Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2025 17:58

Peşəkar sürücü

Sürücülük ən gərəkli peşələrdən biridir. Artıq avtomobilsiz heç bir sahəni təsəvvür etmək mümkün deyil. Hərbi hissələrdə təminatların hamısı demək olar ki, avtomobillərlə çatdırılır. Bu səbəbdən də peşəkar sürücü hərbi hissədə xidmətin səviyyəsinin yüksəldilməsində gərəkli olur.
Hərbi hissədə zabit Məmmədağa Cahangirov bildirdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ramid Əhmədov peşəkar sürücülərdəndir. O, 12 ildir ki, sürücü kimi xidmət edir. Ortaboy,  gülərüz hərbi qulluqçu həm də çevikliyi ilə diqqətimizi cəlb etdi.
Əsgər Ramid Elmar oğlu Əhmədov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra sürücü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirmək istəyib. Bu məqsədlə də lazım olan sənədlərini hazırda xidmət etdiyi hərbi hissəyə təqdim edib. Fiziki hazırlıqdan və nəzəri biliklərdən məqbul qiymət alaraq ordu sıralarına qəbul olunub.
Ramid dedi ki, hələ uşaq yaşlarından onun avtomobilə böyük marağı olub. Böyüyəndə də özünü başqa sahədə görmək istəməyib. Texnikaların hissələrini, sürücü üçün gərəkli olan idarəetməni, yol nişanlarını öyrənməyə can atıb. Daha sonra sürücülük məktəbinə gedib. Dövlət Yol Polisində imtahan verib, minik və yük maşınlarının idarə edilməsi üçün sürücülük vəsiqəsi alıb.
Ramid ordu sıralarında xidmətə başlayandan avtomobil parkında texnikaların təmirində sürücü yoldaşlarına kömək edib. O, bununla avtomobil haqqında daha mükəmməl praktiki biliklər qazanıb. Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Ramid döyüşçülərə silah-sursat və başqa təminatları vaxtında çatdırıb. Dəfələrlə idarə etdiyi avtomobillə təhlükəli anlarla üz-üzə qalıb. Amma qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, təminatları vaxtında bölmələrə çatdırıb.
Tərtər, Ağdərə, Suqovuşan yaşayış məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Bacarıqlı və məsuliyyətli sürücü olduğu üçün rəhbərlik tərəfindən nümunəvi xidmətinə görə mükafatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ramid Əhmədov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Əsgər Ramid Əhmədov sürücü kimi xidmətini davam etdirir. O, növbəti dəfə çıxışa hazırlaşır. Avtomobil parkında park növbətçisindən və texniki nəzarət xidmət rəisindən lazımi təlimat alır. O, bir azdan avtomobillə parkı tərk edərək xidməti vəzifəsini yerinə yetirməyə gedəcək...

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"