Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2025 13:05

3 oktyabr 1993-cü il: Dövlətçilik tariximizin dönüş nöqtəsi

Tarixi şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, dövlətin həyatında əvəzolunmaz rola malikdir. Bəşər tarixində milli liderliklə siyasi liderliyin birləşməsi nadir haldır. Belə şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycanın dövlətçilik memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev də olub. Ulu Öndər Heydər Əliyev xalqın yaddaşında əbədi olaraq xilaskar, qurucu və müdrik dövlət başçısı kimi yaşayıb, yaşayır və yaşayacaq da.
Müstəqilliyin bərpasının ilk illəri dövlətçiliyimizin mövcudluğu üçün ciddi təhlükələr yaranmışdı. Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqillik qazansa da, reallıqda daxili hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə, siyasi ambisiyaların milli maraqlardan üstün tutulması dövləti labüd təhlükəyə aparırdı. Vətəndaş müharibəsi təhlükəsi real xarakter alırdı. Belə bir şəraitdə xalqımız qurtuluşu Ulu Öndər Heydər Əliyevdə gördü.
Azərbaycan xalqı əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev, xalqın və respublikanın hakim dairələrinin təkidli tələbini qəbul edərək Bakıya gəldi.
Respublikanın müstəqilliyi qorundu, ölkədə tüğyan edən ictimai-siyasi böhran aradan qaldırdı, inkişafın təməli qoyuldu. Müstəqilliyimizin gerçəkləşməsi və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişaf təmin edildi. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və tənəzzülə uğramasının qarşısının alınması, yeni dövrün tələblərinə uyğun tərzdə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi. Ölkəmizdə yeni iqtisadi mühit formalaşdı. 
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun başlanğıcı idi. Xalq öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanan Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Ulu Öndər dövlət başçısı seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik formalaşdı. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
1994-cü ildə Ermənistan-Azərbaycan arasında mövcud olmuş hərbi münaqişədə atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Ordusu üçün yeni inkişaf mərhələsi başladı. Bu uzaqgörən siyasət nəticəsində ordu ilə bərabər, dövlətimiz üçündə yeni bir dövrün başlanğıcı oldu. İkinci Qarabağ müharibəsinin böyük Zəfərinin başlanğıcı həmin dövrlə səsləşir.
Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü tarixi bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin fenomeni idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalqın məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun dərin nitqi konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.
Azərbaycanın dünya miqyasında tanınması, hər şeydən əvvəl, Ümummilli Lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Dahi şəxsiyyətin yürütdüyü təcrübəli və müdrik siyasət sayəsində qısa müddət ərzində ölkəmizin xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdi.
Qərbə inteqrasiya üçün Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi" sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".
Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.
Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentində keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Ulu Öndər "azərbaycançılığı" bir ideologiya olaraq irəli sürməklə, ölkənin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini icra etdi. Ümummilli Lider bu ideya ilə bağlı əvvəlki 200 ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblərimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək azərbaycançılıq məfkurəsinə yeni bir ideoloji məzmun verdi.
Heydər Əliyev milli varlığımızın ideya təməli olan azərbaycançılıq haqqında belə demişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə, mentalitetinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adətlərini yaşatmalıyıq".
Ulu Öndər dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmışdır. 2001-ci ilin ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsi, Ombudsman və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğvi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Müstəqil Azərbaycanın dövlətçilik tarixində 3 oktyabr tarixi qürurlu bir mərhələnin başlanğıcı, dövlətçilik tariximizin dönüş nöqtəsidir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi kimi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir".

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"