Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2025 17:58

Döyüşlə açılan səhər və tarixi Zəfər

Dövlətlə, dövlətçiliklə bağlı olan hadisələr yaşadıldıqca tarixləşir. Belə tarixlər zaman keçdikcə dövlətçiliyə işıq salıbsa, sevgilərlə, mahiyyəti dövlətçiliyin işığına kölgə salmaq olubsa, nifrətlə xatırlanır. Sevgi kimi nifrətin də yaşadılması dövlətçiliyə sədaqətdir...
27 sentyabr da tarixdi...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə genişmiqyaslı hücuma keçdi. Azərbaycan Ordusunun bölmələri bu təxribatın qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi; İkinci Qarabağ müharibəsi başladı...  
"N" hərbi hissəsində əsgərlər 2020-ci ilin payızında döyüşlə açılan səhərdən danışırlar, döyüşlərdən danışırlar. Disput Azərbaycan əsgərinin döyüş hazırlığının, qətiyyətinin, Vətən sevgisinin, qürurunun, ... ifadəsidi. Əsgərlər Anım Günü kimi qeyd edilən 27 sentyabrın həm də Qürur Günü olduğunu bildirirlər. Əsgər Kənan Quliyev deyir ki, Anım Günü müharibə tariximizə böyük ehtirama görə təsis edilib. Anım Günü dövlətçiliyin günüdür. Həmin gün döyüşlər də ehtiramla anılır, qəhrəmanlar da, şəhidlər də ehtiramla anılır, müharibədə sağlamlıqlarını itirənlər də...
Disputdan əvvəl polkovnik-leytenant Rauf Zeynalov demişdi ki, əsgərlərimiz də bu ədalətli müharibəni Azərbaycan dövlətçiliyinin rəşadətli müharibəsi adlandırır, hər biri bu adlandırmanı hərbi xidmətin mahiyyəti bilir. Belə düşüncə Azərbaycan əsgərinin mənəvi hazırlığının ifadəsi olmaqla milli-mənəvi dəyərlərin yaşadılmasıdır...
Disputa giriş kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi bir fikri xatırladıram: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".
Baş leytenant Nihat Hüseynov ordu hissələrimizin müharibənin ilk günündə Ermənistanın işğal müddətində yaratdığı, illərlə möhkəmləndirdiyi, təkmilləşdirdiyi mühəndis-istehkam sədlərini darmadağın etməsindən, qazanılan ilk qələbələrdən danışır, bildirir ki, sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki strateji yüksəkliklər işğaldan azad edildi.
Əsgər Tamerlan Nəcəfov deyir ki, mən qəbul imtahanlarına hazırlaşanda bu müharibənin xronikasını da öyrənmişdim. Ordumuzun müharibənin ilk günü qazandığı qələbələri sonrakı döyüşlərə aparan işıq bilmişdim. Bu işıq döyüş əzmi idi, qələbə ruhu idi.
Əsgər Rəfail Hacıyev müharibənin bir döyüşünü xatırladır:
- Bu müharibə təkcə işğalçılıqla deyil, həm də milli-mənəvi dəyərlərin - azərbaycançılığın erməniliklə apardığı ədalətli müharibə idi. Müharibədə əsgər dostluğu döyüş dostluğu kimi möhkəmlənmişdi, yaralı döyüşçünü döyüşün içindən çıxartmağa tələsən, yaralanmış döyüşçüyə çata-çatda yaralanan döyüşçü şəhid olmuşdu, döyüşçünün son nəfəsi döyüşçünün son nəfəsinə sarılmışdı. Bu kimi hadisələr Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığının nəticəsi idi...
Hərbi hissələrdə disputlar əsgərlərin təqdim edilən mövzuda bildiklərini xatırlaması üçün təşkil olunur; disput tarixləşməli, yaxud tarixləşmiş hadisələrin yaddaşlara köçməsində etibarlı vəsilədir...
Baş leytenant Nihat Hüseynov deyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş hərbi qulluqçularımıza, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Əsgər Elməddin Abbasov deyir ki, orta məktəbdə oxuyanda tarix müəllimimiz faktlarla deyirdi ki, Ermənistan müharibə qanunlarına əməl etmədən müharibə aparırdı. İşğal zamanı yaşayış məntəqələri dağıdılırdı, dinc əhali amansızcasına qətlə yetirilirdi. Başlıbel, Ağdaban və Bağanis-Ayrım, Meşəli, Qaradağlı kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin təsdiqi kimi tarixləşib. Xocalı faciəsi son 100 ilin ən ağır cinayətlərindəndir.
Əsgər Rəfail Hacıyev əsgər yoldaşının fikirlərini gərəkli bir məqamla tamamlayır:
- Bu müharibə elan edilmədən başlasa da, işğalçılıq müharibəsi olduğu müəyyən səviyyələrdə etiraf edilirdi. Lakin beynəlxalq təşkilatlar Ermənistanı işğalçılığa görə, müharibəni başlatdığına görə, mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə qınamırdı. Beynəlxalq təşkilatlar işğalçı ilə işğala məruz qalmış dövlətlərin mövqelərini fərqləndirmirdi. Buna siyasətdə ikili standartlar deyirlər. Bəzi məqamlarda beynəlxalq təşkilatların işğalçıya rəğbəti də açıq hiss olunurdu.
Əsgər Tamerlan Nəcəfov fikrini belə ifadə edir:
- Buna baxmayaraq Azərbaycan həmişə danışıqların aparılmasının tərəfdarı olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il yerinə yetirilmədi.
- Beynəlxalq təzyiq olmadığına görə, - Rəfail Hacıyev əsgər yoldaşının fikrinə söykək kimi belə deyir.
Əsgər yoldaşının fikrini əsgər İsmayıl Xəlilov belə tamamlayır:
- 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyul döyüşləri Ermənistana da, onun havadarlarına da ciddi, qətiyyətli hərbi xəbərdarlıq idi.
Baş leytenant Nihat Hüseynov deyir ki, Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və dünya ictimaiyyətinə də nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Əsgər Ravid Rəhimov İkinci Qarabağ müharibəsində əhalinin ruhən döyüşənlərin sırasında olmasından, döyüşənlərə yazılan məktublardan da söz açır. Bu məqam disputa yeni bir yönəm verir:
- Bir ananın məktubunu şagird olanda oxusaq da, çoxumuzun yaddaşındadı. Həmin Ana tanımadığı döyüşçüyə yazmışdı ki, oğlum müharibənin ilk günü şəhid oldu. Onun hələ geyinmədiyi isti paltarlarını sənə göndərirəm, oğul. Geyin, döyüş, şəhid qardaşını da sıranızda bil. Qələbədən sonra mən adda ananı görməyə gəl, gəl ki, gözlərindən öpüm, bir az təsəlli tapım...
Əsgərin xatırlatması incə bir kövrəklik yaradır. Bu kövrəklik də Vətən müharibəsində döyüşənlərimizə görə, onların döyüşlərinə görə Vətənə sevgidi...
Əsgər Ravid Rəhimov şəhid baş leytenant Səid Rəşidzadəni xatırladır, onun Xocavənd istiqamətində döyüşdə doğulduğu kəndi işğaldan azad edəndə necə sevindiyini sözlə ifadə edə bilməyəcəyini deyir. Səid onda atasına zəng edib, həyəcandan kəlmələri bir-birinə dolaşıb, atası kövrəldiyinə görə, o da kövrəlib. Bir gün sonra Şişqaya yaxınlığında düşmənin iki mövqeyini darmadağın ediblər. Səid Şişqayada erməni bayrağını endirib, layiq olduğu yerə atıb. Azərbaycan bayrağını ucaldanda Səidə snayper gülləsi dəyib. Qəzetinizdə bir məqalə dərc olunmuşdu: "Şəhidlərdi ruhumuzun bayrağı". Bu kəlamı biz də həmişə düşüncələrimizdə yaşadacağıq...
Əsgər Elməddin Abbasov deyir ki, Şuşa döyüşlərini biz də xatırlayırıq, ermənilər də. Biz qürurla xatırlayırıq, ermənilər acı təəssüflə, məğlub ölkə kimi. Biz bu tarixi qələbəni həmişə qürurla xatırlayacağıq.
Əsgər İsmayıl Xəlilov Elməddinin sözünə söykək kimi deyir ki, biz qürurla xatırladıqlarımız, bundan sonra da qürurla xatırlayacaqlarımız Azərbaycan Ordusunun qüdrətidir. 
Şuşa döyüşləri haqqında əsgərlərin hamısı nəsə demək istəyir:
- Döyüşçülərimiz Şuşaya sıldırımlarla yaxınlaşmışdılar. Ağır yaralanmış döyüşçünün öz qanı ilə dağın sinəsinə "Qarabağ Azərbaycandır!" yazmağa taqəti çatıb, son nəfəsində yazdığına baxa bilib, üzündə bir qürur donub. Döyüşçülərimiz şəhərdə bəzi yerlərdə güllələrlə, bəzi yerlərdə süngülərlə döyüşüblər, - əsgər Eltac Əsgərli belə deyir...
- Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Ermənistan silahlı qüvvələri Ağdamdan, Kəlbəcərdən və Laçından döyüşsüz geri çəkildi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, - əsgər Rəfail Hacıyevin dedikləri düşüncələrin informativ göyqurşağına dönür...
Əsgər Ravid Rəhimov qəbul imtahanlarına hazırlaşanda yaddaşına köçürdüyü bir faktı xatırladır: 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın döyüşsüz Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Baş leytenant Nicat Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir fikrini də xatırladır: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".
...Gün günorta yerindədi. Əsgərlər disputun cazibəsindən ayrılmaq istəmirlər. Bu, Vətənə sevgidi. Bu, Vətən sevgisidi!..
"N" hərbi hissəsinin əsgərlərinin baxışlarında bir qətiyyət var: Güllələrlə açılan səhəri də, döyüşləri də, tarixi Zəfəri də düşüncələrimizdə dövlətə, dövlətçiliyə sədaqətlə yaşadacağıq, bizdən sonra xidmət edəcək əsgərlər də belə yaşadacaqlar!..
Güllələrlə açılan 27 sentyabr səhəri də, döyüşlər də, qazanılan tarixi Zəfər də tariximizdi. Xalqın, dövlətin, dövlətçiliyin tarixini ruh yaşadır...
Əsən yellər uzaqlara tələsir...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"