AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cavidan Bəhramlı Bakı şəhərində anadan olub, orta təhsil alıb. Vətənin müqəddəsliyi haqqında bilikləri burada genişlənib, burada formalaşıb. Müəllimlərinin söhbətləri, məktəbdə keçirilən tədbirlər, oxuduğu kitablar bu prosesi daha da dönməzləşdirib.
İkinci Qarabağ müharibəsi başlayanda məktəbli idi. Sentyabrın 27-nin səhərini o da müharibə ovqatı ilə yaşadı, dərsdə müəllimləri müharibədən, döyüşlərdən, döyüşənlərdən danışırdılar, Azərbaycan Ordusunun qalibiyyətindən söz açırdılar. O da digər həmyaşıdları kimi, müəllimlərini qürurla dinləyirdi...
Rahil Əliyev Sumqayıtda həmyaşıdı Cavidan kimi 27 sentyabr gününü məktəbdə bu ovqatla yaşamışdı, onun da qüruru məcrasına sığmamışdı. Biri Bakıda, biri Sumqayıtda bu yaşlarında döyüşənlərimizin ruh qardaşıydı. İkisi də hər günün döyüşlərini yaddaşına köçürürdü, "Bu döyüşlərdə iştirak etmək taleyimizə qismət olmamışdı, düşüncələrimizə qismət olmuşdu...", - düşünmüşdü. Biri Bakıda, biri Sumqayıtda müəllimlərindən soruşmuşdular ki, döyüşlərdə iştirak edə bilərlərmi? Müəllimləri demişdilər ki, siz işğaldan azad edilmiş ərazilərimizdə xidmətinizlə qaliblərimizin davamçısı olacaqsınız. Bu ümidi təsəlli bilmişdilər.
Biri Bakıda, digəri Sumqayıtda hərbi xidmətə çağırılacağı yaşa tələsirdi. Bir-birilərini tanımadan...
Çağırışçı yaşına çatanda Cavidanı da, Rahili də hərbi xidmətə çağırdılar...
Eyni hərbi hissədə xidmətə başladılar, ikisi də Hərbi And içdi. İkisi də Hərbi Anda sədaqətlə xidmət edən nümunəvi əsgər kimi tanındı. Asudə vaxtların birində söhbət etmişdilər. İkinci Qarabağ müharibəsinin ilk günü haqqında danışmışdılar. Həmin gün bilmişdilər ki, onda hər ikisi də eyni hissləri yaşayıb və eyni hisslərdən söz açmışdılar. Bu, onların münasibətində ilkin yaxınlıq, yaxınlıq əsasında doğmalıq yaradıbmış. Bu doğmalığı, əsgər dostluğunu indi ikisi də hərbi xidmətdən ömürlərinə düşən işıq adlandırır. "Mənə elə gəlir ki, hamının könül açdığı bir yaşıdı olur. Hərbi xidmətdə bu, əsgər dostluğu olur. Əsgər dostluğunu yaşatmaq xalqımızın mənəvi dəyərlərindəndir. Mənəvi dəyərləri yaşatmağı bacarmayan yaxşı vətəndaş ola bilməz..." (əsgər Rahil Əliyev), "Orta məktəbdə oxuyanda da dostlarım vardı. Onlarla da səmimi söhbətlərimiz olurdu, onda düşüncələrimiz hələ yeniyetməlik həddinin tələblərini aşa bilmirdi. Hərbi xidmətə gəldim, xidmətimin ilk günündən hiss etdim ki, əsgərin gücü həm də könlünə yaxın əsgərlə daha yaxın dost münasibətdədir. Bu dərk mənim düşüncələrimi nurlandırdı. Rahili qəlbimə, könlümə çox, lap çox həmdəm bilirəm. Mənə elə gəlir ki, o da mənim kimi düşünür..." (əsgər Cavidan Bəhramlı)...
Hərbi xidmətdə başlayan bu dostluq ömür dostluğu olacaq. Bu əminliyi Azərbaycan əsgərinin dövlətə, dövlətçiliyə, Hərbi Anda sədaqəti yaradır. Zamanında eyni hərbi hissədə xidmət edən əsgərlərin - ataların dostluğunu illər sonra onların oğullarının necə sədaqətlə davam etdirdiklərini də bilirik. Onların timsalında bir gerçəkliyi sabahlara da ad edə bilərik. Azərbaycan əsgəri üçün Vətən müqəddəsliyi var və əsgər dostluğu da bu müqəddəsliyin zərrələrindəndir...
Cavidan Bəhramlı ilə Rahil Əliyevin dostluğu həmişə yaşadılan dostluq olacaq...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"