AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bəşəriyyət tarix boyu müharibələrin, qanlı qarşıdurmaların və faciələrin ağır nəticələri ilə üz-üzə qalıb. Bütün dünyanın arzuladığı ən böyük dəyər isə sülh olub. Sülh dövlətlərin sabitliyinin və cəmiyyətin inkişafının təməl daşıdır. Sülh təkcə müharibənin olması anlayışı ilə deyil, həm də ədalətin, düzgünlüyün, qarşılıqlı hörmətin, inamın hökm sürdüyü bir mühitdir. Müharibə yerlə-yeksan edir, cəmiyyətə ağır günlər yaşadır, sülh isə qurur, yaradır və insanlara ümid, sevinc, xoşbəxtlik gətirir. Buna görə də sülhü qorumaq, onun dəyərini bilmək və daha da möhkəmləndirmək bütün xalqlar üçün arzulanan niyyətdir.
Sülh insanların ortaq arzusudur. Bu arzunu bəşəriyyət gerçəkləşdirməlidir. Dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin, müharibələrin sonu sülhlə nəticələnib. Çünki sonda həmişə insanlıq qalib gəlib.
Beynəlxalq Sülh Günü 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib. Onun təsis edilməsində əsas məqsəd dövlətləri, xalqları və bütün bəşəriyyəti silahlı münaqişələrdən imtina etməyə, diplomatiya və dialoqun gücünü ön plana çəkməyə yönəltmək idi. Hər bir insan sülhün təmin olunmasında və davamlılığında üzərinə düşən məsuliyyəti qorumağa çalışmalıdır.
Beynəlxalq Sülh Günü BMT-nin Nyu-York şəhərindəki baş qərargahında yerləşən "Sülh Zəngi"nin çalınması ilə başlayıb. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun həmin "Sülh Zəngi"ni çalaraq bütün dünyanı döyüş əməliyyatlarını, ədavəti, qarşıdurmanı 24 saat müddətində dayandırmağa və bir dəqiqəlik sükuta səsləyib. O vaxtdan 21 sentyabr - Beynəlxalq Sülh Günü kimi qeyd edilir.
Müstəqil dövlətimiz bu hüququn aliliyini, regional əməkdaşlığı və davamlı sülhün vacibliyini dəstəkləyib. Beynəlxalq təşkilatlar Azərbaycanı sülhsevər ölkə kimi tanıyıb. Lakin Azərbaycanın suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü beynəlxalq hüququn tələblərinə zidd olaraq işğala məruz qalıb. Torpaqlarımızın işğaldan qeyd-şərtsiz azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş 4 qətnamə icra olunmadı. Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupu işğalçı Ermənistana heç bir təzyiq göstərmədi, əksinə Azərbaycan xalqını işğalla barışdırmağa çalışdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın əsas məqsədi regionda sabitliyin bərqərar olunması və xalqlar arasında normal münasibətlərin qurulmasıdır.
Dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyi, xalqımızın öz Prezidentinin ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun şücaəti sayəsində 2020-ci ildə 44 gündə torpaqlarımız işğaldan azad olundu.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli Bəyanat imzalandı. Bu bəyanat regionda sülhün bərqərar olunması üçün fundamental əsaslar yaratdı.
2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı mühüm tarixi hadisə baş verdi. Yüksək səviyyədə keçirilən üçtərəfli görüş dünya ictimaiyyətinin diqqət mərkəzində dayandı. Görüşün əsas məqsədi Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi, regionun sabitliyinin və inkişafının davamlılığına zəmin yaratmaq idi. Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra yaranmış yeni reallıqlar fonunda sülh sazişinin imzalanması üçün son mərhələlərin razılaşdırılması bu müharibəyə həm siyasi mərhələ, həm də dünyəvi münasibət oldu. ABŞ-ın vasitəçilik missiyası bu prosesə beynəlxalq legitimlik qazandırmaqla yanaşı, tərəflərin qarşılıqlı etimadının formalaşdırılmasında əhəmiyyətli stimul idi.
Görüş çərçivəsində tərəflər arasında siyasi dialoqun intensivləşdirilməsi, humanitar məsələlərin (əsir və girovların dəyişdirilməsi və s.) sürətləndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin bərpası da əsas müzakirə mövzularından oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu platformada ölkəmizin mövqeyini qətiyyətlə ifadə edərək, regionda uzunmüddətli və dayanıqlı sülhün, sabitliyin yalnız beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında təmin oluna biləcəyini vurğuladı.
ABŞ-da üçtərəfli Bəyannamə imzalandı. Bəyannamədə qeyd olunur ki, “biz və ABŞ-ın Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu konteksdə biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq”.
Vaşinqtonda imzalanmış Bəyannamə Azərbaycanın gələcəyi üçün əhəmiyyətli dönüş nöqtəsi hesab olunur. Bu sənəd Azərbaycanın siyasi, iqtisadi və hərbi üstünlüyünün rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır, bütövlükdə isə Cənubi Qafqaz regionu üçün yeni mərhələnin başlanğıcıdır. Bəyannamə təsdiqlədi ki, Azərbaycan sülhsevər ölkədir və sülh gündəliyinə sadiqdir. Bu Bəyannamə Azərbaycanın beynəlxalq arenada nüfuzunun artdığını və qlobal güclərin sülh təşəbbüsündə ölkəmizin rolunu yüksək qiymətləndirdiyini göstərir.
Güclü dövlət və qüdrətli ordu müstəqil siyasət üzərində qurulduqda davamlı ola bilər. Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər sülhün əsas təminatçısına çevrildi. Bu gün BMT-nin təsis etdiyi Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan xalqı qürurla deyə bilər ki, sülhün yolu yalnız ədalətin bərpasından keçir.
21 sentyabr - Beynəlxalq Sülh Günü insanlara sülhü qorumağı, onun dəyərini bilməyi xatırladır. Azərbaycan öz tarixi təcrübəsi ilə göstərir ki, ədalətli mövqedən çıxış edən, güclü dövlətə, Müzəffər Ali Baş Komandan və qüdrətli orduya malik olan xalq həqiqi sülhün qurucusuna çevrilə bilər.
Sülh - gələcəyə, inkişafa və xoşbəxtliyə nail olmaqda həm bir vasitə, həm də bəşəriyyəti bütün bəlalardan xilas edən amillərdəndir. Sülhü yaradaq, qoruyaq, möhkəmləndirək, dəyərini bilək və onu əbədi edək. Sülh bəşəriyyətin ən böyük Zəfəridir. Sülhümüzü sevək, Zəfərimizi qoruyaq!
Kifayət ƏLİYEVA "Azərbaycan Ordusu"