Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2025 20:02

Şəhidlərimiz polkovnik-leytenant Rəşad Quliyev və Bəhmən Məmmədovun xatirəsi anıldı

Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən neçə-neçə igid oğullarımız var. Onların hər biri bizim üçün müqəddəsdir, ölməzdir, şəxsi şücaət nümunələri gələcək nəsillərə örnəkdir.
Vətən uğrunda canlarını fəda etmiş igid oğullarımız polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin və Bəhmən Fərman oğlu Məmmədovun doğum və xatirə günləri münasibətilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində anım tədbiri keçirildi.
Tədbirdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın azadlığı müstəqilliyi, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət Himni səsləndirildi.
Mərasimdə şəhidlərimizin həyat yolunu əks etdirən videoçarxlar nümayiş etdirildi.
Tədbirdə çıxış edən Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid ailələri və qadınlarla iş sektorunun müdiri Zümrüd Səmədova igid oğullarımızın döyüş yolundan bəhs edərək bildirdi ki, Vətən uğrunda şəhid olan hər bir şəxsin adı xalqımızın yaddaşında silinməz iz buraxır və onların əziz xatirəsi daim ehtiramla anılır. Z.Səmədova vurğuladı ki, şəhid ailələrinin sosial müdafiəsi, onların qayğı ilə əhatə olunması dövlətin əsas prioritet istiqamətlərindən biridir.
Qeyd edildi ki, şəhidlik ən uca zirvədir və bu müqəddəs məqamı qazananların qanı bahasına azad edilən torpaqları qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Şəhidlərin ailə üzvləri Rəşad və Bəhmən haqqında xatirələrini bölüşdülər, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirdilər. Belə tədbirlərin şəhidlərin əziz xatirəsinin daim yaşadılmasında, onların döyüş yollarının, şücaətlərinin təbliğ olunmasında və gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynadığını vurğuladılar.
Çıxış edən digər qonaqlar şəhidlərimizin mənəvi keyfiyyətlərindən, vətənpərvərliklərindən, Vətəninə sonsuz bağlılıqlarından danışdılar. Həmçinin onların hərbi xidmət dövründə qazandıqları nailiyyətlərdən və döyüş yollarına dair xatirələrdən söz açıldı.
Qeyd edək ki, Ağdam rayonunun Sırxavənd kəndində dünyaya gələn şəhidimiz  Bəhmən Məmmədov Birinci Qarabağ müharibəsi zamanı, əslən Quba şəhərindən olan Rəşad Quliyev isə İkinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar.
Tədbirin bədii hissəsində isə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, vətənpərvərlik mövzusunda musiqilər ifa olundu.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini daim uca tuturuq. Onların igidliyi Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Bizə əmanət qoyduqları torpaqlarımızı göz bəbəyimiz kimi qorumaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. 

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"