AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir müharibələrin uğurla nəticələnməsində dəqiq planlaşdırma, genişmiqyaslı zərbələrin tətbiqi və operativ koordinasiya həlledici əhəmiyyət daşıyır. Azərbaycan Ordusunun ən güclü zərbə qüvvələrindən biri də tank bölmələridir. Tank bölmələri düşmənin ön cəbhə xəttini yarmaq, müdafiə sədlərini dağıtmaq, strateji mövqeləri nəzarətə götürmək, mühüm əraziləri azad etmək üçün xüsusi rol oynayır. Bu sahədə xidmət edən hər bir ekipaj üzvü texniki biliklərlə yanaşı, yüksək dözümlülük və dəmir iradəyə sahib olmalıdır. Tank heyətinin fəaliyyəti çətin və məsuliyyətlidir. Texnikanı idarə etmək, operativ qərar vermək, müharibənin gedişatını dəyişdirə biləcək addımlar atmaq yalnız fiziki güc deyil, eyni zamanda, taktiki düşüncədə tələb edir. Buna görə də tank bölmələrinin döyüş meydanındakı rolu texnologiya ilə insan amilinin qovuşduğu vəhdət kimi xarakterizə olunur.
44 günlük Vətən müharibəsində digər bölmələr kimi, Azərbaycan Ordusunun igid tankçıları da digər bölmələr kimi xüsusi şücaət nümayiş etdirdilər. Torpaqlarımızın işğaldan azad olunması uğrunda həyata keçirilən əməliyyatlarda tank bölmələri ön sıralarda yer aldı, düşmənin beton maneələrini və möhkəmləndirilən istehkamlarını yararaq tarixi qələbənin qazanılmasında pay sahibi oldular. Müharibənin ən ağır məqamlarında “dəmir atlarımız” piyada bölmələrinə dəstək verdi, düşmən atəş nöqtələrinin sıradan çıxarılmasında əvəzsiz rol oynadı.
Tank texnikası düzənlik və yarıdüzən relyeflərdə daha yüksək effektivlik göstərir. Şəhər döyüşlərində tətbiqi isə xüsusi hazırlıq və koordinasiya tələb edir, çünki dar küçələr və sıx tikililər tankların hərəkətini məhdudlaşdırır. Buna görə də şəhər əməliyyatlarında tanklardan daha çox dəstəkçi və psixoloji üstünlük amili kimi istifadə edilir.
XXI əsrin hərbi əməliyyatlarında pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi tankların fəaliyyətinə də yeni yanaşmalar gətirib. Tank bölmələri PUA təhlükəsinə qarşı aktiv müdafiə sistemləri ilə təchiz olunur, optik gizlənmə vasitələri və relyefdən səmərəli istifadə taktikaları ilə qorunur. Maskalanma, səngər sistemlərinin qurulması, relyefdən istifadə, sürətli mövqe dəyişdirmə tankların döyüş meydanında daha uzunmüddətli və effektiv fəaliyyətini təmin edir. Beləliklə, klassik zirehli texnika müasir texnologiyalarla birləşərək Azərbaycan Ordusuna döyüş meydanında üstünlük qazandırır.
Tankı idarə etmək və döyüş şəraitində tətbiq etmək xüsusi hazırlıq tələb edir. Ekipaj üzvləri xüsusi sürücülük hazırlığı - müxtəlif iqlim şəraitində və mürəkkəb relyefdə tankın idarə olunması, mexaniki biliklər - tankın quruluşu, mühərrik, silah sistemi və digər texniki göstəricilərin mənimsənilməsi, taktiki təlimlər - döyüş şəraitində qərarvermə, koordinasiya və ekipaj üzvləri arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, məşq və praktika - dağlıq, bataqlıq və palçıqlı ərazilərdə sınaqlar, döyüş simulyasiyaları kimi mərhələlərdən keçməlidirlər. Tankçı olmaq həm də xüsusi iradə tələb edən vəzifədir. Çünki zirehli texnikanı idarə edən hər bir ekipaj üzvü ordunun döyüşdəki gücünün təmsilçisidir. Tank bölmələri təkcə texniki güc deyil, həm də döyüş ruhunun simvoludur. Zirehli maşının içində saatlarla hərəkət edən tankçılar yalnız öz iradələrinə güvənmirlər, eyni zamanda, Vətən sevgisini də qəlblərində daşıyırlar. Onlar poladdan hazırlanan texnikanın içində polad iradə daşıyan igidləridir. Tank bölmələrinin gücü, manevr qabiliyyəti və döyüş meydanındakı rolu hər bir əməliyyatın uğurunda mühüm yer tutur. Azərbaycan Ordusunun digər bölmələri kimi, tank bölmələrinin heyətləri də göstərdikləri qəhrəmanlıqlarla tarixə adlarını qızıl hərflərlə yazdırdılar.
Tamilla HÜSEYNLİ
"Azərbaycan Ordusu"