Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2025 13:05

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının müasir ordusu ölkəmizin təhlükəsizliyinin və suverenliyinin əsas təminatçısıdır. Azərbaycan Ordusunun yaradılması və inkişaf etdirilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş uğurlu strategiyanın nəticəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər ordu quruculuğu sistemini prioritet istiqamət kimi əsaslandırdı. Ölkədə tüğyan edən hərc-mərcliyin, xaosun qarşısı alındı. Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, ərazi bütövlüyünü bərpa etmək məqsədilə ordu quruculuğu prosesində sistemli şəkildə islahatlar həyata keçirildi, müasir dövrün tələblərinə uyğun yüksək döyüş qabiliyyətli ordu formalaşdırıldı. Ordu quruculuğu prosesi həm maddi-texniki baza, həm də peşəkar kadr potensialının formalaşdırılması istiqamətində də uğurla davam etdirildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin siyasi kursu layiqincə davam etdirildi. Aparılan məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik ordu səviyyəsinə çatdı.
Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq başlayan İkinci Qarabağ müharibəsində ordumuz yüksək hazırlıq səviyyəsinə malik olduğunu bir daha nümayiş etdirdi. Hərbi qulluqçularımız bu müharibədə misilsiz şücaət və qəhrəmanlıq nümunələri göstərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində üzərinə düşən tarixi missiyanı qüsursuz yerinə yetirərək xalqımıza Böyük Qələbənin sevincini yaşatdı.
Dövlətimizin başçısı yaşayış məntəqələrimizin işğaldan azad edilməsi xəbərini bir müjdə olaraq xalqımıza çatdırır, tez-tez işlətdiyi məşhur "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarı ilə həm xalqımızın qələbə ruhunu, həm də milli birliyimizi bir daha nümayiş etdirdi. 
Müharibədə yaralanan hərbi qulluqçularımızın müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılması onlarda vətənpərvərlik ruhunun nə qədər yüksək səviyyədə olduğunu sübut etdi. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçərək qanları ilə tarix yazmış şəhidlərimizin, qəhrəman hərbçilərimizin adları xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır. Onların keçdiyi bu şərəfli və tarixi yol gənc nəsil üçün bundan sonra da örnək olacaqdır.
Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibədə sağlamlıqlarını itirənlərə xüsusi diqqət göstərilir, onların problem və qayğılarının həlli istiqamətində müvafiq islahatlar aparılır.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun taktiki üstünlükləri və texnoloji imkanları mühüm rol oynadı. Döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun arsenalında olan müasir vasitələrdən - dron, artilleriya sistemləri və hərbi kəşfiyyat vasitələrindən geniş istifadə olundu. Bu da döyüş əməliyyatlarının dəqiq və effektiv aparılmasına imkan verdi, Azərbaycan Ordusunun həm taktiki, həm də strateji səviyyədə üstünlüyünü təmin etdi.
2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bununla da Prezident İlham Əliyev xalqa müraciət edərək dedi: "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Doğma Qarabağımızın azad olunması, "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarının reallığa çevrilməsi dövlətimizin gücünü və xalqımızın milli qürurunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan xalqı 5-ci ildönümü qeyd etdiyimiz İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətini, Ali Baş Komandanın qətiyyətini, sərkərdəlik bacarığını, eləcə də hər bir uğurun arxasında dayanan qəhrəmanlıq və şücaət nümunələrini yüksək qiymətləndirir. Müharibənin başa çatmasına baxmayaraq, Azərbaycan Ordusunun döyüş qabiliyyəti durmadan artırılır, hərbi qulluqçularımızın peşəkarlığı yüksəldilir, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. 
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün həyata keçirdiyi uğurlu döyüşlər qəhrəmanlıq tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında vurğulayırdı: "...Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".
Böyük Zəfərin qazanılması Azərbaycanın hərb tarixində mühüm bir mərhələ oldu. Bu Zəfər xalqımızın iradəsinin, birliyinin və haqq yolundakı əzminin simvolu oldu.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"