AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dövlətin, cəmiyyətin inkişafını müəyyən edən mühüm faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər fəaliyyətləri, irəli sürdükləri ideyalar və qəbul etdikləri qərarlarla xalqın və dövlətlərin tarixinə təsir göstərmək imkanına malik olurlar. Liderlik fenomeni tarix boyu dövləti, xalqı müəyyən amal uğrunda səfərbər edən, irəliyə doğru aparan qüvvə kimi çıxış edib. Belə şəxsiyyətlər öz əməlləri və ideyaları ilə xalqlarının tarixində o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur. Bu gün Azərbaycanın bir dövlət kimi mövcudluğu, stabil və dinamik inkişafı liderlik amili ilə birbaşa bağlıdır.
Tarix onu yaradanların tarixidir. Çünki tarixin dəyəri onu yaradan, tarixi prosesləri istiqamətləndirən, nəhayət tarixin gedişatını dəyişməyi bacaran böyük şəxsiyyətlərlə ölçülür. Heydər Əliyev məhz tarix yaradan fenomenal şəxsiyyət idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yazılmışdır.
Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız bu böyük şəxsiyyətin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb.
Müasir Azərbaycanın, o cümlədən qüdrətli Ordumuzun formalaşması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, hakimiyyətdə olduğu illərdə Ümummilli Lider Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Azərbaycanın tarixi ənənələrinin davam etdirilməsi, gənclərin vətənpərvər ruhda formalaşması, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun yaşadılması Ulu Öndərin hər zaman diqqət mərkəzində olub.
Ümummilli Lider Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə təyin olunması idi. Ulu Öndərin azərbaycanlı zabitlərin Sovet ordusunda hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi. Çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri ilə fərqlənən zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına yardımçı olur və müsahibələrində bunu özü də məmnunluqla xatırlayırdı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb fəaliyyət göstərirdi - Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu təhsil ocaqlarının hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın müxtəlif şəhərlərindən bu məktəblərə gəlirdilər.
Ulu Öndər, ilk növbədə, öz qətiyyətini ortaya qoyaraq Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrların gətirilməsinə nail oldu. Bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Sovet hakimiyyəti dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi isə Azərbaycanda internat məktəbinin bazasında C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması sayıla bilər. Bu məktəbin yaradılması Ümummilli Lider Heydər Əliyevin vaxt ötdükcə öz tarixi nailiyyətinin əhəmiyyətini daha da artıracaq böyük dühasının, öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrin mövcud olmasına baxmayaraq, milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Ümummilli Liderin mübarizliyinin, fədakarlığının təntənəsi idi. Bu məktəbin açılışına nail olmaq üçün Ulu Öndər Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə mübarizədən qalib çıxdı və bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.
Ümummilli Lider C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını belə xatırlayırdı: "Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük və onlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi…".
C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynadı. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. Onlar bu gün də Heydər Əliyevin yaratdığı məktəbin məzunları olmaqlarıyla qürur duyurlar.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində bir əsrdə öz müstəqilliyini ikinci dəfə bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızı işğal etdi. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar həyata keçirildi. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və Hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər ordumuza cəlb olundular. Silahlı Qüvvələrin qanunvericilik bazası yaradıldı.
Ulu Öndər birmənalı şəkildə bildirirdi ki, ordu Azərbaycanın müstəqilliyinin atributudur. 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin ildönümünə həsr olunmuş mərasimdə Ulu Öndər ordu barədə qeyd etmişdir: "Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir".
Ulu Öndər orduda kadrların düzgün seçilməsinə və ordunun təchizat baxımından daim təkmilləşməsinə diqqət yetirirdi. Hərbi hissələrə səfər edərkən əsgər və zabitlərin xidmət şəraiti, qayğıları ilə yaxından tanış olurdu. "N" hərbi hissəsində çıxışı zamanı çox dəyərli fikirlərini söyləmişdir: "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir".
Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım olmuşdur. Silahlı Qüvvələrin modernləşməsi proseslərində beynəlxalq təcrübəyə istinad edilməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Ordusu formalaşdırılmışdır. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açmışdır.
Böyük tarixi şəxsiyyətin daxili və xarici siyasəti Azərbaycanın dövlət müstəqilliyini qorumağın, dövlətçiliyin möhkəmləndirilməsinin, ölkəmizin dünya miqyasında nüfuzlu dövlətlər sırasında olmasının, azərbaycançılıq ideologiyasının qarantı idi. Ulu Öndər azərbaycançılığı şərtləndirən amillərin hər birinin yaşadılmasına, inkişafına, təbliğinə xüsusi diqqət yetirirdi...
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və əsası qoyulan ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu qüdrətli və rəşadətli ordulardan birinə çevrilmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və doğma Qarabağımıza qayıtmağımız ordumuzun misilsiz qəhrəmanlığından və güclü olmasından xəbər verir.
Heydər Əliyev irsi azərbaycançılıq ideologiyası kimi zaman-zaman öyrəniləcəkdir...
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"