Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2025 17:44

Psixologiyada özünütəlqin: İnsanın daxili gücünün kəşfi

Müasir psixologiyada insanın daxili potensialının kəşfi və onun  tətbiqi geniş tədqiqat sahələrindən birinə çevrilmişdir. Bu kontekstdə özünütəlqin - insanın öz psixoloji vəziyyətinə, düşüncələrinə və davranışlarına təsir göstərmək, hakim olmaq qabiliyyəti xüsusi yer tutur. Həyatın müxtəlif mərhələlərində insanın qarşılaşdığı çətinlikləri aşmaqda, uğur qazanmaqda və məqsədlərinə çatmaqda özünütəlqinin əvəzsiz rolu vardır.
1. Özünütəlqin nədir?
Özünütəlqin - insanın öz-özünə şüurlu və ya şüursuz təsirlərlə verdiyi daxili inamı formalaşdırması və psixoloji vəziyyətinə təsir göstərməsidir. Bu proses şüurun bir növ yönləndirilməsi, motivasiyanın stimullaşdırılması və mənfi düşüncə modellərinin müsbətə doğru dəyişdirilməsi vasitəsilə həyata keçirilir.
Məşhur bir ifadədə deyildiyi kimi: "Hər gün hər baxımdan daha da yaxşılaşıram".
Bu cümlə bir çoxlarının gündəlik devizinə çevrilmiş və özünütəlqinin sadə, lakin güclü bir vasitə olduğunu göstərmişdir.
2. İnsan - maddi varlıqdan daha artıq
İnsanı yalnız maddi varlıq kimi qəbul etmək əslində onun təbiətinin böyük bir hissəsini, hətta ən güclü tərəfini görməmək deməkdir. İnsan yalnız bədənindən ibarət deyil, o, ruhi və mənəvi dünyası ilə də fərqlənir. İnsan həm də emosional, zehni və mənəvi yönlərə malik, ruhsal, duyğularla zəngin bir varlıqdır. Böyük anlamda şəxsin düşüncələri, duyğuları və mənəvi durumu insanın həyat keyfiyyətini və uğurlarını müəyyən edən əsas amillərdəndir. İnsan psixikasını sadəcə kimyəvi reaksiyalar və fizioloji proseslər kimi görmək, onun həyatdakı müvəffəqiyyətini və xoşbəxtliyini tam dərk etməmək deməkdir.
Burada Hind fəlsəfəsinə aid məşhur bir fikir çox yerinə düşür: "Biz ruhi təcrübə bəxş edilmiş insan məxluqları deyilik. Biz insani təcrübə bəxş edilmiş ruhi məxluqlarıq".
Bu fikir göstərir ki, insanın əsas varlığı onun ruhi təcrübələrində, duyğularında, düşüncələrində və dəyərlərindədir. İnsanın daxili dünyası zənginləşdikcə  həyatın mənasını və məqsədini dərk etməsi asanlaşır.
3. Özünütəlqinin psixoloji əsası
Özünütəlqinin psixoloji mexanizmləri əsasən təkrar, vizualizasiya və inanma kimi proseslərə əsaslanır.
- Təkrar: Məlumatın beyinə bir neçə dəfə ötürülməsi, onun yaddaşda möhkəmlənməsini təmin edir.
- Vizualizasiya: İnsan özünü uğur qazanmış, istədiyi vəziyyətdə təsəvvür etdikcə, beynin həmin vəziyyətə uyğun reaksiyaları aktivləşir.
- İnanma: İnanmaq özünütəlqinin effektivliyini artırır. İnam bütün məqamlarda baş verən proseslərin istiqamətinə və nəticələrinə həlledici təsir edən amildir. İnanmayan insan üçün təlqin gücsüzdür.
İnsan beyni ona (təkrar) təqdim edilən məlumatları bir müddət sonra "gerçək" olaraq qəbul etməyə başlayır. Beləliklə:
- Müsbət təlqinlər: Özünəinamı artırır, qorxu və şübhələri azaldır.
- Mənfi təlqinlər: Təşviş, özünüqiymətləndirmənin aşağı olması və passivlik yaradır.
Burada "Placebo effekti" də özünütəlqinin bir sübutu olaraq göstərilə bilər. İnsan ona verilən dərmanın əslində təsirsiz olduğunu bilməsə də, yalnız inanmaq sayəsində sağalmanı təcrübə edə bilir. Bu, beynin düşüncələrə, düşüncələrin bədənə necə təsir etdiyini aydın şəkildə göstərir.
Aşağıda "Placebo effekti" tətbiq edilən müsbət və mənfi özünütəlqin nümunələrinə aid misallar göstərilmişdir. Birinci misalda  iştirakçılar düşüncələrində özünütəlqin formalaşdırmaqla müsbət özünütəlqin sayəsində sağalır, ikinci misalda isə mənfi özünütəlqin sayəsində iştirakçının vəziyyəti daha da pisləşərək ölməsinə səbəb olur.
Placebo effekti - hadisə 1 (müsbət özünütəlqin nümunəsi):
1980-ci illərdə ABŞ-da belə bir hadisə baş vermişdir. O illərdə ABŞ-da şəkərli diabet xəstəliyindən əziyyət çəkən azyaşlı uşaqların müalicə aldıqları 2 dispanser var idi. Uzun illərin statistik araşdırmalarından sonra dispanserlərin birində müalicə alan xəstələrin 90%-nin tam sağaldığı, digər dispanserdəki xəstələrin isə 80-90%-nin sağalmadığı, əksinə xəstəliklərinin daha da şiddətləndiyi diqqət çəkmişdir. Statistik araşdırma mərkəzinin bu məlumatından sonra ABŞ-nin Səhiyyə Nazirliyinin həyəcan təbili ilə ayağa qalxması, hökumət dairələrinin bununla bağlı ABŞ Səhiyyə Nazirliyinə təzyiqləri ölkə gündəmində olmuşdur. ABŞ Səhiyyə Nazirliyinin araşdırmaları heç bir nəticə verməmiş və bununla bağlı hökumət qarşısında heç bir qənaətbəxş hesabat verə bilməmişdir. Çarəsiz qalan ABŞ hökuməti və Səhiyyə Nazirliyi bütün media vasitələrindən istifadə edərək ölkə qarşısında çıxış etmiş, üzləşdikləri problemi açıqlamış və bütün elm xadimlərini bu problemlə bağlı səfərbərliyə çağırmış və problemin düzgün səbəbini və həllini tapan şəxsin böyük məbləğdə mükafat qazana biləcəyini bildirmişdir.
Bir çox elm xadimləri bu problemlə bağlı araşdırmalar aparmış, lakin, heç bir nəticə əldə edə bilməmişdilər. Belə ki, xəstələrinin 80-90%-nin sağala bilməyib, əksinə xəstəliklərinin daha da ağırlaşdığı dispanserdə nəzərə çarpan və buna səbəb ola biləcək heç bir nöqsan tapa bilməmişdilər.
Nəhayət ki, məşhur amerikalı psixoloq Antony Robbins bu məlum problemin həllini tapmışdır. Bunun üçün o, təxminən bir aya qədər xəstə uşaqların sağala bilmədikləri dispanserdə araşdırmalar aparmış və qənaətbəxş heç bir nəticə əldə etmədikdən sonra problemin həllini məhz digər müalicə ocağında axtarmalı olduğunu anlamışdır. Digər dispanserə gələrək araşdırmalarına başlayan Antony Robbins burada 5 yaşlı xəstə qız olan Mary ilə dostluq etməyə və gününün çox hissəsini o uşaqla keçirməyə başlayır. Onlar bir yerdə oynayır, bir yerdə yemək yeyir, Mary-nin maraqlarında ola biləcək söhbətlər edir, bir yerdə cizgi filminə baxırlar. Bərabər keçirdikləri müddətdə məşhur psixoloq uşağın dünyasına nüfuz etməyə və onu anlamağa çalışırdı, lakin hələ heç bir irəliləyiş əldə edə bilməmişdi. Nəhayət bir gün Mary yeni dostuna bu gün hovuzda çiməcəyini bildirir. Onlar səhər təxminən 10:00 radələrində dispanserin hovuz olan bölümünə gedirlər. Mary hovuza cavabdeh olan xidmətçidən hovuzun təmiz olub-olmadığını soruşur. Xidmətçi "Xeyr, Mary, hovuz təmiz deyil. Səndən əvvəl bu hovuzda bir nəfər çimib. Mən hovuzu hazırlayaram, isti olanda səni çağıraram, gəlib çimərsən" deyir. Göz yaşı kimi təmiz suyu olan hovuza yenidən baxaraq bərk təəccüblənən məşhur psixoloq heç nə demir.
Təəccüblü idi, ona görə ki, xidmətçi bir nəfərin çimməsi ilə ən azı 15-20 ton su tutumu olan hovuzu natəmiz sayırdı və onların hər ikisinin gözünün qabağında boşaltma kranını açaraq hovuzu boşaltmağa başlayır. Suyun burula-burula kanalizasiya dəliyinə getdiyini görən Mary Antony Robbinsə "Gedək, bizi çağıranda gələrik" deyir və onlar hovuz olan bölümdən çıxırlar.
Təxminən 2 saat sonra xidmətçi onlara yaxınlaşır və mehriban şəkildə "Mary, hovuz hazırdır, indi girib çimə bilərsən" deyir.
Onlar yenidən hovuza gəlirlər və Mary hovuzun kənarında oturaraq ayaqlarını suya sallayır. Ayaqları ilə suyun hərarətini yoxladıqdan sonra sevincək halda "Hə, indi çimmək olar" deyə hovuza tullanır. Sevincək halda hovuzun uzunluğu boyu o tərəfə-bu tərəfə üzən uşağa baxan psixoloqun diqqətini qızın dodaqlarının yüngülcə tərpəndiyi, öz-özünə nə isə pıçıldadığı çəkir. Mary üzüb qurtardıqdan sonra hovuzdan çıxır və onlar oradan gedirlər.
Şam yeməyi vaxtı Antony Robbins Mary-dən hovuzda üzərkən öz-özünə nə pıçıldadığını soruşur. Mary "Bu bizim hovuz xidmətçisi ilə aramızda olan bir sirrdir" deyə gülümsəyərək cavab verir. Psixoloq öyrənmək üçün təkid göstərmir. Bundan bir neçə gün keçdikdən sonra Mary-dən söhbətarası bunun nə olduğunu soruşur. Mary ona "Mən qəndəm" deyə cavab verir. Çaşqınlıqdan "Nə?" deyə soruşan psixoloq uşaqdan eyni cavabı alır. Antony Robbins məsələnin sirrini başa düşür və hər şeyi anlayır. Sən demə hovuz xidmətçisi uşaqların qarşısında kiçik bir təcrübə keçirərək onlara ən gözəl şəkildə özünütəlqin aşılayıbmış. Bunun üçün xidmətçi bir ədəd soyuq su və bir ədəd isti su ilə dolu stəkan götürmüş, hərəsinə bir ədəd qənd atmış, qısa vaxtdan sonra nəticəni uşaqlara göstərmişdir. Belə ki, soyuq su ilə dolu stəkana atılan qəndin hamısı ərimişdi. İkinci dəfə xidmətçi 1 ədəd isti şirin suyu olan stəkan, 1 ədəd də isti adi suyu olan stəkan götürmüş, hərəsinə 1 ədəd qənd atmışdı. Müəyyən vaxtdan sonra şirin suyu olan stəkandakı qəndin az hissəsinin, adi suyu olan stəkandakı qəndin isə hamısının əridiyini uşaqlara göstərmişdi. Daha sonra bu təcrübəyə yekun vuraraq xəstə uşaqlara bunu açıqlamışdır: "Uşaqlar, nə vaxt ki, siz təmiz, isti suda çimsəniz sizin bədəninizdə olan şəkər sizdən çıxıb suya qarışar. Şirin suda çimsəniz, şəkər çıxmaz, əksinə daha çox sizə yapışar. Ona görə də siz yalnız isti və təmiz suda çimməlisiniz". Bu sadə uşaq dili ilə ən sadə şəkildə özünütəlqin aşılanan uşaqlarda müalicə daha effektli və sürətlə getmiş və böyük əksəriyyəti sağalmışdı.
Bu problemin həllini açıqlayaraq ABŞ hökumətinə bildirən məşhur psixoloq müəyyən edilmiş mükafata sahib olur.
Burada biz xidmətçinin uşaqların şüurunda müsbət özünütəlqin yaradaraq "Mən qəndəm və təmiz isti suda həll oluram" deyə düşünmələri, bütün duyğularının uşaqları sağalmağa kökləməsi və nəticədə də müalicə alan uşaqların böyük əksəriyyətinin sağaldıqlarını görürük.
“Placebo effekti - hadisə 2 (mənfi özünütəlqin nümunəsi):
Bir vaxt ölkələrarası ərzaq məhsullarının daşınması ilə məşğul olan şirkətin treylerlərindən birinə ət məhsullarını yükləyərkən işçilərdən biri maşının bortunda yeşikləri daşıyırdı. Ət məhsulları yüklənib qurtardıqdan sonra bortun içərisində öz işi ilə məşğul olan işçini yaddan çıxaran digər işçilər bortun qapısını bağlayır, sürücüyə də "Biz bortu bağladıq, indi sürüb gedə bilərsən" deyirlər. Sürücü də buna arxayın olub maşını işə salır və hərəkətə başlayır. Maşın işə düşdükdən sonra bortun qapısına tərəf qaçan işçi qapının bağlı olduğunu görür. Qapını və divarları nə qədər döyüb-yumruqlasa da, heç kim eşitmir. Çarəsiz qalan işçi "İndi dondurucu işləyəcək, mən də burada donub öləcəm. Heç olmasa başıma gələnləri yazım, daha sonra nədən öldüyümü bilsinlər" deyə düşünür. Daha sonra cibindən qələmini və bloknotunu çıxarıb yazır: " - Saat 10:00. Maşın işə düşdü;     - Saat 11:00 çox soyuqdu, yaman üşüyürəm, deyəsən yavaş-yavaş donuram; - Saat 11:30, soyuqdan tir-tir əsirəm;        - Saat 12:00 iliklərimə qədər donmuşam; - Saat 12:40 artıq yaza da bilmirəm, deyəsən axırım çatıb".
Maşın mənzil başına çatanda dondurucunun qapısını açan kimi xarab olmuş ət qoxusu ətrafı bürüyür. Dondurucunun içinə baxanlar orada donvurmadan qaxac olmuş işçinin cəsədini tapırlar. Ölmüş işçinin qeydlərində onun donduğunu və bu səbəbdən öldüyünü oxuyan insanlar çox təəccüblənirlər. Çünki dondurucu hələ yola düşməmişdən əvvəl nasaz olduğu üçün heç işləməmiş, buna görə də bütün ət məhsulları xarab olmuşdu. Daha sonra işçinin cəsədini müayinə edən ekspert pataloqoanatomlar onun, həqiqətən də, donmadan öldüyünü təsdiq etmişdilər.
Burada biz işçinin şüurunda mənfi özünütəlqin yaradaraq "Mən donuram" deyə düşünməsi, bütün duyğularının onu donmaya kökləməsi və nəticədə həqiqətən donaraq öldüyünü görürük.
Yuxarıda izah etdiyimiz hadisələrdə biz özünütəlqinin müsbət və mənfi nəticələrə yol açan iki nümunəsini görürük. Psixoloji cəhətdən, həqiqətən də, möhtəşəm gücə malik olan özünütəlqini biz öz xidmətimizdə necə tətbiq etməliyik? Bu sual bütün hərbi psixoloqları, komandir-rəisləri düşündürməlidir. Çünki bütün peşələrin ən şərəflisi və çətini olan hərbçi peşəsi insanların öz vəzifə borcunu şüurlu surətdə qəbul edərək, nizamnamələr çərçivəsində yüksək məsuliyyətlə icra etmələrinə əsaslanır.
4. Özünütəlqin həyatda necə kömək edir?
Özünütəlqinin gündəlik həyatda tətbiqi aşağıdakı sahələrdə faydalı ola bilər:
- Stress və təşvişin idarə olunması:
"Mən sakitəm", "Hər şeyə nəzarət edirəm" kimi ifadələr insanın narahatlıq səviyyəsini azaldır.
Dərin nəfəsalma və özünütəlqin birləşdirildikdə daha effektiv olur.
- Özünəinamın artırılması:
Müsbət ifadələr ("Mən bacarıqlıyam", "Qorxularımı aşa bilərəm") insanın özünə olan münasibətini dəyişə bilər.
- Uğura yönəlmiş motivasiya:
İdmançılar, tələbələr, menecerlər və digər peşə sahibləri özlərini "Məqsədimə doğru gedirəm", "Uğur məni gözləyir" kimi cümlələrlə təlqin edərək performanslarının artırılmasına nail ola bilərlər.
- Pis vərdişlərin tərgidilməsi:
Siqareti tərgitmək, sağlam həyat tərzi keçirmək, vaxtı düzgün idarə etmək kimi davranış dəyişiklikləri özünütəlqin vasitəsilə dəstəklənə bilər.
5. Uğurun və uğursuzluğun gizli açarı:
Bir çox hallarda insanların uğur qazanmaları, yaxud uğursuzluqlarla üzləşmələri onların daxili inam sistemi ilə bağlıdır. Özünə daim "Mən bacarmıram", "Alınmayacaq" kimi mesajlar göndərən bir insanın həyatda uğur qazanması çətin olur. Əksinə, özünü müsbət şəkildə ruhlandıran, qarşıya məqsəd qoyan və bu istiqamətdə özünə güvənən insan istədiyi nəticəyə daha çox yaxınlaşır.
Psixoloqlar sübut ediblər ki, inanılan fikir, təkrarlanan fikrə çevrilir, təkrarlanan fikir isə gerçəklikdə öz əksini tapmağa başlayır.
Nəticə:
Özünütəlqin sadəcə boş bir inam və ya xəyali motivasiya metodu deyil. Bu, insanın daxili dünyasını formalaşdıran, həyatına istiqamət verən və uğur yollarını açmağa imkan yaradan qüdrətli psixoloji alətdir.
Özünütəlqin sayəsində insan:
- öz emosiyalarını daha yaxşı anlayır və idarə edir;
- həyat məqsədlərini dəqiqləşdirir və onlara yaxınlaşır;
- daxili maneələri aşaraq daha balanslaşdırılmış və məqsədli bir həyata sahib olur;
Beləliklə, özünütəlqin etməyi bacaran insan, həyatının sükanını əlinə alan insandır.
Təkliflər və tövsiyələr:
- hər səhər və axşam özünüzə 3-5 dəqiqəlik müsbət ifadələr təlqin edin;
- güzgü qarşısında özünüzlə müsbət dialoqlar qurun;
- özünüzə yönəlik tənqidləri, mənfi aspektləri deyil, inkişaf yollarını düşünün;
- mənfi fikirlərinizi aşkarlayıb, onların yerinə müsbət təlqinlər yerləşdirin.
Silahlı Qüvvələrimizin, eləcə də Azərbaycan Ordusunun böyük əksəriyyətinin gənclər olduğunu nəzərə alsaq, şəxsi heyətdə istər nizam-intizam və qarşılıqlı münasibətlərin, istərsə də müxtəlif xidməti və döyüş tapşırıqlarının icrasına yönəldilmiş aşılaya biləcəyimiz müsbət özünütəlqinlərlə mütləq müvəffəqiyyəti zəmanət altına ala bilərik.
Növbəti yazılarımızda özünütəlqinin forma və metodları barədə geniş söhbət açacağıq.
                                                                                  (Ardı var)


Məqalənin hazırlanmasında psixologiyaya aid müxtəlif vəsaitlərdən istifadə olunmuşdur.

Fərhad MƏCİDLİ