Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2025 17:58

Azərbaycan Ordusunun möhkəm dayaqlarından biri şəxsi heyətin sağlam həyat tərzidir

Fiziki baxımdan hazırlıqlı hərbi qulluqçular döyüş meydanında daha çevik, dayanıqlı və sürətlə qərarvermə qabiliyyətinə malik olurlar. Bu xüsusiyyətlər çətin relyefli, dağlıq və ekstremal şəraitdə keçirilən əməliyyatlarda həyati əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, çeviklik və dözümlülük məhz bu sahəyə ayrılan diqqətin və davamlı hazırlığın bariz göstəricisidir. Bu cür fiziki hazırlıq yalnız müharibə zamanı deyil, sülh dövründə də hərbi nizam-intizamın formalaşmasına mühüm töhfə verir.
Azərbaycan Ordusunda fiziki hazırlıq məşğələləri hərbi qulluqçuların gündəlik həyat fəaliyyətinin əsas və ayrılmaz hissəsidir. Fiziki hazırlıq məşğələləri yalnız fiziki gücün artırılmasına yönəlmir, həmçinin əsgərlərin iradəsini də möhkəmləndirir.
Gizir Təbriz Quliyev hərbi qulluqçu olmaqla yanaşı, gimnastika ilə də fəal məşğul olaraq fiziki hazırlığını yüksək səviyyədə saxlamağa böyük önəm verir. Gimnastika T.Quliyevin çevikliyini, balans və koordinasiya qabiliyyətini artırmaqla yanaşı, onun dözümlülüyünü və fiziki gücünü də möhkəmləndirir. Bu bacarıqlar hərbi qulluqçu üçün həyati əhəmiyyət daşıyır, çünki real döyüş şəraitində çeviklik və yüksək fiziki hazırlıq qələbənin əsas şərtlərindəndir.
T.Quliyevin idman sahəsində fəaliyyəti birlik üzrə keçirilən turnik yarışlarında da öz uğurlu əksini tapıb. İki dəfə qazandığı nailiyyət onun idmana nə qədər ciddi yanaşdığını və fiziki hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir. Yarışlarda əldə etdiyi uğurlar onun həm də ruh yüksəkliyini artırır.
İdman T.Quliyevin döyüş və xidmət fəaliyyətinə də müsbət təsir göstərir. İdman sayəsində onun psixoloji dayanıqlığı güclənir, stresə qarşı müqaviməti artır və komandada fəaliyyət qabiliyyəti yüksəlir. Bu keyfiyyətlər onun ümumi döyüş hazırlığını daha da artırır və istənilən şəraitdə operativ hərəkət etməsinə imkan verir. 
Gizir T.Quliyev dedi ki, fiziki hazırlığa xüsusi diqqət yetirmək hər bir hərbi qulluqçunun əsas vəzifəsidir. "İdman sayəsində həm fiziki güc, həm də psixoloji dayanıqlıq önəmlidir. Hər zaman öz üzərində çalışmaq və inkişaf etmək vacibdir. Bu, həm fərdi, həm də kollektiv uğura böyük təsir göstərir".
Əsgər İsmayıl Quluzadə bildirdi ki, fiziki hazırlıq hərbi xidmətimin əsas tərkib hissəsidir. "Hər gün idmanla məşğul olmaq güc və dözümlülüyümüzü artırır. Fiziki güc və çeviklik hərbi qulluqçu üçün ən vacib keyfiyyətlərdən biridir".
Əsgər Nicat Məmmədov isə idmanın onun üçün həm peşəkar, həm də şəxsi inkişaf vasitəsi olduğunu qeyd etdi. "İdman sayəsində həm güclənir, həm də psixoloji hazırlığımızı möhkəmləndiririk. Sağlam həyat tərzi seçmək və idmanla məşğul olmaq mənim gündəlik vərdişimdir. Bir əsgər olaraq güclü olmaq üçün əzmlə çalışıram".
Əsgər Pərvin Hüseynzadə dedi ki, çeviklik və dözümlülük real döyüş şəraitində həyati əhəmiyyətə malikdir. "Hər gün müəyyən məşqlərlə özümü inkişaf etdirirəm. İdman tədbirləri mənim üçün həm sınaq, həm də motivasiya mənbəyidir. Hərbçi kimi məsuliyyətli vəzifəmi tam yerinə yetirmək üçün çalışıram. İdman mənim güc və ruh qaynağımdır".
Əsgər Seymur Hüseynli isə fikirlərini belə ifadə etdi: "Fiziki hazırlıq hərbi xidmətin ayrılmaz tərkib hissəsidir. Fiziki cəhətdən güclü olmaq döyüş hazırlığında çevik və dözümlü olmağımıza kömək edir. Eyni zamanda, idman bizdə iradə, intizam və məqsədyönlülük kimi müsbət keyfiyyətləri formalaşdırır. Sağlam bədəndə sağlam ruh olar. Bu da hər bir əsgərin Vətənə daha layiqli xidmət etməsinə zəmin yaradır".
Əsgər Fazil Babayev isə xidmət yoldaşının fikrinə əlavə olaraq vurğuladı ki, fiziki hazırlıq məşqləri onun öz bacarıqlarını inkişaf etdirmək üçün əla fürsətdir. İdman, eyni zamanda, psixoloji dayanıqlığımızı da artırır. Əsgər yoldaşlarıma nümunə olmaq üçün fiziki hazırlığıma xüsusi diqqət yetirirəm".
Azərbaycan Ordusunda günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələləri şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsində həlledici amillərdən biridir. Fiziki hazırlığın inkişaf etdirilməsi hərbi qulluqçuların həm bədən, həm də ruh sağlamlığını gücləndirir. Azərbaycan Ordusunun möhkəm dayaqlarından biri şəxsi heyətin sağlam həyat tərzidir. 

Əli ABIYEV

"Azərbaycan Ordusu"