Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2025 17:58

2020-2023-cü illərin sentyabrı nə ilə yadda qaldı?

Necə oldu ki, Azərbaycan illərdir işğal altında olan tarixi torpaqlarını cəmi 44 günə azad etdi? Dünya hərb elminə Şuşa əməliyyatı ilə misilsiz bir səhifə necə əlavə olundu? Hərbi dərsliklərə salınmalı şücaətlərlə, ən müasir silah sistemlərinin döyüş şəraitində tətbiqi ilə müharibənin taleyi necə həll olundu?.. Əlbəttə, bu sualların hər birinin çox uzun cavabı var. Lakin qısa şəkildə desək, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarının taleyini nə ATƏT-in Minsk qrupu adlı fəaliyyətsiz qurum, nə də digər beynəlxalq təşkilatlar həll etdi. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz çıxması ilə bağlı məlum qətnamələrini özü icra etdi. Halbuki Ermənistan dövləti BMT-nin Təhlükəsizlik Şurasının 1992-1993-cü illərdən etibarən qəbul etdiyi qətnamələri adi kağız parçası kimi dəyərləndirərək münaqişənin sülh yolu ilə həllinə doğru bir addım belə atmırdı. Bu vəziyyət Azərbaycanı ordu quruculuğuna daha çox önəm verməyə, xarici siyasət prioritetlərində Qarabağ məsələsi üzərində prinsipiallığını artırmağa, dünyada mövcud olan erməni lobbisini ifşa etməyə sövq etdi. Beləliklə, Ermənistanın havadarlarının və lobbisinin güclü olmasına baxmayaraq, o, siyasi müstəvidə işğalçı imicindən qurtula bilmədi. Hələ 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə gücünü göstərərək onun layiqli cavabını verdi. Bir sıra mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi. 
2020-ci ilin Tovuz döyüşləri zamanı xalqımızın on minlərlə nümayəndəsinin şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək üçün küçələrə axışması, Ali Baş Komandanın müraciəti, minlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə üz tutaraq döyüşə hazır olduğunu göstərməsi ilk psixoloji qələbəmiz idi, desəm, yanılmaram. Həmin günlər dünyanın koronavirus pandemiyası ilə mübarizə aparmasına baxmayaraq, xalqımız həm də görünməz pandemiya ilə, 100 ildir bizə qənim kəsilən məkrli düşmənlə mübarizə aparmaq qərarına gəlmişdi. El arasında deyildiyi kimi: bu xına əvvəlki xınalardan deyildi. 2020-ci ildə başlayan Vətən müharibəsi, o cümlədən 2022-ci ildəki "Qisas" əməliyyatı, 2023-cü ildə uğurla nəticələnən antiterror əməliyyatı da sentyabr ayına təsadüf etdi. Bu ayın hər günü günəşli olmadı, amma əməliyyatların məhz günəşli havada başlaması həm də hərbi strateqlərimizin peşəkarlığının göstəricisi idi. 2020-ci il sentyabrın 27-də 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan və daim genişmiqyaslı təxribatlar törədən Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına əmr verildi. Nəticədə regionun hərbi və geosiyasi mənzərəsi kökündən dəyişdi. İllərlə Azərbaycan ərazilərində hərbi istehkamlar quran, möhkəmlənən Ermənistan silahlı birləşmələri separatçılara xidmət edən qeyri-qanuni silahlı dəstələr 44 gün ərzində darmadağın edildi. 
Kapitulyasiya aktına imza atmağa məcbur edilən Ermənistan silahlı qüvvələrinin ölkə ərazisindən çıxarılması və regionda davamlı sülhün təmin edilməsi artıq diplomatik və antiterror əməliyyatı ilə reallaşdı. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Lakin bu proses silahlı toqquşmalarla müşayiət olunurdu. Həmin ilin noyabrında sərhəddə ilk silahlı toqquşmalar baş verdi. 
Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında oldu. İlk təxribat 2022-ci il sentyabrın 2-də baş verdi. Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində mövqelərimizin atəşə tutulduğunu bildirdi. Sonrakı günlərdə də təxribatlar davam etdi. Tarixə "12-14 sentyabr döyüşləri" kimi düşən bu əməliyyatlardan sonra Azərbaycan Ordusu şərti sərhədin əsas strateji yüksəkliklərinə nəzarəti ələ aldı. Düşmənin döyüş mövqeləri məhv edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı isə erməni separatizminə Azərbaycan torpaqlarında birdəfəlik son qoydu. Bu əməliyyat həm də böyük strateji əhəmiyyət daşıyırdı. Antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirərək yalnız legitim hərbi obyektləri hədəfə aldı. Bu, ordumuzun müasir silahlara malik olması ilə yanaşı, ölkəmizin yüksək humanist dəyərlərə sadiqliyini nümayiş etdirdi. 2020-ci ildə olduğu kimi, 2023-cü ildə də bu əməliyyat Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi təxribatlara cavab olaraq zəruri idi. Çünki Ermənsitan bütün xəbərdarlıqlara baxmayaraq, qanunsuz xunta rejimini qoruyur, onu maliyyələşdirirdi. Bu təkcə maliyyə dəstəyi deyil, həm də hərbi, siyasi və ideoloji sahələri əhatə edirdi. Bu isə birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə qarşı atılmış addım idi. Bir vaxtlar "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistanın baş naziri Nikol Paşinyanın separatçı lider Samvel Şahramanyanı "rəhbər" seçilməsi münasibətilə təbrik etməsi isə bütün əndazələri aşırdı. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin bölmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri genişmiqyaslı təxribatlara başladı. Əhmədbəyli-Füzuli-Şuşa yoluna ermənilər tərəfindən basdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbçilər şəhid oldular. Ordumuzun bölmələri atəşə tutuldu, nəticədə daha iki hərbi qulluqçumuz yaralandı. Azərbaycan Ordusu düşmənin döyüş mövqelərini gücləndirməsini və yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsini müşahidə edərək dərhal cavab tədbirlərinə başladı. Üçtərəfli Bəyanatın tələblərinin pozulması və separatçıların təxribatlarının davam etməsi antiterror əməliyyatını qaçılmaz etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Rusiya sülhməramlıları vasitəsilə sülh razılaşması əldə olundu. 2023-cü il sentyabrın 20-də saat 13:00-da antiterror əməliyyatı dayandırıldı. Razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən çıxmalı, tam şəkildə tərk-silah olunmalı idilər. Belə də oldu. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq və regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanı yaradıldı. Sentyabrın 28-də separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan qondarma qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tam şəkildə tərk-silah edildi və ölkəni tərk etdi. Bundan başqa, Qarabağ iqtisadi zonasında qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran şəhərlərində üçrəngli bayrağımızın dalğalanması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə başa çatdı. Şəhidlərimizin əziz xatirəsini andığımız, xalqımızın tarixinə şanlı qələbələr ayı kimi düşən sentyabr həm işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda müharibənin başlanması, həm də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yadda qaldı. 44 günlük Vətən müharibəsi və ondan sonrakı digər uğurla əməliyyatlar vahid komandanlıq tərəfindən idarə edilən Azərbaycan Ordusunun gücündən xəbər verdi. Bir sözlə, artıq 5 ildir ki, sentyabr ayı xalqımız üçün qələbələrlə zəngin aya çevrilmiş milli iradəmizin dikəldiyi tarix kimi yaddaşımıza həkk olunmuşdur. 

Bəxtiyar ƏLİYEV

"Naxçıvan Şəhid Ailələri" İctimai

Birliyinin mətbuat katibi