Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2025 12:09

Təlim peşəkarlığı yüksəldir...

2021-ci ilin payızında dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə döyüş növbətçiliyi aparan əsgərlərlə söhbətləşəndə qətiyyətlə əmin olmuşdum ki, hərbi xidmət dövründə Azərbaycan əsgəri üçün bircə fəsil olur - Vətənə xidmət fəsli. Qışın sazağı-şaxtası, yayın istisi-bürküsü Azərbaycan əsgərinin ruhuna - Vətən sevgisinə yaxın düşə bilmir. Bu ilin yayı sərt keçir; bu sərtliyi həzinliklə əsən ufacıq meh bircə duyum qədərincə yumşaltsa da, bürkü bürkülüyündədi, istilər istiliyində, Azərbaycan əsgəri - Vətənə sədaqətlə xidmətində...
Hərbi hissədə artilleriyaçıların təlimidi. Hər təlimin mahiyyətində pedaqoji proses dayanır - təlim də öyrədir, öyrədilmişləri cilalayır, yeni vərdişlər aşılayır, mənimsənilmişləri təkmilləşdirir. Bu təlim də topun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsində əhəmiyyətli olacaq.
Tarixi Zəfərdən sonra dislokasiya yeri azad olunmuş rayonlarımızdan birində olan hərbi hissədə ezamiyyətdə olanda mayor Faiq Mehdiyev demişdi ki, hər təlim müəyyən mənada təkrardı, təkmilləşdirmədi, nəticə etibarilə döyüş hazırlığının yüksəlişidi. Topun şəxsi heyəti hər təlimdə gerçək döyüş şəraitində olduğu kimi iştirak edir. Bu baxımdan təlim həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığında vasitə olur. Mayor Faiq Mehdiyevdən eşitdiklərimi bir qədər fərqli formatda leytenant Sənan Teymurovdan eşidirik...
Fikrini bir atalar sözü ilə tamamlamışdı: "Dama-dama göl olar". Azərbaycan əsgərinin mənəvi dünyasını nəhrləşdirən, dəryalaşdıran təlim onda bizim də mənəvi dünyamızın işığına dönmüşdü. Bugünkü təlimi “N” hərbi hissəsində Zəfərdən sonra gördüyüm ilk təlimdə könlümə köçürdüyüm duyğuların işığında izləyirəm; bugünkü təlimdə də işğaldan azad olunmuş ərazilərimizdə (və sonralar digər ərazilərimizdə!) gözlərimə, gözlərimdən könlümə köçürdüyüm təlimlərin hərbi (və mənəvi!) eyniliyini görürəm...
Top komandiri çavuş Cəsur Cəsarətov İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Asudə vaxtlarda da, təlimlərdən sonra da əsgərlər müharibə təəssüratlarından danışırlar. Bu söhbətlər təlimin mənəvi davamına dönür, onların artilleriyaya marağının sevgiyə çevrilməsində vəsilə olur; artilleriyaya sevgi orduya sevgi kimi yaşadılır, orduya sevgi Vətənə sevgidi. Bugünkü təlimi də Vətənə sevginin zərrəsi bilirik, əsgərlər də, biz də...
Təlim təlimatla başlayır. Təlimin təliməqədərki mərhələsində təlimat top heyətinin yerinə yetirməli olduğu təmrinləri (vərdişləri) ayrılıqda və vəhdətdə xatırlatmadır: bugünkü təlimdə topun şəxsi heyəti atəş mövqeyinin necə tutulmasını, komandirin müvafiq əmri ilə necə tərk edilməsini, nişangahın qurulmasını, normativlərin yerinə yetirilməsini təkrarlayacaq. Şagird dərsi yaxşı bilirsə, cavab verməyə can atır. İdmançı qələbəsinə əmindirsə, görüşün (yarışın) tez başlamasını arzulayır. Hiss edirəm ki, əsgərlər əmrin veriləcəyi anın intizarındadır. Komandir əmr vermir, İkinci Qarabağ müharibəsindən, müharibədə bu topun iştirakından, artilleriyaçıların döyüş əmrlərini necə cəsarətlə, sədaqətlə, məsuliyyətlə yerinə yetirmələrindən söz açır. Bu, təlimin mənəvi başlanğıcıdır. Hər təlimdə olduğu kimi, bu təlimdə də maraq istəyə, istək təşnəliyə çevrilməkdədi. Həzin-həzin meh əsir. Komandir bu həzin həzinlikdə yerinə yetirilməli təmrinləri (təcrübi vərdişləri) ardıcıllıqla bir daha xatırladır. Əsgərlərin baxışları aramla, kirpik-kirpik topa yönəlir. Bir azdan şəxsi heyət əmrin icrasına başlayacaq. Hansı duyğuların cazibəsiyləsə İkinci Qarabağ müharibəsində artilleriyaçılarımızın döyüşlərini xatırlayıram. Mənə elə gəlir ki, hər biri Topçu Vüsaldı - cəsarətli, dönməz, istəkli, məsuliyyətli. Fikrimi kapitan Məmmədağa Cahangirov da bəyənir:
- Divizionun şəxsi heyəti yüksək döyüş hazırlığına malikdir. Hər birinin özünün yerinə yetirməli vəzifə borcu olsa da, digər hərbi ixtisasları da mənimsəyiblər. Bu, marağın nəticəsidir. Tuşlayıcı həm də atıcıdır formatında. Yəni, əsgər təkcə özünün deyil, digərlərinin də hərbi vəzifələrini mənimsəyib.
Əsgərlər mövzunun müvafiq təmrinlərini tələsmədən (və ləngimədən) yerinə yetirirlər. Cəldlik səlislikdi, səlislik dəqiqlik, dəqiqlik təlimin nəticəsidir. Kapitan Məmmədağa Cahangirov top komandiri çavuş Cəsur Cəsarətov da, leytenant Sənan Teymurov da təlimin gedişindən də, təmrinlərin nəzəriyyəyə uyğunluğundan da, təlimatda nəzərdə tutulan müddətdən tez yerinə yetirilməsindən də razı qalıblar. Əsgərlər məmnunluqla top komandirinə baxırlar. Bu baxışlarda məsuliyyət var, hərbi xidmətə, hərbi ixtisasa sevgi var. 
Dərslər, bu anlamda təlimlər biri digərinin məntiqi davamı olur. Bütün təlimlər yüksək səviyyədə yerinə yetirilməsə, şəxsi heyət mükəmməl artilleriyaçı ola bilməz. İkinci Qarabağ müharibəsindən əvvəl də belə olub, indi də belədir.
Leytenant Sənan Teymurov bildirir ki, bu heyət hərbi hissə daxilində keçirilən bütün təlimlərdə həmişə fərqlənir.
Əsgər Eltac Abdullayev tuşlayıcıdır. Hərbi xidmətinin ilk günlərini təkcə özünə deyil, bizə də maraqlı ovqatla xatırlayır:
- Etiraf edirəm ki, o günə kimi hansı hərbi ixtisas üzrə xidmət edəcəyim haqda düşünməmişdim. Artilleriyaçı olacağımı eşidəndə ilk olaraq İkinci Qarabağ müharibəsində hamının gördüyü, tanıdığı, sevdiyi Topçu Vüsalı xatırladım. Orta məktəbdə oxuyanda Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski kimi artilleriyaçı hərbçilərimizin mənəvi davamçıları sırasında olacağıma çox sevindim. İlkin hərbi bilikləri öyrənmişdik, hərbi hissədə müəyyən ardıcıllıqla keçirilən təlimlərin də iştirakçısı olmuşduq. Ancaq artilleriyaçı kimi bu hərbi hissədə formalaşdıq. Qoşunlarda xidmətə başlayanda təcrübəli əsgər  yoldaşlarımızın, top komandirinin, eləcə də batareya komandirinin tövsiyələri bizim artilleriyaçı kimi yüksək döyüş hazırlığımızı təmin etdi. Bu hazırlığı təlimdən təlimə təkmilləşdiririk.
Təlim başa çatır. Topun şəxsi heyəti ilə söhbətləşməyə imkan yaranır. Nəsə soruşmaq istəyirəm. Nə soruşum? Məni bu "nəsə"lərin sıxıntısından hərbi xidmətə Naxçıvanın Şərur rayonundan çağırılmış əsgər Məhərrəm Babayev xilas edir. Söhbətə məntiqi başlanğıc kimi deyir ki, artilleriya ixtisası olduqca vacib ixtisasdır, biz bu ixtisas üzrə xidmətimizdən qürurlanırıq. “Bir dəfə əsgər yoldaşlarımdan biri soruşdu ki, səndə bu ixtisasa sevgi haradan yaranıb. Bir anlığa duruxdum. İkinci Qarabağ müharibəsində artilleriyaçılarımızın döyüşlərini xatırladım. Xatırladım ki, artilleriyaçılarımız düşmənlə məsafədən döyüşürdü, üzünü görmədikləri düşmənin komanda məntəqələrini, qərargahlarını, maşın karvanlarını, döyüşə hazırlaşan canlı qüvvəsini, müdafiə mövqelərini ... məhv edirdilər. Onların döyüş hazırlığına mən də həsəd aparırdım. Ancaq xəyalıma da gəlməzdi ki, nə vaxtsa mən də onlar kimi verilən koordinatların dəqiqliklə vurulmasını mükəmməl mənimsəyəcəm”.
Əsgər Roman Zurqari əsgər yoldaşının fikirlərinə söykək kimi deyir ki, mühüm olan hansı ixtisas üzrə xidmət deyil, hərbi xidmətdi. Biz Hərbi Andımıza, dövlətçiliyə, dövlətə sədaqətlə xidmət edirik, rabitəçi də olsaq belə xidmət edəcəkdik, dənizçi də. Yaxşı ki, artilleriyaçı olmuşuq. Bu, tamam başqa sevincdi...
Kapitan Məmmədağa Cahangirov İkinci Qarabağ müharibəsi ilə ordu quruculuğunun tarixi Zəfərdən sonrakı mərhələsi arasında bir sələf-xələf münasibəti yaradır:
- İkinci Qarabağ müharibəsində artilleriyaçılarımız bütün döyüşlərdə döyüşən ordu hissələrimizə atəş dəstəyi verirdi. Vaxtında verilən belə dəstək, mövqe qələbələrinin qazanılmasında əhəmiyyətli olurdu. Siz onların davamçılarısınız...
Təlim başa çatır.
Topun şəxsi heyəti atəş mövqeyinin tutulmasını, nişangahın qurulmasını, normativlərin yerinə yetirilməsini, komandirin əmri ilə mövqenin necə tərk edilməsini təkrarlayıb. Təkrarın rəvanlığı mövzuya tam bələdliyin nəticəsidi. Heyət tapşırığı mükəmməl yerinə yetirib.
Əsgər Rüstəm Hidayətzadə sözarası deyir ki, düşmənlə üzbəüz atışmağa nə var, görürsən, atırsan, mövqeni dəyişə-dəyişə döyüşürsən. Neçə kilometrlərlə uzaqda olan, gözlə görünməyən düşməni məhv etmək hünər işidi. Əsgər yoldaşlarını göstərir: Qürurlanıram ki, mən belə hünərvərlərin sırasındayam.
Əsgərin sevinci duyulan sevincdi, könülə yatımlı sevincdi...
Həzin-həzin əsən meh istini-bürkünü bir qədər yumşaldıb. Günəş qüruba meyillənib. Topun şəxsi heyəti top komandirinin tapşırığı ilə təlimi bir də təkrarlayacaq. Mükəmməllik ordu quruculuğunun tarixi Zəfərdən sonrakı mərhələsinin tələbidi, bitkin, elmi və təcrübi əsaslarla aparılan təkrarın məntiqi nəticəsidi, döyüş hazırlığı prosesinin qələbəsidi...
Təlim peşəkarların döyüş hazırlığını daha da yüksəldir...
 
Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"