Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2025 19:59

Tarixin 27 sentyabr günü...

Müstəqilliyimizin ilk illərində ağır sınaqlarla üz-üzə qalan ölkəmiz nizami ordu formalaşdırmaqda da böyük çətinliklərlə qarşılaşdı. Ölkədə dağınıq silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın yaradılmaması, maddi-texniki bazanın çox zəif olması böyük bir problemə çevrilmişdi. Bu problemlərin aradan qaldırılması üçün xalqımıza güclü, dəmir iradəsi olan bir tarixi şəxsiyyət lazım idi. Xalq belə bir siyasətçinin gəlişini böyük ümidlə gözləyirdi...
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası ilə yanaşı, nizami ordunun formalaşmasında da dönüş nöqtəsi oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu vahid komandanlıq altında birləşdi, qanunvericilik bazası möhkəmləndi, nizam-intizam bərpa edildi.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sürətlə inkişaf etməsi üçün bir sıra islahatlar həyata keçirildi. Ordu quruculuğu sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. Azərbaycan Ordusunun daha da qüdrətlənməsi üçün müasir silah və texnikalar alındı, hərbi sənaye kompleksi yaradıldı, hərbi qulluqçuların peşəkarlığı yüksək səviyyəyə çatdırıldı. Aparılan zəruri islahatların nəticəsində ordumuz regionun ən güclü ordularından birinə çevrildi. Eyni zamanda, dövlətimizin xarici siyasəti və beynəlxalq əlaqələri də ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Xarici ölkələrlə hərbi əməkdaşlıq əlaqələrinin qurulması, hərbi qulluqçuların beynəlxalq təlimlərdə iştirakı onların təcrübəsini daha da artırdı.
Torpaqlarımızın 20 faizinin düşmən tərəfindən işğal olunması nəticəsində soydaşlarımız yurd-yuvalarından, əziyyətlə qurub-yaşadıqları isti ocaqlarından ayrı düşmüşdülər. Dövlətimiz bu torpaqların yalnız sülh yolu ilə alınmasını və ədalətin bərpa olunmasını istəyirdi. Lakin, işğalçı Ermənistan dövlət bu kompromisə razı olmurdu. Bütün bunlara baxmayaraq, nə olursa-olsun, Azərbaycan dövləti və xalqı bir amal uğrunda mübarizəsini davam etdirdi: milli birliyi möhkəmləndirmək və Qarabağı sülh yolu ilə azad etmək... Amma Ermənistan sülhü deyil, silahlı münaqişəni seçdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri ölkəmizə qarşı növbəti dəfə genişmiqyaslı təxribat törətdi. Bu təxribat nəticəsində mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Mülki əhali və hərbi qulluqçular arasında itki və yaralılar oldu. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Ordumuz 44 gün ərzində düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və ərazi bütövlüyümüz bərpa olundu. Qarabağın mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin azad edilməsi bu haqq savaşının ən ali nöqtəsi oldu.
2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müharibənin dayandırılması haqqında üçtərəfli Bəyanat imzaladılar.
Azərbaycan xalqının yaddaşında 2020-ci il sentyabrın 27-si xüsusi bir tarix kimi qaldı. Bu tarix Vətən müharibəsinin başlandığı gün olmaqla yanaşı, həm də xalqımızın qəhrəmanlıq salnaməsinin, milli birliyinin, qüdrətinin simvoluna çevrildi. Məhz bu gün Azərbaycan Ordusu işğal altında olmuş torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladı. Bu döyüşlər həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 27 Sentyabr - Anım Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilir.
Tarixin 27 sentyabr günündə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər müasir tariximizdə dönüş nöqtəsi oldu. Xalq-dövlət-ordu birliyi və müasir texnologiyaların tətbiqi Azərbaycanın hansı gücə malik olduğunu dünyaya göstərdi. Bu güc xalqımızın xoş gələcəyə inamını daha da artırdı. Bu gücə inam Zəfərdən doğur.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"