Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2025 12:09

Hərbi intizamın “güzgü”sü

Səhərin sakitliyini pozan gur addım səsləri "N" hərbi hissəsinin təlim meydanında sanki bir ritm kimi səslənirdi. Qətiyyətli baxışlar, sinxron hərəkətlər, səsli əmr və ardınca səslənən nizamlı "bir, iki" çağırışları - bütün bunlar əsgərlərin hərbi intizamı mənimsəməsinin canlı təsdiqi idi. Sıra hazırlığı məşğələsi gənc əsgərlər üçün sadəcə bir hərbi təlim deyil, Vətənə xidmət yolunda ilk addımlardan biri sayılır. Onların düzülüşdəki möhkəm duruşu, addımların ardıcıllığı, əllərin və ayaqların hərəkətindəki ahəngdarlıq qəlbimizə qürur bəxş edirdi. 
Məşğələ başa çatdıqdan sonra məşğələ rəhbəri, leytenant Rövşən Alməmmədov öyrədilənlərin mahiyyətini belə izah etdi: "Əsgərlərin hər birinə diqqətlə yanaşılır. Xidmətə başlayan gənclərin hərbi nizamnamələri mənimsəməsi əsas şərtdir. Bu sırada Sıra Nizamnaməsinin rolu xüsusilə vacibdir. Biz əsgərlərə həm nəzəri biliklər veririk, həm də praktiki məşğələlər keçiririk. Çünki sıra hazırlığı ordunun intizamını göstərən ən önəmli meyarlardan biridir. Doğrudur, gənc əsgərlər ilk günlərdə hərəkətləri dəqiq icra etməkdə çətinlik çəkirlər. Amma məqsədimiz onların tapşırıqları qüsursuz yerinə yetirməsinə nail olmaqdır. Sıra hazırlığı üzrə bacarığı möhkəm olan əsgər, şübhəsiz ki, intizamlı və qaydalara sadiq hərbçi olur", - deyə o bildirdi.
Məşğələ rəhbəri ilə söhbətimizi tamamladıqdan sonra məşğələdə iştirak edən gənc əsgərlərlə də həmsöhbət olduq. Onların hər biri sıra hazırlığının əhəmiyyətini fərqli şəkildə izah etdi.
Əsgər Elvin Qənbərli fikirlərini belə bölüşdü: "Sıra hazırlığı ilk baxışda sadə görünür. Amma burada əsas məsələ vaxtında əmri eşidib düzgün icra etməkdir. Addım səsi təkcə səs deyil, hər bir əsgərin intizamının göstəricisidir. Bizim üçün bu, həm də kollektiv olaraq birləşmək deməkdir".
Əsgər Rauf Əliyev sıra hərəkətlərindəki sinxronluğun vacibliyinə diqqət çəkdi: "Burada hər kəsin addımı bir-birinə uyğun olmalıdır. Əgər bir nəfər səhv edərsə, bütöv düzülüşün ahəngi pozular. Ona görə də hər bir əsgər öz məsuliyyətini hiss etməlidir. Sıra hazırlığı bizi gündəlik xidmətə daha ciddi yanaşmağa sövq edir".
Əsgər Polad Quluzadə isə məşğələlərin tərbiyəvi tərəfini vurğuladı: "Mən burada öyrəndim ki, hərbi xidmət sadəcə silahı düzgün işlətməkdən ibarət deyil. Sıra hazırlığı əsgərin diqqətini, intizamını, məsuliyyətini formalaşdırır. Biz bir-birimizin hərəkətinə uyğunlaşmağı, birlikdə addımlamağı öyrənirik. Bu isə döyüş meydanında vacib amillərdəndir".
Əsgər Səbuhi Zərbəli isə sıra hazırlığının mənəvi tərəflərinə toxundu: "Addım səslərimizi eşidəndə sanki ürəyimdə qürur hissi yaranır. Mən Vətənə xidmət edirəm və bu xidmətin intizamla başlaması mənə güc verir. Sıra hazırlığı məni daha inamlı edir".
Sıra hazırlığı sadəcə bir addımın düzgün atılması, bir əlin nizami hərəkəti deyil - bu, intizamın, vəhdətin, Vətənə sədaqətin başlanğıcıdır. Hər bir gənc əsgərin meydanda atdığı addım əslində Azərbaycan Ordusunun gücünün, xalqın iradəsinin sədasıdır. Bu səs illərlə davam edən mübarizənin, torpaqlarımızı qorumaq əzminin təntənəsidir.
Meydanda yan-yana, çiyin-çiyinə addımlayan əsgərlər bir amal uğrunda birləşən bütöv xalqın rəmzinə çevrilirlər. Onların səsi sadəcə təlim meydanında deyil, hər bir azərbaycanlının qəlbində əks-səda doğurur. Çünki Vətənə xidmətin əsas dayağı məhz intizamdan, qaydalara hörmətdən, verilən əmri qüsursuz icra etməkdən başlayır.
Bu gün sıra addımı ilə başlayan yol sabah döyüş meydanında qələbə marşına çevrilir. O addımlar ki, nizamlıdır, qətiyyətlidir, həm də xalqın gücünə söykənir - həmin addımlar heç vaxt geri çəkilməz, yalnız irəliyə, yalnız zəfərə aparar.
Azərbaycan əsgərinin addım səsi isə hər zaman bir həqiqəti təsdiqləyir: ordumuz intizamlıdır, əsgərlərimiz qətiyyətlidir, Vətənimizin gələcəyi isə əmin əllərdədir.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"