AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mövzu: Vətəni qorumaq şərəfdir. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi.
Suallar:
1. Vətəni qorumaq şərəfdir.
2. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi.
Vətəni qorumaq şərəfdir
Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın qorunması üçün vacib, müqəddəs dəyərlərdən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır.
Vətən bir xalqın üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də Vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyatda havasını udduğumuz yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın uyuduğu məzarlıq, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir.
Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövləti və milləti qorumaq, Vətəni sevmək də dövləti və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan Vətənini də mütləq sevməlidir. Çünki bunlar Vətənsiz yaşaya bilməz.
Vətənimiz Azərbaycana hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə Vətənimiz Azərbaycanın düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək, həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir. Vətənimiz Azərbaycanı sevmək, təhlükə anında Vətənimizin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, Vətənin səadəti üçün səy göstərmək, möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl Azərbaycanımızı onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki Azərbaycan hər nə bahasına olursa-olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla yazdığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Vətənimiz Azərbaycanı müdafiə etmək, insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi, mənəviyyatına, millətinə, ismət və namusuna, haqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.
Azərbaycan strateji cəhətdən əlverişli mövqedə yerləşməklə yanaşı, təbii sərvətlər ehtiyatına sahibdir. Buna görə ölkəmizi ələ keçirməyə çalışan qüvvələr həmişə fürsət axtarırlar. Tarixin ayrı-ayrı dönəmlərində Azərbaycan həmişə yadellilərin hücumlarına məruz qalıb. Lakin torpaqlarının müdafiəsini hər şeydən üstün bilən atalarımız Vətənimiz Azərbaycanı canları bahasına qoruyub bizə əmanət ediblər. Verilən vədə əməl etmək lazımdır, bu, bizim dinimiz, inancımız, insanlığımız gərəyi üzərimizə yüklədiyimiz ən ali və müqəddəs vəzifə olmalıdır. Çünki min illərdir hakimiyyətimizi davam etdirdiyimiz bu torpaqları gələcəyə aparmaq lazımdır, onu başqa xalqların əsarəti altına atmaq insanlığa sığmaz. Heç bir halda Vətənin müdafiəsindən geri çəkilməməliyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldırmalı, ölkəmizin adının ən yaxşılar sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmamalıyıq. Hər birimiz Vətənimiz Azərbaycanın könüllü əsgərləriyik. Biz Vətənimiz Azərbaycana xidmət borcunu bu torpağa olan mənəvi borc kimi verməliyik. Biz həyatımızın sonuna kimi Vətənimiz Azərbaycana borcluyuq. Azərbaycan bizim qürur yerimizdir. Öz Vətənini düşünən hər bir insan üçün vətənpərvərlik bir ideologiya olmalıdır.
Əcdadlarımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya birliyimizi, Vətənimiz Azərbaycana olan sevgimizi göstərdik. Vətən sevgisindən mayalanmış region üçün təhlükə mənbəyi olmuş Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti tanıtdı.
Ulu Öndər Heydər Əliyev deyirdi: "...Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik...". Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki gənclər, hər birimiz vətənpərvər olmalıyıq. Çünki borcumuzun olduğu bu Vətəni qorumaq bizim ən ümdə amalımızdır.
Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi
Azərbaycan türkü olaraq biz əsrlərlə ermənilərin təcavüzünə məruz qalmışıq. XX əsrin sonlarında bir zamanlar ermənilərin yaşaması üçün köçürüldükləri əzəli Azərbaycan torpağı olan Qarabağa sahib olmaq üçün bu mənfurlar ölkəmizə qarşı hərbi təcavüzə başlamış, etnik təmizləmə siyasəti apararaq soyqırımlar törətmiş, dinc əhalini qətlə yetirmiş, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdırlar. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
2016-cı ilin əvvəlində Ermənistan silahlı birləşmələri hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəbləri, xəstəxanaları və ibadət yerlərini ağır silahlardan atəşə tutdu. Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənə layiqli cavab verilərək Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan ərazilərinin müəyyən hissəsi işğaldan azad edildi. Bu döyüşlərdə Şükür Həmidov, Murad Mirzəyev, Samid İmanov kimi xalqımızın igid övladlarının göstərdikləri qəhrəmanlıqları və şücaətləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını göstərdi.
2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində baş verən hərbi əməliyyatlar isə ölkəmizin taleyində ciddi dönüş nöqtəsi oldu. Vətən sevgisi döyüş meydanında generalı əsgərdən ayırmadı. "Qaraqaya"da şəhid olan general-mayor Polad Həşimovun cəsarəti, vətənpərvərliyi, qorxmazlığı və ən nəhayət, düşmənə sonsuz nifrəti 27 sentyabrda başlanacaq Vətən müharibəsinin qəhrəmanlıq simvoluna çevrildi. Onun vəzifə borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhadətə qovuşması Azərbaycan Ordusunun Vətən müharibəsində rəşadət göstərməsinə gətirib çıxardı.
2020-ci ilin iyul, avqust və sentyabr aylarında ardıcıl baş verən təxribatlar nəticəsində yenidən atəşkəs pozuldu, mülki əhaliyə kəşfiyyat-diversiya qrupları tərəfindən hücumlar edildi. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan atəşə tutulması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatının başlamasına səbəb oldu. Ölümdən zərrə qədər qorxmayaraq Ermənistanın işğalına məruz qalmış ərazilərimizi geri qaytarmaq üçün canlarını fəda etməyə belə razı olduqlarını göstərən bu yurdun minlərlə igid övladı, Xocalı soyqırımı qurbanlarının, mənfur düşməni belə tanımayan Zəhranın, Aysunun, Mədinənin və neçə belə körpənin intiqamının alınması üçün könüllü cəbhəyə yazıldı. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı Ermənistan silahlı qüvvələrinin qalıqlarının, qeyri-qanuni erməni silahlı dəstələrinin və Qarabağ bölgəsində formalaşan terror qruplaşmalarının darmadağın edilməsi və Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Torpaqlarımız qəhrəman hərbi qulluqçularımızın, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi qulluqçularımızın mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Hərbi qulluqçularımız öz yaralılarını və şəhidlərini döyüş meydanında buraxmadı. Onlar çətin relyefə baxmayaraq, qayalardan dırmaşaraq Şuşada möhkəmlənmiş 300-dən çox erməni hərbi hissələrinin canlı qüvvəsini və döyüş texnikalarını sıradan çıxartdı. Təbii coğrafi istehkam olan Şuşa şəhərinin zərər vurulmadan atıcı silahlarla azad edilməsi dünya tarixində görünməmiş döyüş əməliyyatlarından biridir. Şuşa şəhərinin düşmən əsarətindən azad edilməsi, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi. Bu məğlubiyyət Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etdi, Cəbrayılda erməni zabitləri Azərbaycan Ordusunun mübarizə əzminin qarşısında aciz qalaraq öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçdılar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etdi.
Biz Vətən müharibəsində oğullarımızın qəhrəman ruhunu gördük. Onların qəhrəmanlıqları dillərə dastan oldu, silinməz mürəkkəblə tarixə yazıldı. Çiynində yaralı əsgəri daşıya-daşıya, qar-boran demədən sadəcə irəliyə addımlayan, irəliyə köklənən, öz qanını Vətən torpağı Qarabağda axıdan bu igidlər öz şücaəti, dönməzliyi, müzəffərliyi bizə bu qələbəni yaşatdı. Məhz onlar Əlif Hacıyevin, Albert Aqarunovun, Çingiz Mustafayevin, Mübariz İbrahimovun, Fərid Əhmədovun, Polad Həşimovun, İlqar Mirzəyevin, Şükür Həmidovun, Çingiz Qurbanovun, Ramiz Cəfərovun, Orxan Əkbərovun, Anar Əliyevin, Amid Heydərovun, Vüqar Ağayevin, Cəbrayıl Dövlətzadənin ölmədiyini, bizim ordumuzda neçə belə Mübarizlərin, Fəridlərin olduğunu bütün dünyaya sübut etdilər. Məhz onlar kimi minlərlə igid bir əlində silah, bir əlində bayraq öz sinəsini düşmənə sipər edərək, öz nəfəslərini kəsərək Azərbaycanımıza - Qarabağımıza nəfəs verdilər. Onlara bu dərəcədə böyük cəsarəti, qorxmazlığı verən Vətən eşqi olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: "Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi Vətən uğrunda canından keçməyə hazır olan qəhrəmanlarımız var!".
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin 83 nəfər hərbi qulluqçusuna (onlardan 39 nəfər ölümündən sonra) Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün hərbi qulluqçularımıza, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 sentyabrın - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün Ümummilli Lider Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir. Azərbaycan xalqı Zəfər çalaraq şanlı qəhrəmanlıq salnaməsi yazdı.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi