Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2025 13:03

“Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur”

Azərbaycan xalqı bu gün tarixinin ən qürurlu və şərəfli dövrünü yaşamaqdadır. Ərazi bütövlüyü tam, müstəqilliyi əbədi, bayrağı şanlı olan Odlar Yurdu Azərbaycan bu gün təkcə regionda deyil, dünyada da söz sahibidir. Sözünü əməlində təsdiqləmiş bir dövlət başçısı, Zəfərini qanı ilə qazanmış bir əsgəri, həmrəyliyini bütün dünyaya tanıtmış xalqı olan ölkəmizin inkişafı və firavanlığı yüksələn xətlə davam edir.
Bu gün Vətənimizin bütünləşməsində, ərazi bütövlüyümüzün təmin olunmasında öz canını fəda edən oğullarımızın yazdığı misilsiz Böyük Qələbə xalqımızın torpaq, oba, yurd həsrətini sonlandırıb. Azərbaycanın əzəli və əbədi tarixi yurd yerlərindən biri də Cəbrayıldır. Cəbrayıl rayonu Kiçik Qafqaz silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşən ərazi inzibati vahidimizdir. Şimal tərəfdən Xocavənd, cənub tərəfdən İran İslam Respublikası, şərq tərəfdən Füzuli, qərb tərəfdən Qubadlı, cənub-qərb tərəfdən Zəngilan rayonları ilə həmsərhəd olan Cəbrayıl rayonunun adı onu formalaşdıran tayfanın adı ilə bağlıdır. Cəbrayıl rayonu ərazisində Dağ Tumas kəndi yaxınlığında "Divlər Sarayı" mağarası, "Məscid Təpəsi", "Qumtəpə" və "Canqulu" kurqanları və digər məqbərə və türbələrdən ibarət maddi və mədəni abidələri yerləşir.
Tarixi ərazilərimizdən biri olan Cəbrayıl rayonu öz milli mədəni irsi ilə yanaşı, faydalı qazıntıları və qiymətli materialları ilə də zəngindir. Belə ki, hələ işğaldan əvvəl Cəbrayıl dəmir filizi ilə yanaşı, sement, mərmər, mişar daşı və digər qiymətli materialları ilə zəngin olub. Erməni işğalından əvvəl burada yaşayan soydaşlarımız əsasən heyvandarlıq, əkinçilik, üzümçülük və digər kənd təsərrüfatı işləri ilə məşğul olublar. Rayonda 8 müxtəlif sənaye müəssisəsi, çoxlu sayda kolxoz və fabriklər fəaliyyət göstərib.
Cəbrayıl rayonu Birinci Qarabağ müharibəsi dövründə 1993-cü il avqustun 23-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. Düşmən işğalı ərəfəsində rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olub. İşğal nəticəsində yüzlərlə tarixi abidə, mədəniyyət ocağı düşmən terrorizmi nəticəsində dağıdılıb. Mənfur qonşularımızın terror əməlləri Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub. 1050 kvadrat kilometri əhatə edən 52000 nəfərin yaşadığı rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhidlik zirvəsinə ucalıb, 191 nəfər əlil qalıb. 6 nəfər rayon sakini dövlət başçısı tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Öz doğma evindən didərgin düşən məcburi köçkünlər Azərbaycan Respublikasının tərkibindəki 58 rayonda müvəqqəti məskunlaşıb, çadır düşərgələri və yaşayış məntəqələrində yaşayıblar. 1994-cü ilin əvvəlində Azərbaycan Ordusunun keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları Lələtəpə yüksəkliyini azad etdikdən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndi tam nəzarətə götürülüb. Aprel döyüşləri zamanı cənub cəbhəsində Cəbrayıl ərazisi və Araz çayı boyunca yerləşən bəzi kəndlərin təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə strateji yüksəklik də bölmələrimiz tərəfindən azad olunub.
Azərbaycan xalqını Cəbrayılına qovuşduran onun tam işğaldan azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başladı. 44 günlük haqq savaşımız zamanı təkcə Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər (Cəbrayıl) olmaqla, işğalda olan kəndlər bölmələrimiz tərəfindən işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsi zamanı qanlı savaşların keçirildiyi ən çətin relyefli ərazilərimizdən biri elə Cəbrayıl oldu. Düşmən burada xeyli sayda hava hücumundan müdafiə sistemləri yerləşdirmiş, ərazilər bir neçə zolaqlı mühəndis-istehkam xəttindən ibarət (müxtəlif istehkam, mina və maneələr) idi. Bu da onu göstərirdi ki, düşmən bu cəbhədə döyüşlərə amansızlıqla müqavimət göstərməyə çalışırdı. Düşmənin qorxusu və təşvişi əbəs yerə deyildi. Cəbrayılın işğaldan azad edilməsi bölmələrimiz üçün digər tarixi ərazilərimizə yolu açır, düşmənin hərəkətini izləməyimiz üçün əlverişli şərait yaradırdı. Cəsur Azərbaycan əsgəri hər gün irəliləyir, düşmən maneələrini müvəffəqiyyətlə yarır, yüksək fədakarlıq və igidlik göstərərək düşməni döyüş meydanında darmadağın edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik Zəngilan, daha sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Hər gün bir və ya bir neçə kəndin azad olunması, düşmənin xeyli sayda şəxsi heyəti və silah-sursatının məhv edilməsi və bölmələrimiz tərəfindən qənimət olaraq ələ keçirilməsi xəbərlərini eşidirdik. Cəbrayılın azad olunması zamanı onun tarixi ərazilərindən biri olan qədim Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə burada üçrəngli şanlı bayrağımızla hərbi qulluqçularımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə etməsi tarixi səhifələrimizin ən şanlı dövrlərindən biri olaraq əbədiləşdi. Videokadrlarda gördüyümüz kimi, Xudafərinin işğaldan azad olunması zamanı Arazın o tayında yerləşən soydaşlarımızın da qəlbi Azərbaycan əsgəri ilə birgə döyünür, igid döyüşçülərimizi qanı-canı bir olan azərbaycanlılarımız qələbəyə səsləyirdilər. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub.
4 oktyabr tarixi Cəbrayıl Şəhəri Günü olaraq tarixləşdi. İkinci Qarabağ müharibəsi başa çatdıqdan cəmi 6 gün sonra - 2020-ci il 16 noyabr tarixində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər etdilər. Dövlətimizin başçısı şəhər mərkəzində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı.
Cəbrayılın işğaldan azad edilməsi çətin, lakin bir o qədər də vacib bir tapşırıq idi. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, yüksək igidlik və fədakarlıq göstərmiş on minlərlə hərbi qulluqçumuz "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan və yazdığı igidlik dastanlarından biridir. Qazanılan bu qələbə qalib ordumuzun hər bir fərdinin fədakarlığının, igidliyinin göstəricisidir.
Düşmən işğalından xilas edilən ərazilərimizdən olan Cəbrayıl erməni vandalizmi, terrorizmi nəticəsində ciddi zərərlər görüb, maddi-mədəni irsimiz vəhşicəsinə hücumlara məruz qalıb. Erməni vandalizmi nəticəsində Dağ Tumas kəndinin yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Diri dağındakı “Mazannənə”, “Mərmərnənə” məqbərələri kimi arxeoloji, Dağ Tumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüsü, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məscid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
Bu gün dövlət başçımızın rəhbərliyi ilə görülən bərpa-quruculuq işləri elə doğma Cəbrayılımızda da yüksək sürətlə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonu ərazisində "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Sənaye parkının prioritet fəaliyyət istiqaməti olaraq, logistika və ticarət mərkəzləri, gömrük, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Bir sözlə, "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması regionla yanaşı, Cəbrayıl rayonunun da inkişafı və tərəqqisi üçün önəmli proseslərdən biridir ki, ölkənin həm bərpa-quruculuq, həm də iqtisadi sahəsinə güclü təkan verəcək.
Bundan başqa işğal başa çatdıqdan sonra 2021-ci ilin 4 oktyabr tarixində Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Həmçinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Sarıcalı, Maşanlı, Böyük Mərcanlı və Karxulu kəndlərində xarici elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə də həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə "Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Plana əsasən, Cəbrayılın bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə məskunlaşacağı qeyd olunub, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub.
Uzun illər işğal altında olan torpaqlarımıza həyat yenidən qayıdır. Cəbrayıla (Cocuq Mərcanlıya) qayıdış hələ 2016-cı ilin Aprel döyüşlərindən sonra başlamışdı, bu gün o yerlərin həqiqi sakinləri bütöv Azərbaycanın qalib xalqının nümayəndələri olaraq öz doğma yurdlarına Böyük Qayıdış edirlər. Bu gün Cəbrayıldan da keçən Zəfər yolumuz bizi bir zamanlar işğalda olan ata-baba yurdumuza qovuşdurur. Minlərlə məcburi köçkünümüz buradan keçərək öz doğma yurduna, rahat və firavan həyatına qayıdıb. Öz doğma yurd yerlərinə qayıtmış soydaşlarımızın bu gün üzlərində qürur, gözlərində sevinc hissi doğur. Xalqımızın arzuları gerçəkləşir, torpaqlarımızda həyat canlanır, ocaqlarımızda uşaq səsləri eşidilir, gələcəyin parlaqlığı sezilir. Cəbrayılımızın hər daşı, hər qayası bizə qələbənin şirinliyini, vətənpərvərliyin aliliyini xatırladır. Hər qarışı ata-babalarımızın, şəhidlərimizin qanı ilə yaşadılaraq, gənc nəslə ötürülən bu torpaqlar bu gün gənc Vətən müdafiəçilərimiz tərəfindən qorunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-cü ilin oktyabr ayının 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı cəbrayıllılar qarşısında çıxış edərək demişdir: "Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı".
Bu gün Qarabağımızın hər nöqtəsində həm tariximizin izi, həm də gələcəyimizin işığı var. Hər birimiz qalib xalqın mənsubu olaraq bilirik ki, Azərbaycanımızın hər bir guşəsi dirçəlişin və firavanlığın zirvəsinə çatacaq. Bu qürur xalqımızın gələcəyini daha parlaq, inkişaf yolunu isə işıqlandıracaq.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"