Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2025 17:44

Şəhid zabit Elcan Balabəylinin xatirəsi yad edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətənpərvər övladlarımızın xatirəsinin yad edilməsi məqsədilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da silsilə tədbirlər keçirilir.
Silsilə tədbirlər çərçivəsində 2023-cü ilin antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan şəhid kapitan Balabəyli Elcan Vasif oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Naxçıvan şəhərində keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək İkinci Qarabağ müharibəsi və ondan sonrakı döyüş əməliyyatlarında, o cümlədən antiterror əməliyyatında qəhrəmanlıq nümunəsi göstərmiş oğullarımızdan biri olan kapitan Elcan Balabəylinin xatirəsinə həsr edilmiş tədbirin mahiyyətindən danışıb.
Şəhid ailələrinin nümayəndələri və digər qonaqlar qəhrəmanımızla bağlı xatirələrini bölüşüb, Vətənə belə igid, mərd, vətənpərvər övlad yetişdirən və bu yaxınlarda haqqın dərgahına qovuşmuş şəhidin atası Vasif bəyi dərin ehtiramla yad edib, şəhidin anası Səkinə xanıma və qardaşına başsağlığı veriblər.
Elcan Balabəylinin orta təhsil aldığı 15 nömrəli tam orta məktəbin şagirdləri şəhidimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər.
Sonda şəhidin qardaşı Elçin Balabəyli göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. 
Şəhidimizin məzarına gül dəstələri düzülüb, ehsan süfrəsi açılıb.
Qeyd edək ki, ali hərbi məktəbi "Hava Hücumundan Müdafiə" ixtisası üzrə başa vuraraq “leytenant” hərbi rütbəsi alan Elcan 2014-2015-ci illərdə indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan Ordusu sıralarında zabit kimi xidmətə başlayıb. 2017-ci ildə "baş leytenant", 2021-ci ildə isə "kapitan" hərbi rütbəsinə yüksəlib. Döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən fəxri fərmanlarla təltif olunub.
Elcan sağlığında "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin iştirakçısı olan Elcan sentyabrın 30-da Füzuli rayonu istiqamətində düşmən artilleriyasının atəşi nəticəsində qəlpə yarası alıb. Müalicəsi tamamlanmamış, həkimlərin təkidinə baxmayaraq, öz istəyi ilə yenidən döyüşlərə qayıdıb, Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçib. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Elcan, həmçinin Aprel döyüşləri və Qisas əməliyyatında da fəal iştirak edib.
Qəhrəmanımızın son döyüşü 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı olub. Elcan Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman şəhidimiz doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli sərəncamları ilə kapitan Balabəyli Elcan Vasif oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "İgidliyə görə" medalı ilə təltif olunub.

Bəxtiyar ƏLİYEV “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi