AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər il olduğu kimi, bu ilin ikinci tədris dövrü də praktiki məşğələlərin icrası ilə yadda qaldı. Bütün qoşun növləri yeni dərs ilinə "Həyəcan"la başladılar. Manqa hazırlığı ilə başlayan məşğələlər tabor hazırlığı ilə yekunlaşdı. Təlimdə əsgərlərlə bərabər zabit, gizir, çavuş heyəti də iştirak edib. Komandirlərin şəxsi heyətlə birgə fəaliyyət göstərməsi təsadüfi deyil. Onlar hər zaman tabeliyində olanlara nümunə olmaqla bütün tapşırıqların icrasında öndə olublar. Bu da əsgərlərdə hərbi xidmətin nümunəvi yerinə yetirilməsində və verilən tapşırıqların icrasında ruh yüksəkliyinə səbəb olub.
Yeni tədris dövrünün ilk həftəsi hərbçilər arasında həm də "Həyəcan" həftəsi adlanır. Motoatıcı, tank, artilleriya, mühəndis, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində keçirilən praktiki məşqlər bir daha Azərbaycan Ordusunun döyüş və mənəvi hazırlığının yüksəldilməsinə xidmət etdiyi məlumdur. Bölmələr daimi yaşayış məntəqələrindən cəmləşmə rayonuna çıxmaq üçün bütün mərhələləri ardıcıllıqla yerinə yetirilməsinə çalışıblar.
Praktiki məşğələnin sonuncu günü bölmələr daimi dislokasiya yerindən "Həyəcan!" siqnalı ilə qalxaraq cəmləşmə rayonuna çıxdılar. Tapşırıq da elə cəmləşmə rayonuna qədər çıxmaq idi. Bölmələrin cəmləşmə rayonuna qədər icra edəcəyi tapşırıqlar da çoxdu. Hər bir tapşırığın yerinə yetirilməsi üçün vaxt nəzərdə tutulub.
Burada motoatıcı bölmələr, tank, artilleriya və başqa qoşun növləri üçün vaxt hesabı müxtəlifdir. Əsasən motoatıcı bölmələrin fəaliyyəti diqqəti cəlb edib. Belə ki, ilk olaraq "Həyəcan!" komandasından sonra növbətçi komandanı hərbi hissə növbətçisi ilə dəqiqləşdirir və vaxt itirmədən bölmə komandirinə çatdırır. Bütün hərəkətlər sürətlə icra olunaraq şəxsi heyəti məlumatlandırmaq üçün xüsusi siqnal işə salınır.
Ərazidə, yataqxanada, idman şəhərciyində və başqa yerlərdə məşğul olan əsgərlər "Həyəcan!" eşidir və dərhal yataqxanaya özlərini yetirirlər. Öncədən ayrılan qrup əsgər yataqxanasının pəncərələrini qara örtüklə bağlayır, yataq dəstlərini çarpayıların ayaq hissəsinə bükürlər. Növbətçi silah otağını açır və şəxsi heyətə ştat silahlarını xüsusi cədvəl əsasında verilməsini təmin edir. Əşya otağından şəxsi ləvazimatları: əşya torbalarını, dəbilqələrini, zirehli gödəkçələrini və istehkam bellərini götürüb sıraya tələsirlər.
Əsgərlər təlim məşğələsi zamanı bütün hərəkətləri ən qısa müddətdə yerinə yetirməyə çalışırlar. Bu da ondan irəli gəlir ki, hər bir tapşırığın icrası üçün vaxt ayrılıb. Bölmələr verilən vaxtda silah-sursat, əşya çantaları və qeyd olunan bütün ləvazimatlarla təyin olunmuş yerlərdə düzülürlər. Sonra cəmləşmə rayonuna getmək üçün ayrılmış avtomobillərə minmə qaydalarını da düzgün yerinə yetirilməsinə nəzarət edir. Hətta, şəxsi heyətlə dolu avtomobillərin kolonda cəmləşmə rayonuna çatmasına da vaxt təyin olunur. Sürücülər müəyyən edilmiş sürətlə kolondan kənara çıxmamaqla mənzil başına çatmağa tələsirlər.
Döyüş texnikalarının və digər qoşun növlərinin də heyətləri eyni qaydada şəxsi silahları və əşyaları götürərək parka tələsirlər. Onlar təhkim olunmuş döyüş texnikalarının və silahların yanında öz yerlərini tuturlar. Sürücü-mexaniklər həmən texnikaların mühərriklərini işə salır. Heyət üzvləri də texnikalarda öz yerlərini tutaraq parkdan çıxmaq barədə komanda gözləyirlər. Komanda alandan sonra saxlanclardakı döyüş texnikaları ardıcıllıqla parkı tərk edir. Onlar təyin edilmiş ara məsafəsini saxlamaqla cəmləşmə rayonuna tələsirlər.
Bölmələr praktiki məşğələni yerinə yetirərkən müəyyən edilən ardıcıllığı nəzərə alaraq tapşırıqların öhdəsindən peşəkarlıqla gələ bildilər. Bu cür məşqlərin müntəzəm keçirilməsi, onun ardıcıllığının tez-tez şəxsi heyətə çatdırılması bir daha onu göstərir ki, bölmələrin qarşıda duran istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olması təmin olunur.
Əməliyyat Komando birləşmələrinin gücləndirmə vasitələri ilə birlikdə dağlıq-meşəlik ərazilərdə hücumun keçirilməsi, taktiki hava desantı ilə qarşılıqlı əlaqədə birləşmə hədəfinin ələ keçirilməsi, gündüz və gecə hücum əməliyyatının aparılması, yaşayış məntəqələrinin düşməndən təmizlənməsi üzrə tapşırıqlar bir daha şəxsi heyətin döyüş vərdişlərinin artırılmasına xidmət edir.
Təlim yerində zabit Yaşar Səfərov davam edən taktiki-xüsusi təlimin mərhələlərini açıqlayır. Birinci mərhələdə döyüş həyəcanı ilə təlim rayonuna çıxarılmış bölmələr əməliyyata uyğun qərar qəbul etməklə fəaliyyətləri icra etdiyini söyləyir. Bölmələr cəmləşmə rayonuna irəliləməklə müdafiə olunan şərti düşmən üzərinə hücum etməklə müqavimət göstərən qüvvələri darmadağın edir, tabor hədəflərinin ələ keçirilməsi planlaşdırıldığı müəyyən edilir.
Diqqətçəkən məqamlardan biri də şərti düşmənin böyük qüvvələrlə əks hücumunun dəf edilməsi, geri çəkilərkən onun tamamilə məhv edilməsi üçün görüləcək tədbirlər, əlverişli hədəflərin tutulması, yaşayış məntəqələrinin düşməndən təmizlənməsi də təlimi həm maraqlı həm də effektiv edən elementlərdəndir.
Cəlb olunan bölmələr arasında tank və mexanikləşdirilmiş bölmələrin fəaliyyətləri, onların bacarıqla idarə etmə səriştələrini təkmilləşdirilməsi, boş atım və təqlid etmə vasitələrindən istifadə etmək, qarşıdakı hədəflərə atışların uğurla yerinə yetirilməsi mərhələsi də diqqət çəkən oldu.
Təlimin sonunda komandir və qərargahların fəaliyyətləri ayrı-ayrılıqda müsbət qiymətləndirilmişdi.
Sonda zabit Yaşar Səfərov qeyd etdi ki, hər tədris dövrünün sonuna yaxın bu kimi təlimlər plana uyğun keçirilir. Bölmələrin müntəzəm olaraq təlim mərkəzlərinə çıxarılması, onların çöl-səhra şəraitində bir neçə gün qalması, həmçinin cəlb olunan döyüşçülərə fərdi və qrup şəklində məhv ediləcək hədəflərin verilməsi gerçək döyüşü xatırladır. Praktiki olaraq əsgərlər tərəfindən hədəflərə real atəşlərin açılması onların döyüş hazırlığının artırılmasına xidmət edir. Bugünkü təlimin də mahiyyəti budur. Həm fərdi qaydada, həm də qrup halında məhv ediləcək hədəflər təlim iştirakçıları tərəfindən dəqiqliklə sıradan çıxarıldı. Bu da təlimin uğurla başa çatması deməkdir.
2020-ci ilin sentyabr ayının 27-də başlayan "əks-hücum" əməliyyatı 44 gün müddətində 30 ilə yaxın Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi ilə başa çatdı. Müharibə zamanı döyüşdə hər bir qazanılmış qələbənin təməlində hərbçilərin güclü hazırlığı dayanırdı. Tarixi Zəfərdən sonra da ordumuzun döyüş və mənəvi hazırlığının gücləndirilməsi daha da intensiv xarakter aldı. Günbəgün yenilənən təlim meydanları xalqımızın və dövlətimizin hər zaman təhdidlərdən qorunmasına etibarlı zəmin yaradır.
Müzəffər Azərbaycan Ordusu on illər ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqları azad etmək üçün təlimlərdə bu cür mətinləşdi. Bu gün isə ordumuzun qarşısında duran əsas vəzifə döyüş hazırlığını durmadan artırmaq və ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı təhdidin qarşısını uğurla almaqdır.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"