AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən bizim ürəyimizdə çəkilən ən təsirli, mənzərəsi ən gözəl rəsm əsəridir. Vətən bizim kimliyimizdir, ruhumuza hopan bir hissdir. Vətən ana torpaqdır. Bu torpaq uğrunda can da vermək, qan da tökmək hər birimizin mənəvi borcudur. Elə bu torpaq da birdən-birə Vətən olmadı. Şəhidlərimizin qanı ilə suvarılan bu torpaqlar bizə daha əziz, daha doğma oldu. Onlar canlarını Vətən uğrunda fəda etdilər, çünki bilirdilər ki, torpaq, uğrunda ölən varsa, Vətəndir!
Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayev də torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızdandır.
O, 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Prişib (indiki Göytəpə qəsəbəsində) anadan olub. 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin birinci sinfinə daxil olan Rəşad 2003-cü ilə qədər bu məktəbdə təhsil alıb. Hərbiyə uşaqlıqdan marağı olan Rəşad 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. Ali hərbi təhsil ocağını "Motoatıcı" ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra "N" hərbi hissəsində xidmətə başlayıb. Daha sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu uğurla keçərək xidmətini orduda xüsusi təyinatlı kimi davam etdirib.
2016-cı ilin Aprel döyüşlərində Rəşad Abdullayev "N" hərbi hissəsinin zabiti kimi iştirak edib. Düşmən təxribatlarının qarşısının alınması və strateji cəhətdən əlverişli mövqelərin azad olunması uğrunda gedən əməliyyatlarda xüsusi peşəkarlıq nümayiş etdirib. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Rəşad Abdullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Hərbi qulluqçumuz müxtəlif illərdə xarici ölkələrdə keçirilən kurs və təlimlərdə iştirak edib.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşad Abdullayev ölümsüzlüyü qazanan qəhrəman oğullarımızdandır. Ölkəmizin suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı yad etmək isə bizim mənəvi borcumuzdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Rəşad Abdullayev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu günlərdə Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin doğum günü münasibətilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində anım tədbiri keçirildi.
Tədbirdə şəhid zabitin ailə üzvləri, döyüş yoldaşları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət Himni səsləndirildi.
Mərasimdə qəhrəman zabitin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirildi.
Şəhidin ailə üzvləri çıxış edərək Rəşadla bağlı xatirələrini bölüşdülər.
Mərasimin bədii hissəsində şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, vətənpərvərliyi təbliğ edən musiqilər ifa olundu.
Tədbirdə, həmçinin yazıçı-jurnalist Ədalət Salmanın qəhrəman şəhidimizə həsr etdiyi "Murovun aslanı" kitabının təqdimatı da baş tutdu. Nəşrdə bir sıra vətənpərvərlik şeirləri yer alır, həmçinin Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin döyüş yolundan, igidlik nümunələrindən və silahdaşlarının xatirələrindən bəhs olunur.
Tədbirin sonunda şəhidimiz haqqında məqaləni daha geniş hazırlamaq məqsədilə onun ailəsinin fikirlərini də qələmə almaq qərarına gəldim.
İlk həmsöhbətim şəhidimizin anası Sevil Abdullayeva oldu. "Rəşad uşaq vaxtından igid idi, heç vaxt kimsədən qorxmazdı. Mənim oğlumun qəlbi mərhəmət hissi ilə dolu idi. Şəhid olmaq onun taleyinə yazılmışdı. Onun şəhidliyi mənim üçün həm dərd, həm də fəxrdir. Çünki Rəşad ailəmizin tək oğul övladı idi. O, babasından ilham alaraq hərbçi olmağı qərara almışdı. Hələ uşaq olanda babasının medallarını sinəsində daşıyar, şəkillər çəkdirərdi. Bir şüarı var idi - Vətəni hər zaman qoruyacam, qanım-canım bahasına olsa da, ona olan borcumu ödəyəcəyəm”.
Şəhidimizin atası Arif Abdullayev isə dedi ki, Rəşad uşaqla uşaq, böyüklə böyük kimi idi. "Uşaqdan böyüyə də hər kəs onu çox sevərdi. Rəşadın şəhid olacağı ağlımıza belə gəlməzdi. Amma Rəşadın onun şəhid olması xəbərini eşidəndə çox sarsıldıq. Günü bu gün də inana bilmirik...”
Növbəti həmsöhbətim Rəşad Abdullayevin ömür-gün yoldaşı Gülnar xanım dedi ki, şəhidimiz ailəsini çox sevirdi. "Uşaqlarımız ilə zaman keçirir, onların sağlam və Vətənə bağlı övladlar kimi böyüməsinə diqqət edərdi. O, həm gözəl ata, həm də qayğıkeş insan, yaxşı dost və gözəl həyat yoldaşı idi. Vətənə bağlılığı o qədər möhkəm idi ki, bunu ailəsinə, övladlarına da aşılayırdı. O, oğlumuza hərbiyə maraq yaradan oyuncaqlar alardı. Beləcə övladımızda uşaq yaşlarından hərbiyə maraq yarandı. Hər dəfə deyirdi ki, atam kimi qəhrəman olacağam. Oğlumuz babasının adını daşıyır. Babası Məmmədağa Abdullayev 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, yaralanıb. Onun adını yaşatmaq məqsədilə də Rəşad oğlumuza onun adını verib".
Rəşadın döyüşlərə yollanmasını xatırlayan Gülnar xanım qeyd etdi ki, o, övladlarımızı bağrına basıb vidalaşdı. "O an yaddaşımdan silinmir. Və qapıdan çıxarkən dedi ki, Gülnar, övladlarımı sənə əmanət edirəm. Onlara yaxşı bax. Onun xatirəsini yaşatmaq, övladlarımıza atalarının necə qəhrəman olduğunu anlatmaq ən böyük borcumdur".
"Rəşadın ən böyük arzusu ata-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz yurdlarına qayıtması idi. Bu gün xoşbəxtəm ki, Rəşad və onun kimi oğullarımızın sayəsində xalqımızın illərlə həsrətində olduğu Azərbaycanın göz bəbəyi olan Qarabağ azaddır", - deyə Gülnar Abdullayeva bildirdi.
Dövlətimizin şəhid ailələrinə və onların yaxınlarına göstərdiyi diqqətdən danışan qəhrəmanımızın ailə üzvləri dedilər ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən hər bir şəhidimizin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima qayğısı altındadır. "Biz də bir şəhid ailəsi olaraq bu diqqət və qayğını daim öz üzərimizdə hiss edirik".
Qəhrəman şəhidimiz Rəşad Abdullayevdən bizə əmanət qalan 2 övladı var... Uşaqları Rüqəyya və Məmmədağa ataları ilə qürur duyurlar. "Atamız həmişə bizə qorxmayın, mən buradayam deyərdi. Biz onu qəhrəman kimi xatırlayırıq və fəxr edirik. O, Vətənimizi işğaldan azad edənlərin sırasındadır, o, bizi görür, onun ruhu bizi qoruyur"...
Sonda "Murovun aslanı" kitabının müəllifi yazıçı, jurnalist Ədalət Salmanın fikirlərini də aldıq. "Rəşad Abdullayevin keçdiyi şərəfli döyüş yolu ilə tanış olduqdan sonra kitabı hazırlamağı qərara aldım. Rəşad barəsində poema yazanda çalışdım ki, onun timsalında Vətən müharibəsi tarixi ilə poetik bir dillə oxucuları tanış edim, oxucularda nəinki Rəşad, həm də bütün şəhidlərimiz barəsində fikir formalaşsın. Onlar vətənpərvərliyin nə demək olduğunu daha dərindən dərk edə bilsinlər.
Əks hücum əmri verdi, Ali Baş Komandanım,
Şığıdı düşmən üstə, neçə min qəhrəmanım.
Şəhidlərimizin göstərdikləri şücaətlər sayəsində onların şərəf yolu əbədi olaraq tariximizə həkk olundu. İndi onlar bir ailənin yox, bütöv bir xalqın övladları, Vətənin oğullarıdırlar. Onların sayəsində qazandığımız şanlı Zəfər neçə-neçə nəsillərə çatacaq, sədası min illərə söykənəcək. Hesab edirəm ki, Rəşad Abdullayev barəsində ərsəyə gətirdiyim bu kitab qısa müddətdə oxucu sevgisi qazanacaq, gələcək nəslə örnək ola biləcək", - deyə Ədalət Salman bildirdi.
Vətən uğrunda canını qurban verən, Vətənin harayına hay verən oğulların hər birinin keçmişində bir tarix, bir ömür, bir ailə, bir xatirə, bir də qürurla kədərin birləşdiyi hisslər dayanır. Vətənimizin suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz heç bir zaman unudulmamalıdır. Çünki onlar Azərbaycan xalqının bütövlüyü uğrunda son damla qanınadək döyüşərək Zəfər tariximiz öz qanları ilə yazıblar.
Şəlalə DÜNYAMALIYEVA "Azərbaycan Ordusu"