AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan və Türkiyədən olan şəhid ailələri və qazilərlə İğdırda görüş keçirilib
Sentyabrın 15-də Naxçıvandan bir qrup şəhid ailəsi və müharibə iştirakçısı Vətən müharibəsinin 5 illiyinə həsr olunan, Azərbaycan və Türkiyə arasında ortaq milli-mədəni dəyərlərin təbliği, şəhid ailələri və ictimaiyyət nümayəndələri arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən "Zəfər ruhunda birləşənlər" layihəsi çərçivəsində Türkiyə Respublikasının İğdır şəhərinə yola düşüb.
Sentyabrın 16-da İğdır Mədəniyyət və Turizm İdarəsinin binasında tədbir baş tutub. Görüşün təşkilinə "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyi, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İğdır Azərbaycan Evi, Türkiyə Müharibə Əlilləri, Qaziləri və Şəhidləri Cəmiyyəti dəstək verib.
Açılış mərasimində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma Dərnəyinin sədri Ziya Zakir Akar, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, Türkiyə Müharibə Qaziləri, Şəhid Dulları və Yetimlər Dərnəyinin İğdır şöbəsinin sədri Orxan Severli, İğdır Şəhid Ailələrinə Yardım və Həmrəylik Dərnəyinin sədri Ahmet Akdeniz, "Naxçıvan Qaziləri" İctimai Birliyinin üzvü Pərviz Muradov, İğdır Vali Köməkçisi Abdurrahman Çelebi çıxış ediblər.
Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasında Türkiyə Respublikasının Baş Konsulu Asip Kaya çıxışlarında Türkiyə və Azərbaycan xalqlarının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsindən, iki qardaş ölkə arasındakı dostluq və dəstək münasibətlərindən bəhs ediblər.
Çıxışların sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov tədbirlərin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, hər iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsi qürurvericidir. Şəhid ailələri və qazilərin qarşılıqlı əlaqədə olması, milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi önəm daşıyır. Deputat gələcəkdə də bu cür tədbirlərin keçiriləcəyinə ümidvar olduğunu bildirib və təşkilatçılara təşəkkürünü ifadə edib.
Tədbir zamanı 44 günlük Vətən müharibəsində şəhid olan İbrahim Vəlizadənin atası Səməd Vəlizadə "Şərq qapısı" qəzetinin kollektivi tərəfindən hazırlanmış "100 ilin qəhrəmanları" adlı kitabı İğdır Valisinin müavini Abdurrahman Çelebiyə hədiyyə edib.
Tədbir çərçivəsində Azərbaycan və Türkiyədən olan şəhid ailələrinin üzvləri, eləcə də qazilər İğdırın simvollarından biri olan muzeyi və 1915-2015-ci illərdə Şərqi Anadoluda erməni silahlı dəstələrinin cinayətlərinin qurbanı olmuş dinc sakinlərin xatirəsinə ucaldılmış beş qılınc formasındakı abidəni ziyarət ediblər.
Daha sonra tədbir iştirakçıları "Bir millət - iki dövlət" devizi altında şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.
Sonda xatirə fotosu çəkdirilib.
Səfərlə bağlı təəssürratlarını bölüşən "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin həmtəsisçisi, Ali Məclisin deputatı Üzeyir Məmmədov bildirib ki, layihə Türk dünyasında birgə fəaliyyətin təşviqi, humanitar və sosial dəstək mexanizmlərinin inkişafına xidmət edir. Ü.Məmmədov qeyd edib ki, belə tədbirlər Türk dünyası xalqları arasında ortaq dəyərlərin və birliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəxtiyar ƏLİYEV Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi