaşadığı dövrdə bolşeviklər tərəfindən təqib olunduğu üçün Türkiyəyə mühacirət etməli olub.
Türkiyədə bir müddət qaldıqdan sonra Cavad bəy Şıxlinski yenidən İrana qayıdıb. Bir neçə il öncə İrana mühacirət etmiş və artıq orada ordunun polkovniki olan əmisi oğlu Məhəmməd Şıxlinskinin köməyi ilə İran ordusuna qoşulub. Cavad bəy İranda "polkovnik-leytenant" rütbəsi alıb, sonradan isə "polkovnik" rütbəsinə yüksəlib. O, fars dilini öyrənib və əvvəlcə İranın Məşhəd şəhərində artilleriya komandiri və Şərq Ordusu komandirinin müavini vəzifəsinə təyin edilib. Bir neçə il Məşhəddə qaldıqdan sonra Tehrana geri çağırılıb və İran ordusunda Zabitlər Klubunun rəhbəri vəzifəsinə təyin edilib.
Cavad bəy Şıxlinski (İranda Cavad ağa Şeyxli) 1959-cu ildə Tehranda dünyasını dəyişib. Onun məzarı Tehran yaxınlığındakı Rey şəhərində, İmamzadə Abdullah qəbiristanlığındadır.
Cavad bəy Şıxlinski Hüseyn Əfəndi Qayıbovun nəvəsi, tam artilleriya generalı Əlağa Şıxlinskinin qardaşı oğlu, Cahangir bəy Şıxlinskinin və polkovnik Rüstəm Şıxlinskinin qardaşı, yazıçı İsmayıl Şıxlının isə dayısıdır.
Cavad bəy Şıxlinski Zari xanım Əsədzadə adlı iranlı xanımla ailə həyatı qurub və onların üç övladı - Çingiz, Nazir (və ya Məhəmməd) adlı oğlu və Göhvər adlı qızı olub.
Böyük oğlu Çingiz Şeyxli mağaraçı və alpinistdir. İran ərazisində 500-dən çox mağara kəşf edib. İranda bu sahənin əsasını qoyanlardandır. 1946-cı ildə İranda ilk Mağaraçılıq Dərnəyinin həmtəsisçilərindəndir. Ömrünün 70 ilini mağaraların tədqiqinə həsr edib. 

"Azərbaycan Ordusu"