Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2025 12:10

Polkovnik Kərim bəy Novruzov

Kərim bəy Mirzə Baba bəy oğlu Novruzov 1838-ci ildə Yelizavetpol (Gəncə) qəzasının Qovlar kəndində (indiki Tovuz rayonu Qovlar şəhəri) zadəgan ailəsində anadan olub. O, təhsilini Tiflis kadet korpusunda alıb. 1853-cü ilin fevralında Zaqafqaziya Süvari Müsəlman Alayında vəkil kimi hərbi xidmətə başlayıb. 3 iyun 1856-cı ildə xidmətdə fərqləndiyinə görə ona "praporşik" hərbi rütbəsi verilib.
1857-ci il mayın 20-də Zaqafqaziya Süvari Müsəlman Alayının ləğvi ilə əlaqədar ehtiyata buraxılan Kərim bəy Vətənə qayıdıb, 1858-ci ilin yanvarında yenidən xidmətə çağırılıb. 1859-cu il iyulun 11-də o, 18-ci Pereyaslav Draqun Alayına xidmətə göndərilib. 1861-ci il yanvarın 8-də ona "poruçik" rütbəsi verilib. 1858-1863-cü illərdə Qafqazda gedən hərbi əməliyyatlarda və yürüşlərdə iştirak edib. 1864-cü il iyulun 10-da "ştabs-kapitan" rütbəsi alıb. 1866-cı il martın 18-dən 1867-ci il avqustun 22-dək Qafqaz xəttindəki 5 nömrəli batalyona komandirlik edib. 13 may 1867-ci ildə "kapitan" rütbəsinə yüksəlib. 1867-ci ilin sentyabrında Əlahəzrət Virtenberq Kralının 16-cı Nijeqorod Draqun alayına köçürülüb. Xidmətdə fərqləndiyinə görə 22 iyul 1869-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1871-ci il aprelin 15-dən mayın 3-dək müvəqqəti olaraq alayın 1-ci eskadrilyasına komandirlik edib. 1872-ci il yanvarın 1-də 4-cü eskadrona təyin edilib, 1873-cü il iyunun 26-da eskadronun komandiri olub. 6 mart 1873-cü ildə ona "mayor" rütbəsi verilib.
1874-cü ildə xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib. 1877-ci ilin yanvarında Əlahəzrət Saksen-Altenburqun Sülalə Hersoqu ona Ernestin Hersoq Evinin 2-ci dərəcəli "Saksen-Altenburq" ordeni döş nişanını verib. 1877-ci il aprelin 10-da 3-cü və 4-cü eskadronların da daxil olduğu 2-ci diviziyanın komandiri təyin edilib. 31 iyul 1877-ci ildə 3-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub.
1877-ci ilin oktyabrında Rusiya-Osmanlı müharibəsi zamanı döyüşlərdə fərqləndiyinə görə üzərində "İgidliyə görə" yazısı olan qızıl qılıncla təltif edilib.
1877-ci il dekabrın 1-də Kərim bəy 1-ci diviziyanın komandiri, dekabrın 15-də isə alay məhkəməsinin sədri təyin edilib. 1878-ci ilin oktyabrında "podpolkovnik" rütbəsinə layiq görülüb. 1880-ci il yanvarın 23-də Kərim bəy Novruzov yenidən 1-ci diviziyanın komandiri təyin edilib. Həmin ilin avqust-sentyabr aylarında o, müvəqqəti olaraq alayın təsərrüfat işlərinə rəhbərlik edib. Zabit rütbəsində 25 il qüsursuz xidmət etdiyi üçün sentyabrın 22-də 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilib.
1883-cü ilin dekabrında Kərim bəy İrəvan quberniyasının Zemstvo qvardiyasının inspektoru vəzifəsinə təyin edilib. 1886-cı ilin mayında o, səhhətinə görə tərxis ərizəsi yazıb. Dekabrın 24-də İmperator Əlahəzrətin Ali Sərəncamı ilə "polkovnik" hərbi rütbəsi verilərək, hərbi geyim forması daşıma hüququ və tam maaşı həcmində təqaüdlə təmin olunmaqla ordudan tərxis olunub.
1914-cü ilin sentyabrında "Müqəddəs Georgi" ordeninin o zamanlar ən yaşlı kavaleri polkovnik Kərim bəy Novruzov Rusiya İmperatorunun saray rotasının (Rusiya imperatorları yanında fəxri keşikçi (qarovul) xidmətini aparan xüsusi hərbi hissə) komandiri təyin olunub.
Həmçinin o, xidməti müddətində 4-cü dərəcəli "Müqəddəs Georgi", 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, müxtəlif medal və qiymətli hədiyyələrlə təltif edilib.
Kərim bəy Novruzov Əlahəzrət İmperatorun şəxsi Konvoyunun Müsəlman Mühafizələri Dəstəsinin keçmiş komandiri (1850-1852-ci illərdə) olmuş podpolkovnik Mehdi bəy Vəzirovun qızı Xeyrənisə xanımla ailəli olub. Onların Mehri (1881-?) və Fatimə (1883-?) adlı qızları olub.
Kərim bəy Novruzovun vəfat tarixi dəqiq bilinməsə də, bəzi mənbələrdə 1920-ci ildən sonra (təqribən 1922-ci ildə) vəfat etdiyi qeyd olunub.

"Azərbaycan Ordusu"