Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2025 20:04

“Dünya çempionatındakı qələbəmi şəhidlərimizə həsr edirəm”

Azərbaycan Ordusu yarandığı gündən Mərkəzi Ordu İdman Klubu (MOİK) da uğurla fəaliyyət göstərir. Klubda bir sıra idman növləri üzrə peşəkar idmançılar çalışırlar. MOİK təmsilçiləri nəinki Azərbaycan Ordusunda keçirilən yarışlarda, eləcə də beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər. Onlar həm ölkəmizi, həm də ordumuzu layiqincə təmsil edərək dövlətimizin adını hər zaman ucaldırlar.
Sentyabrın 16-dan 23-dək Xorvatiyada keçirilən güləş üzrə dünya çempionatında MOİK təmsilçisi, yunan-Roma üzrə güləşçi Ülvü Qənizadə 72 kq çəki dərəcəsində çempionatın qalibi oldu.
Çempionatdan yenicə qayıdan güləşçimizlə, necə deyərlər, təri hələ soyumamış MOİK-də görüşdük. Bəstəboy, gülərüz çempionumuzla söhbətimiz olduqca səmimi alındı.
Ülvü Aslan oğlu Qənizadə 1999-cu ildə Bakı şəhərində anadan olub. 270 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub, 2020-ci ildə həmin akademiyanı bitirib. Uşaq yaşlarından idmanın yunan-Roma güləş növünə maraq göstərib. Klublararası, daha sonra rayonlar üzrə keçirilən yarışlarda iştirak edərək qələbələr qazanıb. Müddətli həqiqi hərbi xidmətini də MOİK-də keçib. Xidmət dövründə hərbçilər arasında keçirilən yarışlara qatılıb. Onun uğurlu çıxışları MOİK rəhbərliyinin diqqətindən kənarda qalmayıb. Müddətli həqiqi hərbi xidmətini başa vuraraq, ordu sıralarından tərxis olunduqdan sonra o, idman karyerasını MOİK-də davam etdirmək qərarına gəlib.
Ülvü Qənizadə dedi ki, MOİK-də uğurları çox olub. Azərbaycanın yığma komandasının tərkibində ilk dəfə 2022-ci ildə böyüklər arasında keçirilən Avropa çempionatına qatılıb və 3-cü yerə çıxıb. Bundan sonra Ülvü hər il keçirilən dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil etməyə başlayıb. Ülvü Qənizadə idmanda qazanılan uğurlara görə ona dəstək olan valideynlərinə minnətdardır. Peşəkar idmançımızın bu mərhələyə gəlib çatması onun üçün asan olmayıb. Ülvü dedi ki, yunan-Roma güləşi üzrə bu il dünya çempionatında ölkəmizi təmsil etdiyi üçün sevinir. "Yığma komandamıza MOİK-dən qatıldım. Müdafiə Nazirliyinin və MOİK-in rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Qalib kimi Vətənə qayıtmaq arzusu ilə getmişdim. Əgər burada belə bir mühit, belə bir şərait olmasaydı, təbii ki, mən də çempionatda uğur qazana bilməzdim. Güləş müəllimim Elnur Müzəffərovun da üzərimdə əməyi böyükdür. Onun sayəsində güləşin incəliklərini mənimsəmişəm. Klubu təmsil etdiyim illər ərzində iki dəfə dünya, bir dəfə Avropa çempionu olmuşam. Bu mənə qürur verir. Maraqlısı odur ki, həm bir dəfə Avropa, həm də iki dəfə dünya çempionatının final mərhələsində rəqibim Fransa təmsilçisi, əslən misirli İbrahim Ghanemi olub. Yaşca İbrahim məndən böyükdür. Onun güləşdə təcrübəsi və bacarıqları daha çoxdur. Olduqca güclü rəqib idi. Ona qalib gəlməyimin çox çətin olacağını düşünürdüm. Amma bütün gücümü, texniki imkanlarımı səfərbər etdim. Buna qədər də çox məşqlər etmişdim. Qalib gələcəyimə inamım olsa da, son sözümü yenə döşək üzərində deməli idim. Finalda fransalı idmançı özünü çox taktikalı göstərsə də, 4:2 hesabı ilə qalib gəldim və qələbəni təmin etdim. Xorvatiyada Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdim, Dünya çempionatında bayrağımızı ikinci dəfə ucaltdım. Qazandığım bu qələbəni torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımıza həsr edirəm".
İllərdir güləş üzrə Azərbaycanın yığma komandasının baş məşqçisi Aleksandr Tarakanovun rəhbərliyi altında idmançılarımız yarışlarda təmsil olunurlar. 
Həmsöhbətim Ülvü Qənizadə dedi ki, növbəti il keçiriləcək Avropa çempionatına da yaxşı hazırlaşacaq və qızıl medalla Vətənə qayıtmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.
Yunan-Roma güləşi üzrə dünya çempionumuz Ülvü Qənizadə ilə qısa və maraqlı söhbətdən sonra ona gələcək yarışlarda uğurlar arzuladıq.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"