Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2025 12:09

Əsgərin sağlamlığı, ordunun gücüdür

Son illərdə Azərbaycan Respublikası səhiyyə sistemi öz inkişafında mühüm mərhələyə qədəm qoyub. Dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biri olan səhiyyə sahəsində həyata keçirilən islahatlar, qəbul olunan strateji qərarlar və görülən praktiki işlər xalqın sağlamlığının qorunmasına yönəlib.
Müasir səhiyyə siyasəti həm normativ-hüquqi, həm də infrastruktur baxımından yeni keyfiyyət mərhələsini təmin edib. Xüsusilə regionlarda inşa olunan və ən müasir tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalar, diaqnostika mərkəzləri, doğum evləri əhalinin yüksək səviyyədə tibbi xidmətlə təmin edilməsində mühüm rol oynayır.
Tibb sahəsində mütəxəssis hazırlığının gücləndirilməsi, kadrların beynəlxalq təcrübəyə əsaslanan proqramlarla təlimə cəlb edilməsi, əhalinin icbari tibbi sığorta sistemi çərçivəsində daha geniş tibbi xidmət alması səhiyyədə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.
Azərbaycan səhiyyəsində həyata keçirilən rəqəmsallaşma prosesləri də mühüm əhəmiyyət kəsb edir. Elektron səhiyyə sisteminin formalaşdırılması, xəstələrə aid məlumatların vahid bazada toplanması, onlayn xidmətlərin tətbiqi tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, şəffaflığı və operativliyi də təmin edir. Səhiyyə sektorunun inkişafı həm də sosial sabitliyin, vətəndaş məmnunluğunun və cəmiyyətin rifah halının yüksəlişinin göstəricisidir. Sağlam əhali güclü dövlətin dayağıdır. Bu səbəbdən səhiyyənin strateji inkişafı milli maraqların qorunması ilə birbaşa bağlıdır.
Son illərdə hərbi tibb sahəsində də mühüm nailiyyətlər əldə olunub. Dövlətin həyata keçirdiyi islahatlar və yaradılan yeni imkanlar sayəsində ordumuzun tibbi təminatı daha da güclənib. Müasir dünyada döyüş şəraitində hərbi tibb xidmətinin rolu yalnız yaralıların ilk tibbi yardım göstərilməsi ilə məhdudlaşmır, həm də onların vaxtında təxliyəsi, yüksək texnologiyalarla əməliyyatların həyata keçirilməsi və reabilitasiya işlərinin təşkili ilə birbaşa bağlıdır. Azərbaycan Ordusunda son illərdə açılan yeni hərbi hospitallar, müasir avadanlıqlarla təchiz edilmiş tibb mərkəzləri, həmçinin mobil hospital və səhra tibb məntəqələri hərbi qulluqçuların sağlamlığının etibarlı qorunmasına xidmət edir. Bu istiqamətdə kadr hazırlığına da xüsusi diqqət yetirilir. Hərbi tibb fakültəsində gənc həkim-zabitlər hazırlanır, onların beynəlxalq təcrübə qazanması üçün təlimlərdə, kurslarda təcrübə proqramlarında iştirakı təmin olunur.
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində minlərlə yaralıya vaxtında tibbi yardım göstərilməsi, cəbhə bölgəsində mobil hospitalların operativ fəaliyyəti və həkimlərin fədakarlığı sayəsində çoxlu sayda zabit və əsgərin həyatının xilas edilməsi bu sahənin peşəkarlığının nəticəsi idi.
Hərbi tibb sistemində innovativ texnologiyaların tətbiqi genişlənir. Tibbi avadanlıqların modernləşdirilməsi, reabilitasiya mərkəzlərinin genişləndirilməsi hərbi qulluqçuların sağlamlığının etibarlı qorunmasına imkan yaradır.
Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasında hərbi tibb sahəsi artıq yalnız dəstək xidməti deyil, həm də ordunun döyüş qabiliyyətini və şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığını təmin edən mühüm strateji sahələrdən birinə çevrilib.
Azərbaycan Ordusunun gücü yalnız döyüşlərdə deyil, həm də əsgərin sağlamlığının keşiyində dayanan hərbi tibb xidməti ilə ölçülür. "N" hərbi hissəsində gənc tibb xidməti leytenantı Rəhim Məmmədli, 2025-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini, "Müalicə işi" ixtisası üzrə bitirib. Gənc zabitin sözlərinə görə, həkimlik onun üçün yalnız peşə yox, həm də müqəddəs bir missiyadır.
Leytenant Rəhim Məmmədlinin ailəsində də həkimlər var - dayıları tibbin müxtəlif sahələrində fəaliyyət göstərirlər. Bu ənənə və ailə mühitindəki dəstək onun hərbi həkimlik yolunu seçməsində mühüm rol oynayıb.
- Cənab leytenant, hərbi həkimlik yolunu seçməyinizin əsas səbəbi nə olub?
- Uşaqlıqdan həkim olmaq arzusu ilə böyümüşəm. Ailəmizin bir çox üzvləri də həkimdirlər. Mən bu yolu hərbi sahədə davam etdirmək qərarına gəldim. Çünki əsgərin sağlamlığının qorunması, onun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması Vətənin müdafiəsi qədər vacibdir.
- Universitet illəriniz və bugünkü xidmətiniz arasında hansı bağlılığı görürsünüz?
- Universitetdə öyrəndiyimiz nəzəri bilikləri bu gün praktikada tətbiq edirik. Hərbi hissədə mən yalnız xəstəliyin müalicəsi ilə deyil, həm də profilaktika ilə məşğulam. Əsgərlərin sağlam həyat tərzinə əməl etməsi, zədələnmələrin qarşısının alınması bizim əsas işimizdir.
- Hərbi həkim olmaq məsuliyyət tələb edir. Bu çətinliklər sizi qorxutmur ki?
- Əksinə, bu məsuliyyət mənim üçün bir şərəfdir. Çünki hər bir əsgər bizə canını, sağlamlığını etibar edir. Mən bu etimadı doğrultmaq üçün bütün gücümü sərf edirəm.
Əsgər Əli Sərdarov Sumqayıt şəhərindən çağırılıb, 10 aydır  Vətənə  şərəflə xidmət edir. O, hərbi xidmətin onun həyatında böyük bir məktəb olduğunu vurğuladı,  bildirdi ki, burada yalnız fiziki bacarıqlarını yox, həm də mənəvi keyfiyyətlərini inkişaf etdirirlər: "Hərbi xidmət mənim üçün həm də həyat dərsidir. Burada nizam-intizamın əhəmiyyətini, dostluğun və həmrəyliyin gücünü daha yaxşı başa düşürəm. Ən əsası isə Vətən sevgisinin nə qədər dərin və müqəddəs bir hiss olduğunu hiss edirəm. Hər bir əmrin yerinə yetirilməsi, hər bir tapşırığın icrası mənə ölkəmə, xalqıma olan məsuliyyətimi xatırladır. Bu müddət ərzində qazandığım təcrübələr və dostluqlar gələcək həyatım üçün əvəzsiz sərvət olacaq".
Azərbaycanın hərbi tibb sahəsində əldə etdiyi uğurlar, gənc həkim-zabitlərin fədakarlığı və əsgərlərin Vətənə bağlılığı göstərir ki, ordumuz yalnız silah və texnika ilə deyil, həm də yüksək peşəkarlığı və sağlam dayağı ilə güclüdür. 
Bu gün hər bir əsgər, hər bir tibb işçisi ölkəmizin gücünün və əmin-amanlığının təminatçısıdır. Onların zəhməti, fədakarlığı və peşəkarlığı sayəsində Azərbaycan Ordusu yalnız döyüş meydanında deyil, həm də hərbi qulluqçuların sağlamlığının keşiyində dayanan etibarlı bir qüvvəyə çevrilib.  Hərbi tibb və xidmət sahəsində qazandığımız nailiyyətlər, dövlətimizin və xalqımızın rifahı üçün atılmış möhkəm və etibarlı addımlar kimi tarixdə öz izini qoyur.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"