AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19 və 20-də antiterror əməliyyatı həyata keçirdi. Bu əməliyyat İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin məntiqi davamı idi. Əməliyyat nəticəsində qondarma qurum tarix səhnəsindən tamamilə silindi, Xocalı, Əsgəran, Xocavənd, Xankəndi, Ağdərə Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin hissələrindən, silahlı dəstələrindən təmizləndi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu qələbəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 20-si "Dövlət Suverenliyi Günü" kimi təsis edildi.
Konstitusiya və Suverenlik ilində Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ikinci ildir ki, qeyd olunur. Bu yaşayış məntəqələrində işğaldan sonra Azərbaycan bayrağı 2023-cü il oktyabrın 15-də dalğalandırıldı. Dövlət bayrağımızı bu ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ucaltdı.
Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra “20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” təsis edildi. Bu tarix qürurla xatırlanan bir tarix kimi, Azərbaycan dövlətçiliyində mühüm yer tutur. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində bu şəhərlər də işğaldan azad edilmişdi...
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" yaradıldı. Bu ali təhsil ocağı da tarixi Zəfərin işığında fəaliyyət göstərir.
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bu da Qarabağ iqtisadi rayonunun dinamik inkişafında müəyyən sosial əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə səfəri də tarixləşdi.
Bu səfərlərin hər birində işğaldan azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işlərinin tərkib hissələri olan müxtəlif infrastrukturların təməlqoyma mərasimlərində və açılışlarında iştirak edib. Bu səfərlərin hər biri tarixdir - Qarabağda aparılan quruculuq işlərinin tarixi.
8 noyabr 2023-cü ildə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı demişdir: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.
Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.
Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri quruculuq işlərinin vüsətləndirməyə xidmət etməklə, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərə ehtiramın təzahürüdür...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı